DAVOS İQTİSADİ FORUMU: Azərbaycanın nüfuzunu və iqtisadi gücünü dünyaya nümayişi TƏHLİL

DAVOS İQTİSADİ FORUMU: Azərbaycanın nüfuzunu və iqtisadi gücünü dünyaya nümayişi TƏHLİL

PREZİDENT İLHAM ƏLİYEV: “Bizim siyasətimiz hər zaman əməkdaşlığa əsaslanıb”

Yanvarın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasına səfəri başlayıb. Yanvarın 21-dək davam edən Forumda dünyanın 130-dan çox ölkəsindən ümumilikdə 2700-dən çox nüfuzlu şəxs, o cümlədən 52 dövlət və hökumət başçısı iştirak edir. Bu da forumun beynəlxalq aləmdə bu toplantının nüfuzunun göstəricisidir. Prezident İlham Əliyev işgüzar və məhsuldar səfər çərçivəsində Niderlandın “Damen Shipyards Group” şirkətinin icraçı direktoru və səhmdarı Arnout Damen, "VTB Bank"ın prezidenti-idarə heyətinin sədri Andrey Kostin, Norveçin xarici işlər naziri Borge Brende, "Procter and Gamble Europe" şirkətinin Avropada satış və marketinq əməliyyatları üzrə prezidenti Gary Coombe, Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Suma Chakrabarti, forumunun icraçı sədri Klaus Schwab, “CISCO” şirkətinin qlobal innovasiyalar üzrə vitse-prezidenti Qay Didrix, “Fortescue Future Industries” şirkətinin sədri Endrü Forest, “The Goldman Sachs Group Inc.” şirkətinin qlobal məsələlər üzrə prezidenti Cared Kohen, “Signify” şirkətinin baş icraçı direktoru Erik Rondolat, “Carlsberg Group” şirkətinin prezidenti və baş icraçı direktoru Kes t`Hart, Litva prezidenti Gitanas Nauseda ilə görüşlər keiçirib. Bir sözlə, keçirilən bu görüşlər dünyanın Azərbaycana və Prezident İlham Əliyevin siyasətinə artan marağından xəbər verir.Həmçinin, Çinin CGTN (China Global Television Network) televiziya kanalına geniş məzmunlu müsahibə verib. Müsahibədə vurğulanıb ki, Çin və Azərbaycan yaxşı dostlardır, ölkələr arasında etibarlı münasibətlər vardır. Mütəmadi olaraq hər iki ölkənin dövlət başçıları arasında görüşlər təşkil olunur, münasibətlər günü-gündən möhkəmlənir. Ölkələrimiz arasında qarşılıqlı hörmət və etibarın göstəricidir ki, Çinin dövlət başçısı Si Cinpin ötən ilin payızında Pekində “Bir kəmər, bir yol” Sammiti çərçivəsində keçirilən toplantıda Prezident İlham Əliyevi “Çinin böyük dostu” adlandırıb. “Çin və Azərbaycan yaxşı dostlardır. Mənim Sədr Si Cinpinlə dəfələrlə görüşmək imkanım olub. Sonuncu dəfə bir neçə ay bundan öncə bizim çox yaxşı görüşümüz olub”.Bu barədə Prezident İlham Əliyev Çinin CGTN telekanalına müsahibəsində bildirib.Çin lideri ilə ötən ilin payızında beynəlxalq tədbirlərin birində görüşdüklərini xatırladan deyə dövlətimizin başçısı deyib: «Bizim gələcək əməkdaşlığımız haqqında çox məhsuldar müzakirələrimiz oldu. «Bir kəmər, bir yol» sammiti çərçivəsində Pekində Sədr Si Cinpinlə görüşüm zamanı o məni Çinin böyük dostu adlandırdı. Bu mənim üçün böyük şərəf idi”.

BİZ AZƏRBAYCANDA DAHA ÇOX ÇİN ŞİRKƏTİNİ GÖRMƏYƏ ÜMİD EDİRİK

Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, son 30 il ərzində iki dövlət arasında əməkdaşlıq üçün çox möhkəm siyasi platforma qurulub və siyasi münasibətlər artıq bizim yaxşı tərəfdaş və bir-birinə etibar edən dostlar olduğumuzu nümayiş etdirir. Hər iki dövlət rəhbərləri və nümayəndə heyətlərinin iştirakı ilə keçirilən müxtəlif müxtəlif beynəlxaq toplantı və görüşlərdə ölkələrimiz həmişə bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyiblər: «Bizim beynəlxalq təsisatlar çərçivəsində çox yaxşı əməkdaşlığımız var. Biz həmişə bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik. Biz çox möhkəm siyasi platforma qurmuşuq. İndi isə biz bunun üzərində iqtisadi əməkdaşlığımızı qururuq. Bugünkü vəziyyətdə bu çox mühümdür, çünki yeni çağırışlar, yeni problemlər və yeni imkanlar var”. Azərbaycanın Orta Dəhlizlə bağlı Sədr Si Cinpinin təşəbbüslərini tam dəstəklədiyini vurğulayan Prezident İlham Əliyev deyib ki, informasiya texnologiyaları sektorunu təmsil edən bir çox Çin şirkətləri ölkəmizdə uzun illərdir ki, fəaliyyət göstərir. Biz Azərbaycanda daha çox Çin şirkətini görməyə ümid edirik. Dövlət başçısı cənab İlham Əliyev öz müsahibəsində qeyd edib ki, hazırda Azərbaycanda investisiya mühiti çox müsbətdir. Xarici və yerli investisiyalar lazımınca qorunur. Hazırda ölkəmizə qoyulan sərmayələrin əksəriyyəti neft və qaz sektoruna yönəlmişdir. Lakin indi şaxələnmə istiqamətində hərəkət etmək vaxtıdır. Buna görə də qeyri-enerji sektoruna, infrastruktura, xüsusilə nəqliyyat infrastrukturuna, bərpaolunan enerji mənbələrinə yönəlmiş investisiyalar bizim üçün prioritetlərdən biridir: “Azərbaycanda investisiya mühiti çox müsbətdir, xarici və yerli investisiyalar lazımınca qorunur. Ümid edirik ki, qeyri-enerji sektoruna daha çox investisiyalar olacaq, çünki ölkəmizə qoyulan sərmayələrin əksəriyyəti neft və qaz sektoruna yönəlib”. Ölkəmizin başçısı deyib ki, indi şaxələnmə barədə düşünmək və hərəkət etmək vaxtıdır: “Buna görə də qeyri-enerji sektoruna, infrastruktura, xüsusilə nəqliyyat infrastrukturuna, bərpa olunan enerji mənbələrinə yönəlmiş investisiyalar bizim üçün prioritetlərdən biridir. Biz indi Bakının yaxınlığında yerləşən Ələt bölgəsində azad iqtisadi zonanın açılmasının sonuncu mərhələsindəyik. Ümid edirik ki, Çin şirkətləri bu fürsətlərə diqqət yetirəcək. Əlbəttə ki, Şərq və Qərb arasında, ənənəvi ipək yolu coğrafiyasında yerləşməyimiz bizim üçün çoxlu imkanlar yaradır”. “Azərbaycan çox böyük coğrafiyanı əhatə edən “Bir kəmər, bir yol” təşəbbüsünə ilk günlərdən fəal şəkildə qoşuldu və biz mövcud olmayan infrastruktura investisiya yatırmağa başladıq»,-deyən Prezident İlham Əliyev, həmçinin son 10 il ərzində Xəzər dənizində ən böyük ticarət limanının inşa edildiyini deyib: «Son 10 il ərzində biz Xəzər dənizində ən böyük ticarət limanlarından birini, bəlkə də ən böyüyünü inşa etdik. Onun yükaşırma qabiliyyəti 15 milyon tondur və biz onu 25 milyon tona qədər artıracağıq. Biz Xəzər dənizi ilə yükləri daşımaq üçün gəmiqayırma zavodunu inşa etdik”.

ŞİMAL-QƏRB MARŞRUTU UĞURLA İNKİŞAF EDƏN QLOBAL LAYİHƏDİR

Azərbaycanın tranzit ölkə kimi imkanlarına gəldikdə dövlət başçısı bildirib ki, Şərq və Qərb arasında, ənənəvi İpək yolu coğrafiyasında yerləşməyimiz bizim üçün çoxlu imkanlar yaradır. Bu gün Bakının yaxınlığında yerləşən Ələt bölgəsində azad iqtisadi zonanın açılmasının sonuncu mərhələsi icra olunur. Ümid edirik ki, Çin şirkətləri bu fürsətlərə diqqət yetirəcəklər: «Biz əsasən dəmir yolu infrastrukturuna investisiya yatırdıq və bunu təkcə Azərbaycanda yox, regionda da etdik. İndi isə biz bu dəmir yolunu Bakıdan qərb istiqamətində genişləndirmək üçün əlavə sərmayə yatırırıq. Biz bütün digər layihələri - avtomagistrallar, hava limanları kimi layihələri də həyata keçirmişik”.

Açıq dənizə çıxışı olmayan Azərbaycanın beynəlxalq, logistik və nəqliyyat mərkəzinə çevrildiyini qeyd edən dövlətimizin başçısı deyib: “Həmçinin “Bir kəmər, bir yol” təşəbbüsü müxtəlif marşrutlar, xüsusilə Şimal-Cənub marşrutu üzrə daşımanı fəallaşdırdı. İndi isə biz Şimal-Qərb marşrutu haqqında da danışırıq. Bu, uğurla inkişaf edən qlobal layihədir. Marşrut üzərində yerləşən bütün ölkələr artıq bunun faydasını görürlər. Əlbəttə ki, nəqliyyat layihələrinə necə münasibət göstərməsi ölkələrin strategiyasından asılıdır. Bizim üçün bu, iqtisadiyyatımızı şaxələndirmək və neft-qaz gəlirlərindən asılılığımızı azaltmaq üçün əsas amillərdən biri idi”.Dövlət başçısı ötən il Azərbaycan ərazisindən tranzit daşımaların 75 faiz artdığını söyləyib:”Bu, təkcə infrastruktura görə yox, lazımi idarəetməyə görədir. Görülmüş tədbirlər bizə yükdaşımanı sürətləndirməyə, bürokratik əngəlləri aradan qaldırmağa və bunu fiziki olaraq cəlbedici etməyə imkan verir".Dövlətimizin başçısı qeyd edib ki, tarif siyasəti də mühüm məsələdir: "Çünki burada bir çox ölkələrin səylərinin birləşdirilməsi lazımdır ki, bizim razılaşdırılmış tarif siyasətimiz mövcud olsun və heç bir ölkə süni şəkildə öz mənfəətini artırmağa çalışmasın. Biz müştərək faydanı görməyi öyrənməliyik. Ərazimizdən nə qədər çox yük keçərsə, bizim bundan bir o qədər çox faydamız olar, bir o qədər də çox iş yerlərimiz olar”.Həyata keçirilməsinə başlanılan Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsinin Xəzər dənizinə istiqamətləndiyini bildirən Prezident İlham Əliyev deyib ki, bu, çox vacib əlavə təchizat marşrutudur və Orta Dəhlizin parlaq gələcəyi var.

BİZ ÇİNLƏ ƏMƏKDAŞLIQ PORTFELİMİZƏ YAŞIL ENERJİNİ DƏ ƏLAVƏ ETMƏK İSTƏYİRİK

Prezident İlham Əliyev müsahibə zamanı Çinlə yaşıl enqerji sahəsində də əməkdaşlıq etməyi deyib: «Biz Çinlə əməkdaşlıq portfelimizə yaşıl enerji sahəsində əməkdaşlığı əlavə etmək istəyirik. Çünki Azərbaycanda böyük potensial var və Çində böyük texnoloji nailiyyətlər mövcuddur. Biz bu səyləri birləşdirməliyik”.“Bizim prioritetlərə gəldikdə, bərpaolunan enerji mənbələri bizim üçün indi əsas prioritetlərdən birinə çevrilib. Son bir neçə ay ərzində biz 22 qiqavat bərpaolunan enerji mənbələrini yaratmaq üçün sərmayə təmin edəcək sənədlər imzalamışıq. Söhbət həm dənizdən, həm də qurudan gedir. Bu isə regional iqtisadi konfiqurasiyanı tamamilə dəyişəcək», - deyə dövlətimizin başçısı bildirib. Prezident İlham Əliyev deyib ki, bunun təkcə bizim ölkə üçün yox, həm də bütün region üçün çox böyük potensialı var: «Biz ixrac etmək imkanına malik olmaq üçün həm də ötürücü xətlərə də sərmayə yatırmalıyıq, çünki bizim özümüzə bu qədər enerji lazım deyil”.

ÇİNİN QLOBAL ARENADA GÖRDÜYÜ İŞLƏR YÜKSƏK QİYMƏTLƏNDİRİLMƏLİDİR

Azərbaycan Prezidenti Çinin gördüyü işləri də beynəlxalq ictimaiyyət görürü və yüksək dəyərləndirir: “Sizə səmimi deyə bilərəm ki, dəstək və əməkdaşlıqla bağlı qlobal arenada Çinin gördüyü işlər beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməlidir.AZƏRTAC xəbər verir ki, bunu Prezident İlham Əliyev Çinin CGTN telekanalına müsahibəsində deyib.“Siz (Çin-red.) bunu qlobal miqyasda edirsiniz. Biz isə bunu daha çox regional miqyasda edirik. Ancaq bizim fəlsəfəmiz eynidir və uğurludur. Baxın, Çin dünyada ən çox uğur qazanmış ölkələrdəndir və dünyanın aparıcı iqtisadiyyatlarındandır. Siz buna öz əməyiniz, xalqınızın və ölkə rəhbərliyinin müdrikliyi və nəticəyönümlü səyləriniz sayəsində nail olmusunuz”, - deyə dövlətimizin başçısı qeyd edib.

AZƏRBAYCAN KİMİ ÖLKƏ ÜÇÜN ÇİNDƏ İQTİSADİ ARTIM OLDUQCA VACİBDİR

“Çin iqtisadiyyatı təkcə ölkənizlə məhdudlaşmır. Onun qlobal iqtisadiyyata təsiri var və bir çox analitik təsisatların proqnozları Çin iqtisadiyyatının inkişaf proqnozlarına əsaslanır. Bu, bir məsuliyyətdir və hökumətiniz bu qlobal məsuliyyəti dərk edir»,-deyən dövlətimizin başçısı Çinin iqtisadi inkişafa və islahatlara sadiqliyini, dünyaya daha da açıq olmasına dair sarsılmaz əzmini qiymətləndirən dövlətimizin başçısı deyib: «Ölkənizin yüksəkrütbəli rəsmisi Davosda belə bəyanatla çıxış edirsə, bu, dünya iqtisadiyyatı, bütün ölkələr, o cümlədən bizim ölkə üçün də çox yaxşı siqnaldır. Azərbaycan kimi ölkə üçün Çində iqtisadi artım olduqca vacibdir”.Azərbaycan Prezidenti qeyd edib ki, Çin onilliklər ərzində müəyyən edilmiş hədəflərə müntəzəm surətdə nail olub, onun iqtisadi göstəriciləri qlobal iqtisadiyyata və bir çox ölkələrə ciddi dərəcədə təsir edir.Azərbaycan Prezidenti, həmçinin müsahibsi zamamanı çinli dostlarımızı Çin təqvimi üzrə Yeni il münasibətilə təbrik edib: "Mən çinli dostlarımızı Çin təqvimi üzrə Yeni il münasibətilə təbrik etmək istəyirəm. Bütün Çin xalqına sülh, firavanlıq və uğur diləyirəm. Azərbaycan olaraq biz sizin dostunuz və tərəfdaşınızıq” Dövlətimizin başçısı deyib: “Bizim uzun illərdir ki, çox yaxşı münasibətlərimiz var. Biz sizin ölkənizi sevirik və şadıq ki, getdikcə daha çox azərbaycanlı Çinə səfər edir. Bununla yanaşı, Çindən gələnlərin də sayı artır. İnsanlar arasında təmaslar daha sıx siyasi münasibətlərin qurulmasında vacib rol oynayır. Əminəm ki, Çin özünün iqtisadi və sosial inkişafında uğurlar əldə etməyə davam edəcək və bizi birləşdirəcək Orta Dəhliz layihəsi uğurla həyata keçiriləcək”.

MƏNİM AZƏRBAYCAN CƏMİYYƏTİ İLƏ ÇOX AÇIQ KOMMUNİKASİYA KANALIM VAR

Sözü imzası qədər qüvvətli və dəyərli olduğunu müsahibəsi zamanı da bir daha vurğuladı: “Siyasi həyatımda heç vaxt olmayıb ki, mən söz verim və arxasında dayanmayım. Verdiyim bütün sözlər yerinə yetirilib. Digər tərəfdən, mən çox söz vermirəm, çünki nəticəni nümayiş etdirməyi üstün tuturam”.“Biz yalan vədlərə əsaslanan çox sayda siyasi və ya seçki kampaniyaları görmüşük. Lakin bu, uğura gətirib çıxarmayıb, uğur yalnız müvəqqəti olub. Çünki insanlar hər şeyi çox yaxşı başa düşürlər. Onlar yadda saxlayırlar. Əgər siz vəd verib yerinə yetirməmisinizsə onlar sizi dəstəkləməyəcəklər. Mən hər zaman görülmüş işi nümayiş etdirməyi üstün tuturam və hər zaman planlarımızla bağlı insanlarla məsləhətləşirəm. Mənim Azərbaycan cəmiyyəti ilə çox açıq kommunikasiya kanalım va”, - deyə dövlətimizin başçısı vurğulayıb.

BAŞLADIĞIMIZ BÜTÜN PROQRAMLARIN HAMISI İCRA OLUNUB

“Mən hər il regionlara təxminən 30-40 səfər edirəm və insanları hansı problemlərin narahat etdiyi, nələrin həll edilməli olması ilə, nə etməli olduğumuzla maraqlanıram. Bu, enerji təhlükəsizliyi, nəqliyyat kimi qlobal layihələrin bir hissəsidir, insanların gündəlik həyatıdır”.Bu barədə Prezident İlham Əliyev Çinin CGTN telekanalına müsahibəsində bildirib.İnsanların daha yaxşı yaşamalarını təmin etmək üçün müxtəlif alətlərin olduğunu qeyd edən Azərbaycan Prezidenti deyib: "İlk növbədə, siz xalqınızla dürüst davranmalısınız və onda onlar sizi dəstəkləyəcəklər, sizə etibar edəcəklər. Başladığımız bütün proqramlarımıza gəlincə, onların hamısı icra olunub. Azərbaycanda heç kim deyə və sonra da sübut edə bilməz ki, nə vaxtsa proqram qəbul olunub, sonra isə icra olunmayıb”.Dövlətimizin başçısı əlavə edib ki, 20 illik prezidentliyi dövründə söylədiyi hər bir sözə görə məsuliyyət daşıya bilər: “Millətimizin əldə etdiyi ən böyük nəticələrdən biri işğal altındakı ərazilərin iki il əvvəl azad edilməsi oldu. Bu, həm də tarixi nailiyyət idi, bəlkə də ən mühüm tarixi nailiyyət”.

BİZ ENERJİ TƏHLÜKƏSİZLİYİNƏ GEDƏN YOLUN BAŞLANĞICINDA YAXŞI SƏRMAYƏ MÜHİTİ YARATMIŞIQ

Prezident İlham Əliyev müsahibə zamanı enerji təhlükəsizliyinə gedən yolun başlanğıcında yaxşı sərmayə mühiti yaradıldığını deyərək bu sahədə çoxmilyardlı investisiyalar cəlb etməyə nail olunduğunu vurğulayıb: «Biz enerji təhlükəsizliyinə gedən yolun başlanğıcında yaxşı sərmayə mühiti yaratmışıq və hətta ixrac marşrutlarına malik olmadan neft-qaz sahəsinə çoxmilyardlı investisiyalar cəlb etməyə nail olmuşuq"."Mən enerji siyasətimizdə hər zaman demişəm ki, Azərbaycan istehsalçı olaraq tranzit dövlətlər və istehlakçılar arasında balansı qoruyacaq. Balans olmasa, bu iş uğursuz olacaq. Enerji prosesinin hər bir hissəsinin sözsüz ki, töhfədən asılı olaraq öz mənfəət payı olmalıdır, bu, ədalətli olmalıdır. Biz hər zaman ədalətli olmuşuq. Ona görə də, biz iki il bundan əvvəl Bakıdan Cənubi Avropaya gedən 3500 kilometr uzunluğunda Cənub Qaz Dəhlizinin tikintisini tamamladıq", - deyə dövlətimizin başçısı qeyd edib.Azərbaycan Prezidenti vurğulayıb ki, Cənub Qaz Dəhlizi 7 ölkəni, 10-dan çox şirkəti, aparıcı maliyyə institutlarını – Dünya Bankını, Avropa Yenidənqurma və İnkişaf Bankını, Asiya İnfrastruktur və İnvestisiya Bankını, Avropa İnvestisiya Bankını və Asiya İnkişaf Bankını əhatə edən texniki cəhətdən çox mürəkkəb və çox bahalı layihədir.

AZƏRBAYCANIN HƏDƏFİ AVROPA BAZARINA QAZ İXRACINI İKİ DƏFƏ ARTIRMAQDIR

“Biz komanda işini qurmağa nail olduq. İndi - bütün bu infrastruktur layihələrinin hazır olduğu bir vaxtda belə alındı ki, bizim qazımıza indiyədək olduğundan daha çox ehtiyac var. Bizim Avropaya kəmərimiz enerji təhlükəsizliyinə töhfənin elementlərindən biridir»,-deyən dövlətimizin başçısı bildiriib ki, ötən il Azərbaycan Avropa bazarına qaz ixracını iki dəfə artırmaq üçün Avropa Komissiyası ilə sənəd imzalanıb: «Biz 5 il ərzində bu hədəfə nail olacağıq, bu, mümkündür, baxmayaraq ki, asan olmayacaq. Azərbaycan sözsüz ki, təbii qazın çox böyük təchizatçısı deyil, lakin bizim Şərqi və Cənubi Avropada bazarımız var və gələcəkdə daha çox qaz hasil etdikcə, coğrafiyamızı genişləndirəcəyik”.

BİZİM SİYASƏTİMİZ HƏR ZAMAN ƏMƏKDAŞLIĞA ƏSASLANIB

“Düşünürəm ki, bəzi ölkələrin ambisiyaları, regionda və ya dünyada bir növ liderlik uğrunda mübarizə, potensialın düzgün hesablanmaması, opponentinizin olduğundan aşağı qiymətləndirilməsi əməkdaşlığı çətinləşdirir",- deyən dövlətimizin başçısı bunun etimadsızlığa, gərginliyə və müharibələrə gətirib çıxardığını qeyd edib: «Bizim siyasətimiz hər zaman, sözün əsl mənasında, əməkdaşlığa əsaslanıb, çünki biz qəti surətdə inanırıq ki, yalnız əməkdaşlıq sayəsində uğur qazana bilərsiniz. Nə qədər çox versəniz, nə qədər çox yardım etsəniz, bir o qədər çox əldə edəcəksiniz. Dünya bunun üzərində qurulub”.Dövlətimizin başçısı müxbirin müvafiq sualına cavab verərkən buna daha bir misal olaraq Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi səylərini göstərib: "Azərbaycan artıq dördüncü ildir ki, Qoşulmama Hərəkatına sədrlik edir. Biz yekdilliklə seçilmişik və bizim sədrliyimiz yekdilliklə daha bir il müddətinə, bu ilin sonuna kimi uzadılıb. Bu müddət ərzində biz həqiqətən də nümayiş etdirdik ki, bu hərəkatın səsinin eşidilməyini istəyirik, biz bu hərəkatın dünya arenasında öz yerini tutmağını istəyirik”.Dövlətimizin başçısı pandemiya dövrünə də toxunaraq deyib ki, Azərbaycan həmin ağır illərdə 80-dən artıq ölkəyə tibbi, humanitar və maliyyə dəstəyi göstərib: “Azərbaycan pandemiya dövründə 80-dən artıq ölkəyə tibbi, humanitar və maliyyə dəstəyi göstərib. Biz bunu könüllü olaraq, hər hansı təmənna güdmədən etdik. Biz, sadəcə, hesab etdik ki, bizim belə imkanımız varsa, bunu etməliyik".Bu barədə Prezident İlham Əliyev Çinin CGTN telekanalına müsahibəsində bildirib.“1990-cı illərin əvvəllərində elə dönəm var idi ki, ölkəmizin köməyə ehtiyacı olub. O zaman ölkəmiz yoxsul idi və bir çox sosial problemlərlə üzləşmişdi. Yəni, biz kasıblığın nə olduğunu yaxşı bildiyimiz üçün kömək əlimizi uzatdıq. Bu ideologiya üstünlük təşkil etsə, dünya daha təhlükəsiz olar», - deyə dövlətimizin başçısı vurğulayıb.Prezident İlham Əliyev qeyd edib ki, bu gün dünyanın üzləşdiyi əsas problemin legitim mənbəyi yoxdur, bunlar, sadəcə, baxışlar, ambisiyalar və virtual liderlik uğrunda mübarizə ilə bağlıdır.

Beləliklə, son Davos Forumunu da Azərbaycan üçün uğurlu saymaq olar. Beynəlxalq ictimaiyyət Azərbaycanın dünyanın və Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynadığına bir daha əmin oldu. Bu isə o deməkdir ki, Azərbaycanın artan nüfuzu, regionda söz sahibi olması və qüdrətlənməsi dünyanın aparıcı siyasi və iqtisadi dairələri tərəfindən birmənalı təsdiq edilir.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə