“Heydər Əliyevin vətənpərvər Azərbaycan gəncliyinin formalaşmasında rolu” FOTOLAR

Bu gün Lerik rayon Heydər Əliyev Mərkəzində Səfərbərlik və Hərbi xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsinin təşkilatçılığı ilə “Heydər Əliyevin Vətənpərvər Azərbaycan Gəncliyinin formalaşmasında rolu” mövzusunda tədbir keçirilib.Tədbirdə Lerik rayon İcra Hakimiyyətinin başçısının müavini Arzu Vəlimmədova, YAP Lerik rayon təşkilatının sədri Malik Mirzəyev, Səfərbərlik və Hərbi xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsinin rəisi polkovnik Arif Həsənov, Lerik Rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Orxan Abbasov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Lerik rayon filialının sədri Veysəl Məlikov, Lerik Rayon Heydər Əliyev Mərkəzinin direktoru Hüsaməddin Abbasov və Lerik rayon gəncləri iştirak ediblər.

İlk öncə ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin, Ulu Öndər Heydər Əliyevin, eləcə də Azərbaycanın İrandakı Səfirliyinə terror hücumunda şəhid olan Orxan Əsgərovun xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Əvvəlcə çıxış edən Səfərbərlik və Hərbi xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsinin rəisi polkovnik Arif Həsənov Azərbaycanın dövlət quruculuğu sahəsində gənclərin müstəsna rolunu və 2 fevral 1996-cı il tarixdə müstəqil Azərbaycan Respublikası gənclərinin birinci forumunun keçirildiyini nəzərə alaraq xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən 1 fevral 1997-ci il tarixdə “2 fevral – Azərbaycan Gəncləri Günü elan edilməsi haqqında” Sərəncam imzalandığını qeyd edərək, onun qüvvəyə mindiyi gündən hər il olduğu kimi bu gün də gənclər gününün böyük coşqu ilə qeyd edildiyini bildirib. Polkovnik Arif Həsənov qeyd etdi ki Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların rəşadəti sayəsində əldə olunan bu şanlı Zəfər ilə Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu.

Çıxış edən YAP Lerik rayon təşkilatının sədri Malik Mirzəyev vurğuladı ki, Azərbaycanda həyata keçirilən gənclər siyasəti gənc nəslin hərtəfli inkişafı üçün şərait yaratmaqla yanaşı, onları vətənpərvər ruhda formalaşdırıb. Azərbaycan gəncləri üçün ən həlledici sınaqlardan biri 2020-ci ilin sentyabrın 27-də başlayan və noyabrın 10-dək davam edən Vətən müharibəsi olub. Gənclərin hər bir dövlətin gələcəyini, inkişafını istiqamətləndirən sivil cəmiyyətin aparıcı qüvvəsi olduğunu bildirən Malik Mirzəyev, Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, Ümummilli Liderimizin siyasi kursunun ən layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən gənclər siyasətinin mühüm rolu olduğunu, eyni zamanda dövlətimizin başçısının bu gün bütün sahələrdə olduğu kimi, gənclər siyasətinin uğurla davam etdirilməsinə xüsusi diqqət göstərdiyini, dövlətin gənclər siyasətinin onun rəhbərliyi ilə yeni mərhələdə daha da inkşaf etdiyini diqqətə çatdırıb.

Daha sonra çıxış edən, Lerik rayon İcra Hakimiyyətinin başçısının müavini Arzu Vəlimmədova bildirdi ki, 2 fevral – Azərbaycan Gəncləri Günü gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən, bu siyasəti müasir müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan gəncliyinin gələcəyə daha böyük inamla baxmağa əsas verdiyini, həmçinin ölkə rəhbərinin bütün sahələrdə həyata keçirdiyi uğurlu və məqsədyönlü siyasət nəticəsində Azərbaycan gəncliyinin xoşbəxt və firavan gələcəyə doğru qürurla addımladığını ifadə edib.

Tədbirdə Lerik rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Orxan Abbasov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Lerik rayon filialının sədri Veysəl Məlikov, Lerik rayon Heydər Əliyev Mərkəzinin direktoru Hüsaməddin Abbasov ,gənc fəal Əlizamin Rzayev çıxışlarında Azərbaycan Prezidenti İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan bəhs ediblər. Gənclər Prezident İlham Əliyev ətrafında sıx birləşdiklərini, ölkədə həyata keçirilən daxili və xarici siyasəti birmənalı şəkildə dəstəklədiklərini diqqətə çatdırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə