“20 Yanvar Azərbaycanın müstəqillik yolunda ilk şəhidlərini verdiyi hadisə idi” - FƏLSƏFƏ DOKTORU DANIŞDI

“20 Yanvar Azərbaycanın müstəqillik yolunda ilk şəhidlərini verdiyi hadisə idi” - FƏLSƏFƏ DOKTORU DANIŞDI

“20 Yanvar ümumxalq hüzn günü Azərbaycan xalqının tarixində faciə və bununla yanaşı ibrətamiz bir gündür. Çünki bu hadisə Azərbaycanın həyatında, milli oyanışında mühüm rol oynadı. 1990-cı ilin 20 Yanvarında məhz həmin gecə dinc əhaliyə qarşı törədilən qətliamdan sonra xalq dərk etdi ki, bu imperiya, ordu bizim deyil”. Bu sözləri SİA-ya açıqlamasında Tarix elmləri üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universiteti Qafqaz Xalqları tarixi kafedrasının müəllimi Ülkər Məmmədzadə bildirib.
Onun sözlərinə görə, xalq artıq bu siyasətə qarşı etiraz edir və öz haqlarını tələb edirdi: “Azərbaycanın bu faciəsi bir daha ölkəmizin milli birliyinin oyanışına stimul verdi. 20 Yanvar Azərbaycanın müstəqillik yolunda ilk şəhidlərini, qurbanlarını verdiyi hadisə idi.

20 Yanvar hadisəsinə məhz Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışına qədər heç bir hüquqi, siyasi qiymət verilməyib. Məhz Ulu Öndər Heydər Əliyev 1990-cı ildə 20 Yanvar hadisəsindən dərhal sonra Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, faciəni törədənləri ictimaiyyət qarşısında birbaşa iddiham edir.

Bu gün bizim başımız dikdir. Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin sayəsi, 44 günlük Vətən müharibəsinin nəticəsində artıq Azərbaycan öz ərazi bütövlüyünü, suverenliyini bərpa edib. Düşünürəm ki, torpaqlarımızın azad olunması ilə 20 Yanvar şəhidlərimizin də ruhu şad oldu”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə