Birləşmiş Ərəb Əmirliklərinə səfərin əhəmiyyəti və GÖZLƏNTİLƏR - TƏHLİL
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvəti ilə yanvarın 15-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfər etməsi, yanvarın 16-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində iştirakı diqqəti cəlb etməyə bilməz və sözsüz ki, bir sıra məqamlardan xəbər verir. Ölkə rəhbərinin bu səfəri həm siyasi, həm də iqtisadi baxımdan xüsusilə böyük əhəmiyyət kəsb edir. Ələlxüsus son hadisələr fonunda bu görüşün əhəmiyyətini etiraf etməmək mümkün deyil.
İlk öncə onu vurğulamaq lazımdır ki, mövcud şəraitdə ölkə rəhbərimizin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfər etməsi hər şeydən əvvəl siyasi baxımdan çox təqdirəlayiqdir. Qonşu dövlət olan İranın Azərbaycanla, Türkiyə ilə bağlı məqamlara qeyri-dost yanaşması fonunda bu səfərin özəlliyi diqqətdən yayına bilməz. Xüsusən də, İranın təkcə Azərbaycanı, Türkiyəni deyil, Birləşmiş Ərəb Əmirliklərini də, bu ölkənin siyasətini də həzm edə bilməməsi onu deməyə əsas verir ki, rəsmi Tehranın siyasəti hal-hazırda bölgə dövlətlərini narahat etməyə bilməz və bu dövlətlərin birliyi bu baxımdan xüsusilə qaçılmazdır. Elə Azərbaycan Prezidenti cənab İlham Əliyevin dəfəri bu mənada olduqca yüksək qiymətləndirilir və politoloqların, siyasətmilərin bu səfərin əhəmiyyəti barədə hələ bundan sonra müvafiq rəylər və şərhlər verəcəyi zərrə qədər şübhə doğurmur.
Son zamanlar Türkiyə-İsrail münasibətlərinin normallaşması rəsmi Tehranın kürkünə birə salıb, amma bu o demək deyil ki, adıçəkilən iki ölkə İrana görə münasibətlərini yaxşılaşdırmamalıdır. İran hesab edir ki, özünə düşmən saydığı İsraillə münasibətlər yaradan hərhansı ölkə onun düşmənidir. Məsələ burasındadır ki, Tehranın bu yanaşmasına məhəl qoyan yoxdur. Elə Birləşmiş Ərəb Əmirliklərinin özünün də İsraillə münasibətləri normallaşdırmaq məqsədi ilə müvafiq addımlar atması təsdir edir ki, BƏƏ özü də İranın nə düşündüyünü, vəziyyətə neçə yanaşdığını, nə qiymət verdiyini hesaba belə almır və öz münasibətlərində israrlıdır. Ona görə israrlıdır ki, hər şeydən öncə, bölgədə vəziyyətin normallaşdırılmasına maraqlıdır, İranın istəklərinin, arzularının yerinə yetirilməsinə yox.
Təkzib edilə bilməz ki, bütün bu münasibətlərin qurulması, normallaşdırılması, inkişaf etdirilməsi fonunda bölgədə yeni əməkdaşlıq imkanları yaranır. Bunun nəyi pisdir və nəyə görə ölkələr İrana görə münasibətlərini normallaşdırmamalıdırlar? Əksinə, belə bir şəraitdə, özü də İranın pozucu niyyəti və siyasətinə görə münasibətlərin normallaşdırılması xüsusi önəm kəsb edir. Hazırda sadalanan dövlətlərin hər birinin münasibətləri normallaşdırmaq niyyəti və bu istiqamətdə atdığı addımlar müsbət tendensiya hesab olunur ki, bunu da hər kəs yüksək qiymətləndirir, baxmayaraq ki, İran bundan qıcıqlanır. Heç şübhəsiz ki, Birləşmiş Ərəb Əmirliklərinin İranın özünə düşmən saydığı ölkə ilə münasibətləri fonunda Tehran BƏƏ-ni də özünə rəqib hesab etdiyi kimi, həmin ölkə ilə, yəni, BƏƏ ilə münasibətləri daha da yaxşılaşdıran Azərbaycana da düşmən gözü ilə baxır, amma buna nə məhəl qoyulur, nə də bu məsələ hesaba alınır, heç alınmamalıdır da. Əslində, ölkələr arasındakı bu son münasibətlər təhlükəsizliyin təmin edilməsi baxımından olduqca vacibdir və bunu təkzib etmək İranın axmaq yanaşmasından başqa bir şey sayıla bilməz. Bu gün bölgənin gələcəyini düşünən dövlətlər hər şeyi nəzərə almalıdırlar və nəzərə də alırlar. Həmin dövlətlər bilirlər ki, bölgənin gələcəyini düşünməyin bir yolu var və o da sıx əməkdaşlıqdan keçir. Azərbaycan da bu əməkdaşlığı uğurla icra edir və bu tendensiya ölkəmiz üçün də əhəmiyyətli hesab olunur, İranın, yaxud hansısa dövlətin xöşuna gəlsə də gəlməsə də.
Bəli, İranı narahat edən məqamlardan biri də odur ki, son dövrlər Azərbaycan ərəb ölkələri ilə əlaqələrin daha da inkişaf etdirilməsinə çalışır, bu istiqamətdə mühüm addımlar atır. Təbii ki, bu əlaqələrin daha da yaxşılaşdırılmasına, inkişaf etdirilməsinə ciddi ehtiyac olduğunu nəinki Azərbaycan, digər ölkələr, lap elə İran özü də yaxşı bilir. Yaxşı bilir ki, bu məsələ təxirəsalınmaz məsələdir və bu gün Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında əməkdaşlığın bütün sahələrdə ən yüksək səviyyədə olması heç də təsadüfi deyil. Dövlət qurumları arasında 30-a yaxın sənədin imzalanması özü də müəyyən məqamlara aydınlıq gətirmək üçün kifayət edir. Bunu dərk edən Tehranın narahatlığını başa düşməmək mümkün deyil, amma bu heç də əsas vermir ki, Birləşmiş Ərəb Əmirlikləri ilə münasibətlərin daha da yaxşılaşdırılması və inkişaf etdirilməsi əngəllənsin.
Birləşmiş Ərəb Əmirlikləri ölkəmizə qarşı hər zaman dost münasibəti sərgiləyib. Eyni zamanda Azərbaycan da öz növbəsində BƏƏ üçün dost münasibəti göstərib. Bilirik ki, beynəlxalq platformalarda hər iki dövlət bir-birinə hər məqamda yüksək dəstək göstərib və bunu da nümayiş etdirib. Bütün dünya ölkələrinin əksəriyyəti ən azından müşahidəçi mövqedə olduğu zaman Birləşmiş Ərəb Əmirlikləri Azərbaycanın haqlı mövqeyini dəstəkləyən dövlət olaraq çıxış edib. Bu baxımdan Azərbaycanın Birləşmiş Ərəb Əmirlikləri ilə münasibətlərini daha da yaxşılaşdırmasında qeyri-adi heç nə yoxdur və buna nəinki İran, ümumiyyətlə heç bir dövlət nə qarışa, nə də qıcıq nümayiş etdirə bilməz və buna haqqı da çatmır. Azərbaycan müstəqil, suveren dövlətdir və özünün strateji xətti də var və buna müvafiq olaraq əlaqələrini milli maraqları çərçivəsində hər zaman qurmağa hazırdır. Elə bu rakursda da ölkəmizin Birləşmiş Ərəb Əmirlikləri ilə əlaqələrini yaxşılaşdırması hər mənada, həm siyasi məsləhətləşmələrin aparılması, həm də iqtisadi əlaqələrin genişləndirilməsi, yeni sərmayələrin cəlb edilməsi baxımından milli maraqlarımıza uyğundur və bu səfərin müsbət mənada ciddi nəticələri də gözləniləndir.
Fransa-Ermənistan cütlüyünün BMT Təhlükəsizlik Şurasında Laçın yolundakı aksiyaya görə Bakıya qarşı qəbul etdirmək istədiyi qətnaməyə qarşı çıxan ölkələrdən birinin Birləşmiş Ərəb Əmirlikləri olması özü bizim üçün kifayət qədər əsas verir ki, əlaqələrimizi daha da yaxşılaşdıraq, inkişaf etdirək. Bunu da bilirik ki, Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan Birləşmiş Ərəb Əmirliklərinin BMT TŞ-nın qətnaməsinə qarşı çıxmaq səlahiyyəti var və bu səlahiyyəti hələ 2023-cü ilin sonuna qədər davam edəcək. Yəni, Abu-Dabi həmin müddət ərzində söz haqqına sahibdir və bu Azərbaycan üçün çox önəmlidir. Ələlxüsus indiki məqamda, yəni ermənipərəst qüvvələrin əldən-ayaqdan getdiyi bir zaman kəsiyində bunu qiymətləndirməmək olmaz. Birləşmiş Ərəb Əmirliklərinin dəstəyini öncədən almaq üçün bu ölkə ilə təmasları intünsivləşdirmək Azərbaycanın maraqlarına uyğundur. İstəyinə nail ola bilməyən ermənipərəst qüvvələrin hələ də çirkin niyyətlərdən, planlardan əl çəkmədiyi bəlli məsələdir və elə Fransanın timsalında aranı qarışdırmaq istəyən bir çoxlarının Təhlükəsizlik Şurasında Bakıya qarşı qərəzli mövqedən çıxış edəcəyi bəlli məsələdir və belə bir şəraitdə Təhlükəsizlik Şurasında hər bir səsin rəsmi Bakı üçün əhəmiyyətli olmasını nəzərə alaraq, Birləşmiş Ərəb Əmirlikləri ilə əlaqələrin daha da yaxşılaşdırılmasının, inkişaf etdirilməsinin əhəmiyyətini görməmək, başa düşməmək mümkün deyil. Bir sözlə, Birləşmiş Ərəb Əmirliklərinə səfərin siyasi baxımdan nə qədər önəmli olduğu artıq hər kəsə bəllidir və təkcə sadalanan məqamlar belə bu səfərin əhəmiyyətini izah etmək üçün kifayət edir.
Səfərin siyasi baxımdan əhəmiyyəti ilə yanaşı, onun iqtisadi səmərəliliyi də danılmazdır. Azərbaycan Prezidentinin BƏƏ-yə səfəri və görüşləri investisiyaların Azərbaycana yönəlməsi baxımından da xüsusi əhəmiyyət kəsb edir. Hamıya bəllidir ki, son 8 ildə Birləşmiş Ərəb Əmirliyi, ümimiyyətlə, Ərəb ölkələri Azərbaycan üçün ciddi tərəfdaşlardan hesab olunurlar. Məhz Birləşmiş Ərəb Əmirliyi Azərbaycana ciddi həcmdə alternativ enerji istehsalına görə ilk olaraq investisiya yatıran 2 ölkədən biridir. Bildiyimiz kimi, ötən ilin martında Birləşmiş Ərəb Əmirliyinin “Masdar” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının martın 15-də Gülüstan sarayında təməlqoyma mərasimi keçirilib, hansı ki, bu invesrisiya layihəsinin dəyəri 225 milyon ABŞ dollarından çox qiymətləndirilib. Ümumiyyətlə, Birləşmiş Ərəb Əmirliyi indiyə qədər Azərbaycana 2,5 milyard həddində investisiya yatırıb və bu böyük rəqəmdir, ən azından bizim ölkəmizin BƏƏ-yə yatırdığı investisiyanın həcmindən dəfələrlə, daha dəqiq desək, 7 dəfə çoxdur. Məhz zəngin iqtisadi, maliyyə gücü olan bir ölkənin bizim ölkəmizə, Azərbaycana maraqla yanaşması böyük investisiya axınının reallaşması deməkdir. Belə bir sərmayə, belə bir yatırım gözləntilərinin olması səfərin siyasi əhəmiyyəti ilə yanaşı, iqtisadi əhəmiyyətinin də nə qədər böyük olduğunu göstərir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB