Bu gün ölkəmizdə digər sahələrdə olduğu kimi, siyasi sfera və qanunvericilik sahəsində də islahatlar aparılır, qanunvericilik təkmilləşdirilir, Azərbaycanda mövcud olan bütün siyasi partiyaların normal fəaliyyəti üçün lazımi addımlar atılır.
“Siyasi partiyalar haqqında” Qanun ilk dəfə Azərbaycanın yeni müstəqillik qazandığı dövrdə - 3 iyun 1992-ci il tarixdə qəbul edilmişdir və o dövrün reallıqlarını əks etdirirdi. Bu günə kimi ötən müddət ərzində, son 30 ildə Azərbaycan böyük bir inkişaf yolu keçmişdir və əlbəttə ki, yeni siyasi mühit formalaşmışdır. Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yerli televiziya kanallarına verdiyi müsahibədə bildirmişdir ki, Vətən Müharibəsində qazandığımız tarixi Zəfərdən sonra Azərbaycanın qarşısında yeni vəzifələr dayanır. Əlbəttə ki, bütün siyasi partiyalar yeni reallıqlar fonunda öz proqramında dəyişikliklər etməli, yeni yanaşma formalaşdırmalı, yeni vəzifələr müəyyən etməlidir. Bu baxımdan “Siyasi patiyalar haqqında” Qanunun yenilənməsi zərurətə çevrilmişdir. Milli Məclisdə təmsil olunan bütün siyasi partiyaların nümayəndələri 2022-ci il iyul ayının 26-da “Siyasi partiyalar haqqında” yeni Qanun layihəsinin hazırlanması üçün Milli Məclisin sədrinə müraciət etmişdilər.
Azərbayan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Fərmanı ilə 11.01.2023-cü il tarixdə “Siyasi partiyalar haqqında” Qanun təsdiqlənərək qüvvəyə minmişdir. 6 fəsil və 30 maddədən ibarət yeni qanun layihəsi müasir dövrün tələbləri ilə yanaşı dünya standartlarına tam cavab verir. Çünki qanun layihəsinin hazırlanması zamanı beynəlxalq təcrübənin öyrənilməsinə önəm verilmiş, Venesiya Komissiyasının 2010-cu ildə qəbul etdiyi “Siyasi partiyaların fəaliyyətinin hüquqi tənzimlənməsi barədə vəziyyət”, Venesiya Komissiyasının və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları üzrə Bürosunun 2021-ci ildə qəbul etdiyi “Ukraynanın Siyasi partiyalar haqqında Qanununun layihəsinə dair birgə rəy”, Avropanın qabaqcıl ölkələrinin təcrübəsi, Milli Məclisə 47 siyasi partiyadan yazılı formada təqdim edilmiş 300-ə yaxın təklif və Milli Məclisin komitə və plenar iclaslarında deputatlar tərəfindən irəli sürülmüş 100-dən çox təkliflər nəzərə alınmışdır. Bununla yanaşı ölkənin milli maraqları, milli mənəvi dəyərlərin qorunub saxlanması, mövcud siyasi sistemin özəllikləri də diqqətdə saxlanılmışdır. Qanun layihəsi komitə və plenar iclasların müzakirəsinə çıxarılmazdan əvvəl rəy və təkliflərin bildirilməsi üçün Milli Məclisin saytına yerləşdirildi. Qanun layihəsi ilə bağlı Milli Məclisdə təmsil olunan, həm də təmsil olunmayan, qeydiyyatdan keçmiş siyasi partiyaların nümayəndələrinin, qeyri-hökumət təşkilatlarının, media nümayəndələrinin, politoloqların iştirakı ilə iki ictimai dinləmə keçirildi. Bu şəffaflığın və obyektivliyin önəmli göstəricisi idi. Plenar iclaslardakı müzakirələr və ictimai dinləmələrdən sonra ümumilikdə qanun layihəsinə 110-dək əlavə və dəyişikliklər edildi. 2022-ci il dekabr ayının 16-da Milli Məclisdə üçüncü oxunuşda “Siyasi partiyalar haqqında” yeni Qanun qəbul edildi. Bu qanun Azərbaycanda demokratiyanın inkişafında irəli atılmış növbəti mühüm addım kimi qiymətləndirilir.
Yeni qanunda siyasi partiyanın təsisi prosesi də xeyli təkmilləşdirilmiş, əvvəlki qanunda əks edilmiş bir çox məhdudiyyətlər aradan qaldırılmışdır. Əvvəlki qanundan olduğu kimi siyasi partiyalar təsis edilərkən təsisçinin azı 20 il Azərbaycanda davamlı yaşaması, təsisçi sayının 200 olması, ardıcıl iki dəfə seçkilərdə iştirak etmədiyi təqdirdə qeydiyyatının ləğv olunması kimi tələblər artıq yeni qanunda yer almır. Bundan başqa partiya üzvlərinin mütləq sayı azaldılaraq 5000-ə endirilmişdir.
Ölkənin ictimai-siyasi həyatında mühüm hadisəyə çevrilmiş “Siyasi partiyalar haqqında” yeni Qanunun qəbul edilməsi siyasi sahədə böyük canlanma yaradacaq, ölkədə mövcud olan siyasi partiyaların fəaliyyətinin səmərəliliyinin və effektliliyinin yüksəlməsinə unikal imkanlar açacaq, müxtəlif siyasi qüvvələr arasında mövcud siyasi konfiqurasiyanın tələb və şərtlərinə uyğun, qarşılıqlı faydalı, şəffaf münasibətlərin formalaşması üçün möhkəm zəmin formalaşdıracaq.
Günay Məmmədli
YAP Yasamal rayonu “Azərsu” ASC üzrə
ərazi partiya təşkilatının sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB