Son onilliklərin ən mürəkkəb geosiyasi və qlobal iqtisadi vəziyyəti fonunda Davosda Dünya İqtisadi Forumu “Fraqmentasiya olmuş dünyada əməkdaşlıq” devizi altında keçirilir. Qlobal tənəzzüldən, yavaşlayan artımdan, yüksək inflyasiyadan və artan borcdan qaçmağa çalışmalı olan qlobal iqtisadiyyat üçün risklərin, təhlükələrin olduqca yüksək olduğu bir şəraitdə belə bir forumun, Dünya İqtisadi Forumunun keçirilməsi olduqca vacibdir. Ötən əsrin 70-ci illərindən dünya liderlərini, iri şirkətlərin top menecerlərini, siyasi və ictimai xadimləri qəbul edən forum bu dəfə də həlli bütün dünya üçün vacib çağırışlarla yadda qalmalı olacaq.
Bilirik ki, son zamanlar Davos İqtisadi Forumunun ən aktual mövzusu müharibələr və bu müharibələrin yaratmış olduğu çətinliklər, tənəzzüllər olub. Elə ötən il də Davosda keçirilən toplantıda Rusiyanın Ukraynaya təcavüzü, bunun ağır nəticələri, fədasları müzakirə olunub. Bu il yenə də eyni yanaşma tərzi müşahidə olunur və diqqətin müharibənin iqtisadi nəticələrinə, eləcə də mümkün ola biləcək tənəzzülə yönəldiyni görməkdəyik. Bir sözlə, müzakirələrin mövzularının demək olar ki, dəyişmədiyinin hər kəs fərqindədir.
Hər il Davosda keçirilən Dünya İqtisadi Forumu zamanı həmin forumda dünya siyasət və biznes liderlərinin, məşhurların, ümumiyyətlə, tanınmış ictimai fəalların orada iştirak etdiyinin şahidi oluruq. Bu il də eyni ilə həmin şəxslərin timsalında məşhurların iştirak etdiyini görürük. Onların bu forumda iştirakı adi bir vaxta təsadüf etmir. Bu, qlobal iqtisadiyyatın yüksək inflyasiya ilə qarşılaşdığı, enerji böhranı ilə üzləşildiyi, müharibə ilə əlaqədar tədarükün kəsildiyi, Çində koronavirus pandemiyasının yenidən canlanması səbəbindən çətinliklərin, problemlərin ortaya çıxdığı bir vaxtda keçirilir. Deməli, müzakirələr zamanı bu məsələlərin də həlli barədə fikirlərin, yolların səsləndiriləcəyi gözləniləndir. İndi artıq dünya ictimaiyyəti qəti şəkildə əmindir ki, müzakirələr hansı istiqamətdə, hansı mövzuda olacaq və hətta gözləntilər barədə də proqnoz vermək olar.
Bəzən forumlarda kimlərin iştirak etməsi hər kəsdə maraq hissi doğurur. Bu da əbəs yerə deyil. Əvvəla ona görə maraq doğurur ki, müzakirəsi aparılacaq məsələlərin hansı səviyyədə müzakirə mövzusu olacağı diqqəti cəlb edir. Məsələn, Davosa gələnlər arasında Almaniya kansleri Olaf Şoltsun, Avropa Komissiyasının sədri Ursula fon der Leyenin, NATO-nun Baş katibi Yens Stoltenberqin, Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesusun olması müzakirə olunacaq məsələlərin nə dərəcədə vacibliyindən və bu müzakirələrə olan marağın, diqqətin hansı səviyyədə olduğundan xəbər verir. Yəni, hər kəs çox yaxşı başa düşür ki, Dünya İqtisadi Forumu dediyimiz bu foruma həmin mötəbər şəxslərin qatılması müzakirələrin nə dərəcədə aktual olduğunu ortaya qoyur. Xüsusən də Beynəlxalq Valyuta Fondunun sərəncamçı direktoru Kristalina Georgiyevanın bu ilki forumda iştirakı heç kəsin diqqətindən yayınmır. Hər kəs yaxşı başa düşür ki, Beynəlxalq Valyuta Fondunun sərəncamçı direktorunun foruma qatılması həyəcan təbilinin olacağı barədə anons verməyə əsas yaradır. Bu da təsadüfi deyil. Qeyd etdiyimiz kimi, bu mürəkkəb zamanda, ələlxüsus, istər artıq geridə qalmış olsa belə pandemiyanın bir zaman vurduğu zərər, istərsə də son dövrlərin müharibələri, xüsusən də Rusiya-Ukrayna müharibələri tənəzzüllə səbəb olan məqamlardır və bütün dünya bunun acısını dadmaqdadır. Elə buna görə də həmin tənəzzülün dünya iqtisadiyyatına zərbəsi də təkzib edilən deyil və bu zamanda məhz Beynəlxalq Valyuta Fondunun sərəncamçı direktoru Kristalina Georgiyevanın təşrif buyurması bir sıra məqamlar barədə düşünməyə əsas verir. İlk öncə hər kəs dərk edir ki, bu tənəzzül Beynəlxalq Valyuta Fonduna öz mənfi təsirini göstərib və hələ də göstərməkdədir ki, fondun sərəncamçı direktoru bu forumdadır. Digər tərəfdən də axı, reallıqlar göz önündədir və bunu dərk etmək üçün həmin xanımın iştirakı və dedikləri bir qədər də hərəkətverici olmuş olur. “2023-cü il bütün dünya üçün çətin il olacaq. Əsas məsəslə ondan ibarətdir ki, biz iqtisadiyyatları inkişaf etdirmək və iqlimimiz naminə yaxşı olan dəyişiklikləri sürətləndirmək üçün fürsətlərimizdən istifadə etməliyik. Beynəlxalq Valyuta Fondunun yaxşı nəticələr üçün bir güc vasitəsi olduğu barədə məsuliyyətimizi dərk edirik”, deyən fondun sərəncamçı direktoru Kristalina Georgiyeva bununla müzakirələrin vacibliyini vurğulayıb və etiraf edib ki, həyəcan təbili artıq çoxdan çalınıb və bütün dünya 2023-cü ilin çətin il olacağının fərqindədir, buna hazır da olmalıdır.
Baxmayaraq ki, hələ başa çatmayıb, Dünya İqtisadi Forumunda, artıq artan qlobal yaşayış xərcləri ən böyük ani risklər kimi göstərilib və bunun son illik risk qiymətləndirməsində pandemiya və Rusiyanın Ukraynaya təcavüzü nəticəsində yarandığı vurğulanıb. Həmçinin enerji, eləcə də ərzaq təchizatında yaranan problemlərin hələ bundan sonra daha iki il davam edəcəyi ehtimal edilir və buna görə də müzakirələrə böyük ehtiyac duyulduğu daim nəzərə çatdırılır. “İqtisadi, ekoloji, sosial, eləcə də geosiyasi böhranlar son dərəcə gözlənilməz və qeyri-müəyyən bir gələcəkdən xəbər verir. Bu problemlərin həlli üçün 50-dən çox ölkənin liderləri ilə “Fraqmentasiya olunmuş (parçalanmış) dünyada əməkdaşlıq” mövzusunda beş günlük görüşlə bir araya gəlirik”, deyən Davos İqtisadi Forumunun təsisçisi Klaus Şvab isə foruma toplaşmanın vacibliyinə və əhəmiyyətinə diqqəti cəlb edib.
Həqiqətən də dünyanın mənzərəsinə nəzər saldıqda bir çox həqiqətlər diqqətdən yayınmır. Beləki, Ukraynadakı müharibə, bunun da ardınca, yaxud bəhanəsi ilə Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar görünməmiş enerji çatışmazlığına çoxdan səbəb olub. Bunu bütün Avropa artıq həyəcan təbili ilə bəyan da edib. Qoca Qitədə enerji məsələləri ilə bağlı problem, çətinlik, bir sözlə böhran heç kim üçün sirr deyil. Əvvəla ona görə ki, hadisələrin gedişi bunu göstərir. Digər tərəfdən də axı enerji təchizatı ilə bağlı Avropa İttifaqı ölkələri çoxdandır ki, dünyaya səs salıblar və bunu bilməmək mümkün deyil. Bu enerji böhranı özü də təkcə Avropa üçün xarakterik sayılmır. Təsiri də təkcə Avropa ölkələrinə aid deyil axı. Məsələn, enerji məsələləri ilə bağlı reallıqlar inflyasiyaya da təsirsiz ötüşməyib, özü də bütün dünyada bu müşahidə olunur. İş o yerdədir ki, ABŞ və Avrozona kimi inkişaf etmiş bazarlarda inflyasiyanın özünün pik həddinə çatdığı etiraf olunur və hələ bu vəziyyətdə qalacağı da proqnozlaşdırılır. Məhz mərkəzi bankların aqressiv şəkildə faiz dərəcələrini artırmaq niyyətləri də buradan qaynaqlanır. Çünki vəziyyət onları buna məcbur edir. Bu da öz növbəsində əvvəlcə, iqtisadi durğunluq mərhələsində yenidən maliyyələşdirmə xərclərinin artmasına, ardınca da birbaşa olaraq qlobal borc böhranı riskinin artmasına səbəb ola biləcəyi gözlənilir. Bu ilki Davos forumunda 56 maliyyə naziri ilə yanaşı, əvvəlkindən daha çox, dəqiq desək, 19 mərkəzi bank direktorunun, dünyanın ən böyük şirkətlərindən olan 600 CEO menecerin, 1500 biznes liderinin iştirak etməsi məsələnin nə dərəcədə aktuallığını göstərir. Forumda iştirak üçün 116 milyarderin qeydiyyatdan keçməsi və iş adamlarının böyük əksəriyyətinin də amerikalılar olması böhranın qlobal xarakter daşıdığını, hər kəsə aid olduğunu və təsirsiz ötüşmədiyini açıb ortaya qoyur.
Bu il Davos İqtisadi Forumunda 130 ölkəni əhatə edən 2700-dən çox dövlət, özəl və vətəndaş cəmiyyəti liderlərinin iştirak etməsi və bu foruma 52 dövlət, eləcə də hökumət başçılarının qatılması həm müzakirələrin nə dərəcədə ciddiliyindən, həm də bu müzakirələrin bütün dünyaya aid olduğundan xəbər verir. Bir sözlə, dünya iqtisadiyyatının, ümumilikdə dünya düzəni ilə bağlı məsələlərin çətin durumda olduğu etiraf edilir və həlli yolları düşünülür deyə bir araya toplanılır. Ümid edilir ki, bu platforma qeyd edilən mövzular üzərindən dünya liderlərinin, ekspertlərin və digər təsir dairəsi geniş olanların cəlb edilməsi ilə təşkili baş verən hadisələrə adaptasiya olunmağa və müsbətə doğru həll yollarının tapılmasına mütləq töhfə verəcəkdir. Deməli, qarşılaşılan məsələlər bütün dünya üçün həlli vacib hesab olunur və bunların araşdırılması, çıxış yolu tapılması öz aktuallığına görə ön sırada durur. Bir sözlə, Davos İqtisadi Forumunun nə dərəcədə vacib olduğu artıq öz təsdiqini dəfələrlə, özü də müxtəlif istiqamətlərdə tapıb.
Bununla yanaşı bir sıra məqamlar diqqəti cəlb etməyə bilməz. Məsələn, bu forumda Azərbaycanın iştirakı heç də sıradan bir hadisə deyil. Avropanın enerji böhranı ilə üz-üzə olduğu bir zamanda, ölkəmizin isə enerji təchizatçısı olaraq bütün dünyada qəbul edildiyi bir məqamda Azərbaycan həmin forumda iştirakı heç də təsadüfi sayıla bilməz. Artıq qeyd olunduğu kimi, enerji böhranı ilə üzləşildiyi etiraf edildiyi bir vaxtda bunun müzakirəsini təşkil etməyi bütün dünya vacib hesab edirsə, deməli, Azərbaycanın rolu da burada, bu məsələnin həllində kifayət qədər nəzərə alınır. Deməli, ölkəmiz bu məsələlərdə də artıq söz sahibidir və dünya ölkələri, xüsusən də Avropa üçün maraqlı tərəfdir. Eyni zamanda Azərbaycanın bu foruma dəvət alması və iştirakı özü belə bu şərəfə nail ola bilməyənlərlə müqaisəyə belə gəlmədiyindən xəbər verir. Nəzərə almaq lazımdır ki, Ermənistan özünü dünyanın bir parçası, guya ki, demokratiyanın olduğu və buna görə nəzərə alındığı ölkə kimi nə qədər göstərsə də, bu gün bunun əksini görmüş oluruq. Özü də təkcə biz yox, bütün dünya görür ki, Dünya İqtisadi Forumuna Ermənistan dəvət belə bəlkə də almayıbsa, deməli, həmin ölkənin mövqeyi də, onun məqamı da bəllidir və heç nəzərə də alınmır. Digər tərəfdən axı, bu işğalçı ölkə nə ilə, hansı təklifləri, hansı tövhələri ilə belə bir mötəbər foruma qatıla bilər? Azərbaycanın isə, bunun əksinə olaraq, tövhələr verəcəyini bütün dünya nəinki başa düşür, hətta etiraf da edir, üstəlik buna görə ölkəmizə olan maraq yenə də göz önündədir və özünü göstərir. Bu maraq isə gələcəkdə istənilən sahədə, xüsusən də iqtisadi sahədə, əlaqələrin daha da artması istiqamətində öz bəhrəsini verməlidir və verəcək də. Sözsüz ki, ölkəmizə olan maraq, xüsusən enerji baxımından Azərbaycanın maraqlı tərəf, tərəfdaş olaraq qəbul edilməsi ölkəmizə investisiya axını deməkdir və bunun da bizim öz maraqlarımıza uyğun olduğu günün reallığıdır. Həqiqətən də Davosda keçirilən bu ilki forum da, bu ilki Dünya İqtisadi Forumu da eyni ilə bütün dünya üçün olduğu kimi, Azərbaycanın özü üçün də çox vacib və əhəmiyyətlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB