Fransa ermənilərlə flört etməkdə kifayət qədər zəngin təcrübəyə malikdir və ən absurd məqam da odur ki, işğalçını dəstəkləyən bir ölkə özünü demokratik, sivil, ali dəyərlərə hörmət edən, bu dəyərləri guya qoruyan bir dövlət kimi də qələmə verir. Fransanın hər dəfə Azərbaycan əleyhinə ortaya qoyduğu mövqe belə təsdiq edir ki, bu ölkənin qətiyyən haqqa, ədalətə, beynəlxalq hüquqa, insan haqlarına dəyər vermək kimi bir niyyəti olmayıb və indi də yoxdur. Söhbət bu ölkənin kağız üzərində qalan və bundan sonra da qalacaq qərarlarından getmir, söhbət Fransa adlı bir Avropa ölkəsinin ikiüzlülüyündən, ədalətsizliyindən, haqqa, insan haqlarına, beynəlxalq hüquqa məhəl qoymamasından gedir, əks halda işğalçını deyil, işğala məruz qalanı dəstəkləyər, haqqın tərəfində olar, heç olmasa öz vətəndaşlarının belə hüquqlarını pozmazdı. Fransa əgər insan haqlarına qiymət qoysaydı, birinci növbədə öz vətəndaşlarının haqlarını qoruyar, onların haqlarını tapdalamazdı, biz isə bunun əksini müşahidə etməkdəyik. Deməli, bu ölkə, Avropanın düz ortasında olan Fransa sadəcə olaraq yalançı demokratiya oyunu oynayır.
Bilirik ki, Fransanın müstəmləkəçilik və imperializm siyasəti, Əlcəzairdə, Ruandada, Malidə, Kambocada və Cənubi Vyetnamda törətdiyi müharibə cinayətləri bütün dünyaya bəllidir. Fəqət bu cinayətlərin cavabsız qalması səbəbindən Fransa həddini aşmaqda davam edir ki, bu da aydın məsələdir. Bu ölkə təkcə Əlcəzairdə törətdiyi milyonlarla qətl hadisəsinə görə ittiham olunsaydı, nəinki yadına Azərbaycan əleyhinə sərsəm, həqiqətə uyğun olmayan, ədalətsiz, beynəlxalq hüquqa zidd qərarlar vermək düşməzdi, eləcə də öz daxilində belə insan haqlarına dəyər verərdi və vətəndaşlarının hüquqlarını pozmaz, demokratiyaya zidd hərəkət etməzdi. Elə bu fonda onun demokratiya dərsi keçmək kimi bir imkanı da olmazdı. Dünya birliyi nəzərə almalıdır ki, bu ölkənin etdiklərinə reaksiya verilməməsi, hətta həmin ölkənin ittiham belə edilməməsi indi onun beynəlxalq hüququn norma və prinsiplərini tapdalaması üçün əməlli-başlı şərait yaradıb.
Ümumiyyətlə, Fransanın tarixən yürütdüyü müstəmləkəçilik və imperializm siyasəti heç kim üçün sirr deyil və bu tarix, bu olaylar həmin ölkə üçün silinməz qara ləkədir. Yəni, Fransa özünü demokratik, sivil, yaxud ali dəyərlərə hörmət edən, insan haqlarını qoruyan bir ölkə kimi təqdim etməzdən öncə bu ləkəni təmizləməlidir. Ən azından təmizləməyə çalışmalıdır. Bunu isə müşahidə edən, duyan, hiss edən yoxdur. Əksinə, sanki Fransa belə də etməli idi və bu olaylarda həmin ölkə haqlı imiş kimi özünü göstərir. Belə demokratiya carçısını, belə insan haqları müdafiəçisini kim ciddiyə alar? Fransanın bu boyda soyqırımlara imza atmasından sonra onun hansısa hüquqa istinad etməsinə, hansı hüquqları qorumasına, hansısa insan haqları uğrunda mübarizə aparmasına, demokratiya dərsi keçməsinə hansı cəmiyyət inanar? Bax bu sualı həmin o Avropa dövləti olan Fransa özü özünə versə daha yaxşı olar. Heç olmasa hansısa ali dəyərlərdən dəm vurmağa haqqı belə çatmadığının fərqində olar, utanmasa belə.
Utanmasa dedikdə bir zərb məsəli xatırlamaq yerinə düşür. “Utanmasan toyda oynamağa nə var”, məsələni xatırlayanda başa düşürsən ki, bu ölkə tarixən törətdiyi bu qədər qanunsuzluğun, insanlığa sığmayan əməllərin fonunda demokratiyadan, insan haqlarından, haqdan, hüquqdan danışırsa, deməli, utanmaq kimi bir niyyəti yoxdur. Əks halda, öz tarixinə nəzər salıb heç olmasa bu zamanda, iyirmi birinci əsrdə yenə də qanunsuzluqlara əl atıb insanların haqlarını tapdalamaz, demokratik dəyərlərə, beynəlxalq hüquqa saymazlıq etməzdi. Ən azından öz vətəndaşlarına qarşı belə bunu etməkdən çəkinərdi. Amma Fransanın çəkinmək kimi bir niyyətinin olmadığını görəndə anlaşılır ki, bu ölkə nəinki doğru nəticə çıxarıb düz yola gəlmək fikrində deyil, hətta haqqında qeyd olunan dəyərləri ələ salmağı belə adi hal hesab edir. Göstərdiyi də sadəcə demokratiya oyunudur, özü də yalançısından.
“Özünü demokratik ölkə adlandıran Fransada polisin dinc nümayişçilərə qarşı dəyənəkdən istifadə etməsi qəbuledilməzdir.”, deyən Fransanın "Musulmans en France" xəbər portalının təsisçisi, jurnalist Jan-Mişel Brun bu ölkənin hələ də etirazçılara, haqq səsini ucaldanlara qarşı zorakılıq etdiyini qeyd edir və buna etirazını bildirir. O, hətta qeyd edir ki, Fransa hökuməti əhalinin çoxsaylı etirazlarını artıq nəzərə belə almayacağını bir daha bəyan da edib. Təsadüfi deyil ki, Jan-Mişel Brun polis zorakılığını davam edən problem adlandırıb və deməli, o bu problemin əvvəl də olduğunu və hələ də davam etdiyini açıq şəkildə söyləyib. Halbuki, insan haqlarının qorunduğundan dəm vuran ölkə üçün bu qəbul edilən deyil, eyni ilə xəbər portalının təsisçisi və jurnalisti dediyi kimi, amma biz bunun elə Fransada qəbul edildiyinin də, “dəyənək üsulunun” təbiq edildiyinin də şahidiyik. Özü də birincə dəfə yox, dəfələrlə. Deməli, bu ölkədə zorakılıq “ənənəsi” davam edir və bu halda demokratiyanı oyun-oyuncaq kimi gözdən pərdə asmaq üçün ortaya atdıqları zərrə qədər şübhə doğurmur.
Ötən həftə Fransada polis dinc aksiya keçirən vətəndaşlara qarşı yenidən dəyənəklərdən istifadə etdi. Zərərçəkənlərdən biri artıq məhkəməyə müraciət də edib. Xatırladığımız kimi, 2020-ci ildəki etirazlar zamanı da Fransa polisi zorakılığa əl atmışdı və daha sonra ölkə prezidenti Emmanuel Makron və daxili işlər naziri polisin şiddət tətbiq etdiyi video görüntülərin sosial mediada sürətlə yayıldığını görərkən vəziyyətə reaksiya verməli oldular. Hətta onlar belə halların bir də təkrarlanmaması üçün müvafiq tədbirlərin görüləcəyinə söz də verdilər. Ancaq təəssüf ki, zorakılıq Fransada, guya insan haqlarınının müdafiəçisi qiyafəsində olan ölkədə hələ də baş verməkdədir. Amma özünü demokratik adlandıran ölkədə polisin dəyənəkdən istifadə etməsi çox acınacaqlıdır və yenə də orada verilən vədə əməl edilmədiyi özünü göstərməkdədir. Bu, ikiüzlülük fonunda hansı demokratiya, hansı insan haqları müzakirə mövzusu ola bilər axı?
Bu il, 19 yanvar tarixində Paris, Marsel və Lionda pensiya sistemində islahatlara qarşı keçirilən etiraz aksiyalarında 1,5 milyondan çox insan iştirak edib. Bu, çox ciddi bir rəqəmdir və Paris bu ciddiyyəti nəzərə almalı idi. Amma belə bir niyyəti hiss edən də olmadı, belə bir fikir də ortaya çıxmadı. Etirazlarda nəqliyyat, təhsil və enerji sektorunun işçiləri xüsusi fəallıq nümayiş etdirdilər. Avropanın düz ortasında bu nümayişlərə məhəl də qoyulmadı, üstəlik, bundan əvvəl verdikləri vədlərin fonunda zorakılıq da tətbiq etdilər. Makron da öz kefində, öz planlarının, öz kürsüsünün hayındadır və ölkə vətəndaşının əzilməsi, onlara zor qətbiq edilməsi, polisin, güc strukturlarının zorakılığı onun gözündən yayınmalı oldu. Bütün olayları guya görmədi. Nə səbəbə? Niyə? Ona görə ki, sərf etmir bunu görmək. Çünki çoxsaylı etirazlara baxmayaraq, Makron seçki kampaniyası zamanı təqdim edəcəyi proqram üzərində başını sındırır.
Bir ölkənin prezidentinin bütün gücü ilə seçki proqramını həyata keçirmək cəhdləri onun antidemokratik siyasətindən xəbər verir. Ələlxüsus, ölkədə problemlər fonunda etirazların qızışdığı, tüğyan etdiyi bir şəraitdə həmin ölkə rəhbəri ancaq öz hakimiyyətini qorumaq üçün, öz naminə çalışırsa, burada, bu ölkədə demokratiyadan danışmağa dəyməz. Əgər bu günkü gündə Emmanuel Makron öz hayındadırsa, kütlənin etirazlarını, eləcə də bu etirazlar zamanı onlara qarşı rəhbərlik etdiyi dövlətin güc strukturlarının tətbiq etdiyi zorakılığı nəzərə almırsa, seçkidə qələbə çaldıqdan sonra nəzərə alarmı? Qətiyyən. Makron pensiya islahatları aparmaq niyyətində olduğu barədə nədən dəm vurur bilmirik, amma bu adamın, daha doğrusu, bu gün başı əzilən vətəndaşlarının halına acımayan bu hiyləgərin seçkidən sonra onlar haqqında, onların vəziyyəti haqqında nə isə düşünəcəyi belə ağla sığmır və inandırıcı da deyil. Bunu fransızlar heç ağıllarının ucundan da keçirməsinlər və ölkələrində cərəyan edən hadisələrə, xüsusən polisin onlara qarşı tətbiq etdiyi zorakılığa baxıb nəticə çıxarsınlar, düşünməsinlər ki, demokratik bir ölkədə yaşayırlar, əsla. Göstərilən uzaq başı yalançı demokratiyadır, özü də şiddətin və zorakılığın fonunda.
Nə vaxtsa Azərbaycanda hansısa bir xırda küçə nümayişlərinə, iştirakçılarının sayı 1000-1500 nəfərə çatmayan piket səviyyəli etirazçı toplaşmasına don geyindirmək istəyən bir Avropa ölkəsində milyon yarımdan çox insan etiraz aksiyası keçirir və buna da həmin ölkənin prezidenti məhəl qoymur, öz plan və proqramı, öz namı üçün çalışır. Qoca Qitənin düz ortasında nümayişçilərə, etirazçılara zor tətbiq olunur, onlara qarşı ölkənin güc strukturları zorakılır edirlər, amma Paris buna cavab belə vermək niyyətində görünmür. O Paris ki, Azərbaycanda və yaxud hansısa ölkədə buna bənzər bir hal görmədən belə bar-bar bağırmaqda özü kimi ədalətsizlərlə yarışa girir. Niyə bu ölkə bir açıqlama belə vermək istəmir, yaxud vermir? Niyə dünya birliyi bu ölkədən hesab sormur? Hanı demokratik təsisatlar və onlar Fransadakı antidemokratiyanı görməməzlikdən niyə gəlirlər? Elə bilirlər ki, bunun ardı daha pis olmayacaq? Olacaq. Daha da pis olacaq. Eyni ilə Fransanın müstəmləkəçilik və imperializm siyasətinə, Əlcəzairdə, Ruandada, Malidə, Kambocada və Cənubi Vyetnamda törətdiyi müharibə cinayətlərinə dünya birliyinin cavab verməməsi, cəzasız qoymasının ardınca həmin ölkənin daha da azğınlaşdığı kimi, insan haqlarının müdafiəsinin vəziyyətinin daha da pisləşdiyi kimi, daha da pis olacaq. Bir qədər əvvəl nümayişçilərə rezin güllələr atılarkən, onları atların döşünə qatıb əzərkən, itlərin hücumuna məruz qoyarkən Fransaya cəza tətbiri, heç olmasa xəbərdarlıq tətbiq olunsaydı, indi bu ölkənin polisi belə bir zorakılığa əl atmazdı.
Bir sözlə, dünya birliyi əvvəla Fransaya həmin zorakılıqlarına görə hansısa cəza tədbiri, sanksiya tətbiq etməlidir, digər tərəfdən də öz həddini göstərməlidir. Göstərməlidir ki, həddini aşıb həm bunu bir də təkrarlamasın, həm də Azərbaycanın timsalında öz torpaqlarını 30 illik işğaldan azad edən, öz haqlarını, hüquqlarını, özünə aid olanları müdafiə edən ölkələrə qarşı ədalətsizlik, haqsızlıq edib, həmin ölkələrə qarşı həyazıslıq nümayiş etdirməsin. Zorakılıq fonunda Fransanın oynadığı yalançı demokratiya oyununa dünya birliyi tərəfindən ən azından son qoyulmalıdır və bu Avropa ölkəsinə demokratiyanın bütün ölkələr üçün eyni dəyər olduğu xatırladılmalıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB