Prezidentin BƏƏ səfəri strateji əhəmiyyətə malikdir ŞƏRH

Prezidentin BƏƏ səfəri strateji əhəmiyyətə malikdir ŞƏRH

Prezident İlham Əliyevin 2023-cü il 16 yanvar tarixində Birləşmiş Ərəb Əmirliklərinə səfəri, keçirdiyi görüşlər və Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimindəki çıxışı mühüm əhəmiyyət daşıyır. İlk növbədə, onu qeyd etmək lazımdır ki, mötəbər tədbirə Prezident İlham Əliyevin dəvət edilməsi Azərbaycana və onun liderinə olan böyük inamın, etimadın və hörmətin təzahürüdür. Cənab Prezident İlham Əliyevin Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində çıxışında da qeyd etdiyi kimi “Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlər strateji əhəmiyyətə malikdir”. Bildiyimiz kimi, 2022-ci ilin dekabrında BMT Təhlükəsizlik Şurasında Ermənistan və Fransa Azərbaycana qarşı sənəd qəbul olunmasına çalışmışdı. Amma təşkilata qeyri-daimi üzv olan Birləşmiş Ərəb Əmirlikləri də belə bir cəhdin qarşısının alınmasında fəal iştirak etdi. Bu, əsl dost ölkənin dəstəyi idi. Cənab Prezident İlham Əliyev də görüşdə bu məsələyə toxunaraq Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycana göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini, bunun dostluğun və qardaşlığın nümunəsi olduğunu bəyan edib. Hələ 2008-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə başlanan “Bakı Prosesi” müsəlman ölkələri ilə Avropa dövlətlərini bir araya gətirməklə mədəniyyətlərarası dialoqun dünya miqyasında təbliğinə güclü təkan verib. Bu proses çərçivəsində Azərbaycan tərəfindən iki ildən bir Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil edilir. Bu isə müxtəlif dinlərin nümayəndələrini bir araya gətirən önəmli beynəlxalq platforma kimi tanınıb. Ərəb ölkələri daim Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə öz dəstəyini də ifadə ediblər. Eyni zamanda, Ərəb Dövlətləri Liqasının bütün üzv dövlətləri Azərbaycanın hazırda sədrlik etdiyi Qoşulmama Hərəkatının da üzvləridir. Azərbaycan bu təşkilat çərçivəsində də ərəb dövlətləri ilə geniş əməkdaşlıq imkanlarına malikdir. Beynəlxalq tərəfdaşlar ötən illər ərzində ölkəmizin de-yure olduğu kimi, de-fakto da müstəqilliyinə və etibarlı tərəfdaş mövqeyinə əmin olduqları üçün, Azərbaycan artıq üçüncü ildir ki, 120 dövləti birləşdirən Qoşulmama Hərəkatına sədrlik edir. O cümlədən, Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvəti ilə yanvarın 15-də Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri çərçivəsində Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində iştirakı ölkəmizin artan beynəlxalq nüfuzunun göstəricisidir. Azərbaycan Prezidenti dünyanın 150 ölkəsindən 30 minədək nümayəndənin iştirak etdiyi bu mötəbər tədbirdəki çıxışında qeyd etdiyi “Masdar” şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında 4 qiqavatlıq külək və günəş enerjisi stansiyalarının yaradılması ilə bağlı imzalanmış razılaşmanın əhəmiyyəti isə xüsusi qeyd olunmalıdır. Ümumiyyətlə, Azərbaycanın ərəb ölkələri ilə, o cümlədən Birləşmiş Ərəb Əmirlikləri ilə strateji əhəmiyyətə malik münasibətləri dövlət siysətinin əsas vektorlarından biridir.Dağılmış iqtisadiyyatın bərpa edilməsi isə müasir yanaşmanı tələb edir ki, bu müasir yanaşma da innovativ idarəetmənin və innovativ iqtisadiyyatın bu ərazilərə gətirilməsidir. Məhz BƏƏ-də fəaliyyət göstərən şirkətlərin bu sahədə yüksək təcrübələrinin olması isə göstərir ki, Azərbaycan dövləti BƏƏ məxsus şirkətlərlə müqavilələr bağlamaqda və o şirkətlərin həm Qarabağda, həm Şərqi Zəngəzurda bərpa olunacaq iqtisadiyyatın inkişafında yaxından iştirak etməsini təmin etməkdə maraqlıdır. Dünyamız ciddi ekoloji problemlərlə qarşı-qarşıyadır. Neft və qazın istehsalı, satışı iqtisadi dividentlər gətirməklə bərabər, həm də ekoloji mühitin çirklənməsinə və ağırlaşmasına yol açır. Karbon qazının havaya buraxılması ciddi ekoloji problemlərə gətirib çıxarır. Bu nöqteyi-nəzərdən BMT-nin BƏƏ-də təşkil etdiyi bu tədbir bir tərəfdən bərpa oluna biləcək enerji mənbələrindən səmərəli istifadənin təşkilini ehtiva edirsə, digər tərəfdən də ekologiyanın qorunmasıyla bağlı ciddi çağırışları özündə əks etdirir.2008-ci ildə təsis olunan Əbu-Dabi Dayanıqlılıq Həftəsi planetimizin gələcəyində payı olan dövlət və hökumət başçılarını, siyasətçiləri, sənaye liderlərini, sərmayəçiləri, iş adamlarını və gəncləri aktual məsələlərin müzakirəsi üçün bir araya gətirir. Əlbəttə ki, Azərbaycanın bu mötəbər beynəlxalq tədbirə dəvət olunması dövlət başçısının rəhbərliyi ilə sürətlə inkişaf edərək mühüm beynəlxalq layihələrin müəllifinə və təşəbbüskarına çevrilən ölkəmizin dünya miqyasında artan nüfuzunun göstəricisidir. Zəngin neft-qaz potensialı ilə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində bu sahədə imkanlarını daha da şaxələndirir və elektrik enerjisi, əsasən, yaşıl enerjinin önəmli təchizatçısına çevrilməyi planlaşdırır. Cənab İlham Əliyev çıxışında iqtisadi inkişafın əsas göstəricilərindən biri olan enerji təhlükəsizliyinin Azərbaycanda bir neçə il əvvəl təmin olunduğunu diqqətə çatdırıb. “Biz Azərbaycanda bərpaolunan enerji mənbələrini öz enerji təhlükəsizliyimizin təmin olunması üçün inkişaf etdirmirik”- deyən Prezident bildirib ki, enerji təhlükəsizliyimizi hələ bir neçə il əvvəl təmin etmişik: “Bu gün Azərbaycan nəinki öz enerji tələbatlarını təmin edir, o cümlədən xam nefti, neft məhsullarını, təbii qazı, neft-kimya məhsullarını və elektrik enerjisini ixrac edir. Bərpaolunan enerji ilə bağlı proqramımız tamamilə fərqli gündəliyə malikdir. Birincisi, bu onunla bağlıdır ki, nəhəng potensial var. İkincisi, biz onun sayəsində ixracımızı şaxələndirəcəyik. Əlbəttə ki, nəticədə iqtisadiyyatımızın yeni ekoloji təmiz sektoru yaranacaq.”

Nicat İsmayılov

YAP Yasamal rayon “Akim Abbasov küçəsi 73 E” ünvanı üzrə ərazi partiya təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə