Aİ-nin Ermənistana göndərəcəyi yeni müşahidə missiyası NƏYİ DƏYİŞƏCƏK? - SORĞU
Avropa İttifaqı Ermənistana yeni müşahidə missiyası göndərəcək. Bu barədə Ermənistan mətbuatında məlumat yayılıb. Müşahidə missiyasının 20 fevraldan fəaliyyətə başlayacağı bildirilib. Bəs deputat və siyasi eksperlərin bu məsələyə münasibəti necədir? SİA onlar arasında sorğu edib.
Millət vəkili Elman Məmmədov: “Avropa İttifaqının bu cəhdi bölgədə gərginliyin azalmasına, sülh yaranmasına dəstək olmayacaq. Əksinə gərginliyin artmasını müşahidə edəcəyik. Çünki Avropa İttifaqının göndərəcəyi müşahidə missiyasının tərkibi köhnə kəşfiyyatçı və döyüşçülərdən ibarət olacaqdır. Avropa İttifaqı bu addımdan sonra birtərəf vasitəçi kimi hüququnu da itirir. Burada Rusiya da çox ciddi bir faktordur, Rusiyanın ordusu Ermənistan ərazisində yerləşir. Ermənistanın İran və Türkiyə ilə sərhədlərində rus hərbçiləri dayanır. Belə olan halda Ermənistan Rusiyaya arxadan zərbə vurur və Ermənistan bununla Rusiyaya meydan oxuyur. Bunlar isə xeyr əlamətlər deyil. Rusiya mövzu üzrə öz sözünü deyəcək və regionda gərginlik yaranacaq”.
Politoloq Tural İsmayılov: “Ermənistana göndərilən müşahidə missiyası indiki dövrdə heç bir məntiqə sığmır. Çünki bu gün Ermənistanın regionda həyata keçirdiyi siyasi xətt ölkələrarası münasibətlərin gərginləşməyinə xidmət edir. Bundan əvvəlki dövrdə də Avropa İttifaqı missiyasının Ermənistanda iki aylıq fəaliyyəti olmuşdur və buradakı fəaliyyəti zamanı heç bir addımı ilə yadda qalmamışdır.
Aİ ilə Rusiyanın Ermənistan ərazisində növbəti qarşıdurmaya başladığı da görünən məsələdir. Bu prosesdən sonra Rusiya ilə Ermənistan hakimiyyəti arasında münasibətlər daha da kəskinləşəcək. Bu proseslər isə Ermənistan üçün yaxşı nəticələnməyəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB