20 Yanvar-Azərbaycan xalqı üçün unudulmaz tarixdir ŞƏRH

20 Yanvar-Azərbaycan xalqı üçün unudulmaz tarixdir ŞƏRH

1990-cı il yanvarın 20-si Azərbaycan xalqının tarixinə həm faciəli, həm də qəhrəmanlıq, rəşadət səhifəsi kimi yazıldı. Ulu öndər Heydər Əliyev vaxtilə 20 Yanvar hadisələri haqqında danışarkən deyirdi ki, o günlərdən nə qədər çox uzaqlaşsaq, həmin günlərin Azərbaycan xalqının tarixində necə mühüm yer tutduğunu bir o qədər dərk edəcəyik və bəlkə də gələcək nəsillər buna daha doğru, daha düzgün qiymət verəcəklər. Ancaq bir şey həqiqətdir ki, 1990-cı ilin 20 Yanvarı Azərbaycan xalqının həyatında dönüş mərhələsi, dönüş nöqtəsi olub.

Ulu Öndərimizin dediyi kimi, 20 Yanvar tariximizdə tutduğu yeri indi – 33 il keçdikdən sonra daha aydın görürük. 1990-cı il yanvarın 20-də Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini verdi. Azadlığa gedən yolda həyatlarını qurban verən Vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazdılar. Xalqın birliyi və milli ləyaqət hissi top-tüfəngə qalib gəldi və bu, 20 Yanvarı səciyyələndirən ən mühüm məqamlardan biridir.

Azərbaycan 30 ildən artıqdır ki, müstəqil dövlətdir. 1990-cı ildən başlanan ağır, çətin, ancaq şərəfli yol Qarabağ Zəfəri ilə ən şanlı zirvəyə çatıb. Ermənistanın işğal etdiyi torpaqlarımız 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində azad olunub. Hələ uşaq ikən Şəhidlər xiyabanına gəlib, şəhidləri ziyarət edən gənclər özləri qəhrəmanlıq dastanı yazdılar, Vətənimizin ərazi bütövlüyünü bərpa etdilər. Şəhidlər xiyabanında Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş qəhrəman Vətən övladları da dəfn edilib. Bu gün bütün şəhidlərimizin ruhları şaddır, onların qanı hədər getməyib. Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü naminə şəhid olanlar müasir dövrümüzün qəhrəmanlıq tarixinin əsasını qoyublar. Ona görə də xalqımız 20 Yanvar faciəsinin 33-cü ildönümünü Qarabağ Zəfərinin fonunda xüsusi qürur hissi ilə qeyd edir.

20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilməsi məsələsi ümummilli lider Heydər Əliyevin sayəsində həllini tapdı. O vaxt Moskvada yaşayan Heydər Əliyev yanvarın 21-də Azərbaycanın daimi nümayəndəliyinə gələrək xalqımızın kədərinə şərik çıxdı, sovet rəhbərliyinin Bakıda törətdiyi qanlı cinayəti pislədi. Ulu Öndərimizin 20 Yanvar hadisələri ilə bağlı bəyanatı nəticəsində dünya SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı bu dəhşətli, xüsusi amansızlıqla törədilən dövlət terrorundan xəbər tutdu. 1990-cı ilin iyulunda Moskvadan Vətənə qayıdan ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə həmin il noyabrın 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verən sənəd qəbul edildi.

Azərbaycan xalqının ümumi rəyini özündə təcəssüm etdirən bu qərar ulu öndər Heydər Əliyev qətiyyətinin təzahürü kimi tarixə düşdü. 20 Yanvar Azərbaycan tarixinə faciə və qəhrəmanlığın eyni vaxtda yaşandığı gün kimi yazılıb. Şəhidlərin dəfn mərasimində yaşanan izdiham Azərbaycan xalqının böyük kədəri ilə yanaşı, mərdliyini, bir amal uğrunda necə sıx birləşdiyini nümayiş etdirdi. Həmin vaxt çəkilmiş fotolar özündə bu qürurverici anları yaşadır.

Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin fədakarlığını, Vətən qarşısındakı xidmətlərini belə qiymətləndirib: “Azadlıq, müstəqillik uğrunda, Vətən uğrunda özlərini qurban verən şəhidlərimizin hamısının xatirəsini həmişə qəlbimizdə yaşatmalıyıq. Hesab edirəm ki, bugünkü müstəqil, qüdrətli Azərbaycan xalqımızın ən böyük sərvətidir. Şəhidlərimizin, canlarını qurban vermiş insanların bu işdə böyük xidməti olubdur. Bu da heç vaxt yaddan çıxarılmamalıdır”. Bu gün biz ötən dövrlərə baxıb qürur hissi ilə 20 Yanvar şəhidlərini yad edirik. Ona görə də biz Qanlı Yanvar hadisəsini yalnız faciə kimi qiymətləndirmirik. Bu gün həm də ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın ən şərəfli səhifələrdən biridir. Xalqımızın öz müstəqilliyi naminə verdiyi bu şəhidlər müasir dövrümüzün qəhrəmanlıq tarixinin əsasını qoydu. Onların xatirəsi qəlbimizdə hər zaman yaşayacaqdır!

Könül İbrahimova

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin

Fiziologiya İnstitutu üzrə Ərazi partiya təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə