"Bir kəmər, bir yol"a həmmüəlliflik hüququ, olmayan infrastruktura yatırım, Əliyevin qabaqlayıcı taktikası... - Aydın Quliyev yazır...
Həqiqətən də nəqliyyat, logistika və enerji təhlükəsizliyi sahəsində hər dövlətin öz strategiyası olur. Mühüm beynəlxalq nəqliyat, enerji və logistika infrastrukturlarına malik olan Azərbaycan da bu cəhətdən istisna deyil və Prezident İlham Əliyevin Davos forumu çərçivəsində Azərbaycanın logistika-nəqliyat strategiyasının iki konkret hədəfini göstərməsi və təhlil etməsi tamamilə yerinə düşən hadisə oldu. Prezidentin Forum çərçivəsində Çin televiziyasına söylədiyinə görə, Azərbaycanın logistika-nəqliyat strategiyasının məqsədi iqtisadiyyatı şaxələndirmək və neft-qaz gəlirlərindən asılılığı azaltmaqdır. Hər iki istiqamətdə görülmüş işlərin nəticələrinin təhlili göstərir ki, Azərbaycan dəqiq yolla irəliləyir və bütün partnyorlar ölkəmizin bu kursunun konstruktiv mahiyyətinə, eləcə də maksimalistlikdən və ambisiyalılıqdan uzaq olduğuna etimad edirlər.
Azərbaycanın logistika-nəqliyyat siyasətinin özəl bir xüsusiyyəti barədə də ayrıca danışmağa ehtiyac var. Bu da Azərbaycan Prezidentinin yerli və beynəlxalq logistika-nəqliyyat infrastruktur layihələrinə qabaqlayıcı taktika ilə yanaşmasından ibarətdir. Çinin "Bir kəmər, bir yol" layihəsinə ilk vaxtlardan qoşulduğunu Çin televiziyasına bəyan edən Prezident daha sonra əlavə etdi ki, biz bununla da əslində mövcud olmayan infrastruktura sərmayə yatırdı. Bəziləri Azərbaycanın həqiqətən də ilk anlardan-2013-cü ildə qoşulduğu bu infrastruktura belə yanaşmasında müəyyən risq əlamətləri axtarsalar da, sonrakı proseslər Prezidentin hər şeyi düzgün hesabladığını, risqlə yox, məntiq və dəqiq hesablardan çıxış etdiyini təsdiqlədi. Azərbaycan 2013-cü ildən etibarən "Bir kəmər, bir yolun" işə düşdüyü an üçün hazırlıqlara başladı, konkret addımlar atdı və Prezidentin dediyi kimi, ev hazırlıqları çərçivəsində ölkə daxilində bir sıra infrastrukturları yaratdı. Bu infrastrukturların sonradan Şimal-Cənub, Şimal-Qərb, "Bir kəmər, bir yol" və ya Orta Dəhlizlə güclü bağlayıcı funksiyaya malik olduqlarını sonrakı proseslər tam təsdiqlədi. Beləliklə, İlham Əliyevin qabaqlayıcı yanaşma prinsipi ilə yaratdığı infrastrukturlar yerli-regional anlamda səmərəli olmaqla bərabər, həm də beynəlxalq infrastruktur layihələrini əlaqələndirmək baxımından böyük fayda mənbəyinə çevrildilər. Konkret faktların timsalında vəziyyəti daha aydın şəkilləndirə bilərik.
Azərbaycanın "Bir yol, bir kəmər"ə qoşulmasından sonrakı ilk on ildə nələrin yaradıldığı göz önündədir. Xəzərdə böyük Dəniz limanı yaradıldı ki, hazırda onun yükötürmə gücünün 15-dən 25 milyon tona çıxarılması hədəflənib. Böyük gəmiqayırma zavodu tikilib. Həm ölkəni, həm də regionu qismən əlaqələndirən dəmiryolları salınıb, Qərbə doğru dəmiryolunun gücünün 1-dən 5 milyon tona çıxarılması hədəflənib, çox geniş avtomagistrallar şəbəkəsi tikilib, "Bir yol, bir kəmər"ə bağlı Şimal-Cənub marşrutunun işlək seqmentləri İranın, Rusiyanın, Pakistan və ya Hindistanın yox, məhz Azərbaycan Prezidentinin səyləri ilə yaradılıb və ya təkmilləşdirilib, Şimal-Cənub marşrutunun daha da fəallaşması onun bazası üzərində Şimal-Qərb marşrutuna da geniş imkanlar açıb. Tamamlanmaqda olan Ələt Azad ticarət zonasını və uğrunda böyük çabaların göstərildiyi Zəngəzur dəhlizini də əlavə etsək, cəsarətlə demək olar ki, İlham Əliyevin təvazökarlıqla Çin sədrinin təşəbbüsü adlandırdığı "Bir kəmər, bir yol" da Azərbaycanı iştirakçı yox, əslində bu təşəbbüsün həmmüəllifi saymaq daha ədalətli olardı. Xəzərdən Avropayadək Azərbaycanın üzərindən bütün hərəkət və daşıma layihələrinin müəllifi Azərbaycan Prezidenti deyilmi? Cəsarət edərək bu günə kimi Çinin özünün də bu marşrut boyu nə etdiyini müzakirə və hətta müqayisə mövzusuna çevirə bilərik. İlham Əliyevin Davos panelində tək Çindən Avropaya yox, həmçinin Avropadan Çinə doğru əks daşımaların təşkili barədə bəyanatını da nəzərə alaq, bu halda "Orta dəhlizə" Azərbaycanın qatqısı fantastik şəkildə böyümüş olur...Marşrut üzrə əks daşımalar layihəsinin müəllifi şəriksiz olaraq Azərbaycan Prezidentidir..
Nəqliyat infrastruktur layihələrinə qabaqlayıcı mövqedən yanaşmaq taktikasının da müəllifi odur...
Aydın Quliyev
"Bakı Xəbər" qəzetinin Baş redaktoru, siyasi ekspert
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB