Azərbaycan-Macarıstan strateji tərəfdaşlığı yeni mərhələdə ŞƏRH

Azərbaycanın regionda lider, dünyada söz sahibi bir dövlətə çevrildiyini bu gün qürur hissi ilə söyləyə bilirik. Postmünaqişə dövründə Müzəffər Ali Baş Komandanımız İlham Əliyev cənablarının sarsılmaz iradəsi, uzaqgörən daxili və xarici siyasəti sayəsində işğaldan azad olunmuş torpaqlarımızda quruculuq işlərinin aparılmasından əlavə regionda artıq dünya dövlətlərinin də qəbul etdiyi yeni reallığın fonunda həm yaxın qonşularla, həm də dünyanın bir çox ölkələri ilə qarşılıqlı maraqlar əsasında qurulmuş ikitərəfli əməkdaşlıqların yaradılması Azərbaycan üçün prioritet təşkil edir. Eyni zamanda dünyanın hələ sönməmiş müharibə ocaqlarının mövcudluğu şəraitində, xüsusən, Avropa ölkələrinin Azərbaycanla enerji təhlükəsizlikləri, logistika, yükdaşımaların təşkili və s. baxımından strateji tərəfdaşlıqlarının qurulması bu dövlətlər üçün də prioritet təşkil edir.

Bu nöqteyi nəzərdən Prezident İlham Əliyevin Macarıstana rəsmi səfəri zamanı Azərbaycan ilə Macarıstanın rəhbərləri arasında keçirilən görüşlər müstəsna əhəmiyyətə malikdir. Keçirilən görüşlərdə, imzalanan sənədlərdə, strateji tərəfdaşlığın dərinləşməsinə dair Birgə Bəyannamədə, Azərbaycanla Macarıstanın bir-birinə daha da yaxınlaşdırılması, əməkdaşlığın dərinləşdirilməsi və hər iki ölkənin mövqeyinə uyğun səviyyəyə gətirilməsi kimi strateji məsələlərə dair aparılan müzakirələrdə strateji tərəfdaşlığın növbəti səviyyəyə qaldırılması və genişləndirilməsi ön plana çəkildi.

Məlum olduğu kimi, müharibədən keçən iki il ərzində 300-ə yaxın Azərbaycan vətəndaşı işğaldan azad olunmuş torpaqlarımıza ermənilər tərəfindən döşənmiş bir milyondan artıq piyada və tank əleyhinə mina səbəbindən həlak olmuş və ya ağır yaralanmışdır. Dərinləşdirilmiş qarşılıqlı əməkdaşlıq çərçivəsində Macarıstanın mövcud təcrübəsindən istifadə edərək minaların təmizlənməsi işinə dəstək qarşılıqlı əməkdaşlıq üçün geniş üfüqlər açır.

Bununla paralel olaraq, macar şirkətlərinin azad edilmiş Qarabağ və Zəngəzur torpaqlarında, xüsusən bir daşı daş üstə qalmayan işğaldan azad olunmuş on min kvadratkilometrə bərabər olan torpaqlarımızda şəhərsalma istiqamətində çox böyük təcrübəsi olan macar şirkətlərinin birgə fəaliyyəti önəm kəsb edir. Bundan başqa Azərbaycan Respublikasının Şuşa şəhəri və Macarıstanın Vesprem şəhəri arasında dostluq əlaqələrinin təsis edilməsi və mədəniyyət, turizm, şəhərsalma, elm, iqtisadiyyat və ictimai həyatın digər sahələrində əməkdaşlığa dair, təbii qaz əməkdaşlığı haqqında, bitki karantini və bitki mühafizəsi sahəsində əməkdaşlıq haqqında, miqrasiya sahəsində əməkdaşlığa dair, dinc məqsədlərlə kosmik tədqiqat və kosmik fəaliyyətlərdə əməkdaşlıq haqqında Anlaşma Memorandumları və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında əməkdaşlıq haqqında Protokol Azərbaycanla Macarıstan arasında əməkdaşlığı daha yüksək səviyyəyə qaldıracaq.

Azərbaycanla Macarıstanın çoxşaxəli əməkdaşlığı təkcə iqtisadi sahədə deyil, həm də diplomatiya sahəsində iki dost və tərəfdaş ölkə kimi bundan sonra da təmsil olunduqları beynəlxalq təşkilatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək göstərilməsi baxımından dövlətlərimiz üçün önəmlidir.

Ramiz Hüseynov,

YAP İdarə Heyətinin üzvü, Sumqayıt şəhər təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə