"Azərbaycanın haqlı tələblərinin heç biri yerinə yetirilmir" - SİYASİ EKSPERT MÜNASİBƏT BİLDİRDİ
"Artıq uzun müddətdir Avropa İttifaqı qurumu olan Avropa Parlamenti ölkəmizə qarşı ikiüzlü münasibət sərgiləyir. Hələ Dağlıq Qarabağ münaqişəsi olan 30 il müddətində bu qurumun hər zaman ermənipərəst qətnamələr qəbul etdiyinin şahidi olmuşuq. Yəni, bunlar sözdə Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar amma reallıqda azərbaycanlıların bir fərd olaraq Qarabağda pozulan hüquqlarının müdafiəsi ilə bağlı hər hansı bir qətnamə qəbul etməyiblər. Amma Xankəndində olan ermənilərə yardım üçün humanitar məqsədli avtomobillər gəlib gedir. Bunu da faciəyə çeviriblər ki, ermənilər orada blokadadır". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Vüqar Əhmədov deyib.
Onun sözlərinə görə, Azərbaycan hətta o vaxtı münaqişələrin "Madrid prinsipi" çərçivəsində həll olunmasına razı idi: "Lakin o vaxtı nə Ermənistan, nə də onun qərbdəki havadarları buna razı olmayaraq işi başqa yönə istiqamətləndirdilər. "Madrid prinsipləri" unudulduğu bir vaxtda bunu yenidən gündəmə gətirmək doğru deyil.
Aİ münaqişənin həllində də iştirak etmədi. Azərbaycan torpaqlarını öz gücünə azad etdi. Yenə də Azərbaycan çalışır ki, Xankəndindəki erməni əsilli vətəndaşların hüquqlarına sahib çıxsın, münaqişənin həlli ilə bağlı Ermənistanla razılığa gəlsin və Zəngəzur dəhlizinin açılması ilə bağlı Ermənistanla məsələlərdə real nəticələr əldə etsin. Biz burada da Azərbaycanın səylərini və Aİ-nin pozucu yanaşmasını görürük. Ermənistanın yalançı çağırışlarına isə o dəqiqə reaksiya verilir və hər hansı bir qətnamə qəbul olunur".
Vüqar Əhmədov sözlərinə belə davam edib: "Birinci Qarabağ müharibəsində Azərbaycanın xeyli itkin düşmüş vətəndaşı var. Bununla bağlı da Ermənistana hər hansı bir çağırış yoxdur. Ümumiyyətlə, Qarabağ savaşı dövründə Aİ tərəfindən Ermənistana qarşı hər hansı bir sanksiya tətbiq edildiyinin şahidi olmamışıq. Ona görə də mən düşünürəm ki, Aİ-dən ədalətli münasibət gözləməyə artıq dəyməz. Onların bu addımları Ermənistanda arxayınlıq yaradır.
Təcrübə onu göstərir ki, nə qədər ki Aİ kənarda dayanmışdı, Azərbaycan münaqişənin həllinə daha yaxınlaşmışdı. Onlar məsələyə daxil olmaqla prosesi daha da uzadırlar.
Azərbaycandan Aİ-nin hər hansı bir müşahidə qrupu Ermənistanda monitorinq aparmaq istəməsini tələb edir. Onlar öz aləmində düşünür ki, Azərbaycan Ermənistan sərhədini pozub. Amma Azərbaycanın öz ərazisində qanunsuz erməni qoşunları ilə bağlı heç bir qətnamə yoxdur və Aİ hər hansı faktaraşdırıcı qrup göndərmək fikrində deyil. Bunun özü də ikili yanaşmadır. Bizim illərdir dünya tərəfindən tanınan öz ərazilərimizdə qanunsuz erməni silahlı qruplaşmaları at oynadırlar. Ermənistan da öhtəlik götürüb, amma onları oradan çıxarmayaraq əksinə maliyyə ayırır. Aİ-də bununla bağlı heç bir reaksiya vermir".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB