Regionda vəziyyət – LİDERLİK MÜƏYYƏNLƏŞİB - TƏHLİL

Regionda vəziyyət – LİDERLİK MÜƏYYƏNLƏŞİB - TƏHLİL

Artıq keçmişdə qalan Qarabağ məsələsi ilə bağlı məqamların sonuna yaxınlaşdıqca, Qarfaqzda yeni oyunlara əl atanlar aktivləşməyə başlayıb. Türkiyə-Azərbaycan tandemi bölgədə həlledici olduğu halda bir çox qüvvələrin kürkünə birə düşməyə başlayıb və istər İran, istər Rusiya, istərsə də Fransa ən azından regionda mövcudluğunu qorumaq üçün bütün vasitələrə əl atır və mümkün bütün qüvvələrini, imkanlarını səfərbər edir. Buna baxmayaraq, artıq regionda söz sahibi bəllidir və kənar qüvvələrin səyləri əbəs yerədir, çünki öz torpaqlarına, öz hüquqlarına sahib çıxan Azərbaycan buna imkan verməyəcək.

Bəllidir ki, İran bu zamana qədər özünə rəqib hesab etdiyi Türkiyənin və bir də Azərbaycanın regionda iqtisadi, geosiyasi və hərbi cəhətdən güclənməsindən nəinki narahatdır, rəsmi Tehran bu reallığı həzm edə bilmir. Türkiyə-Azərbaycan tandemi İranı bölgədə arxa plana keçirib ki, bu da İranı rahatsız edib və Rusiya ilə bu ölkənin siyasi oyunlar oynaması da bu səbəbdəndir. Məsələ burasındadır ki, rəsmi Tehran nə qədər Moskvaya yaxınlaşmaq istəsə də reallıqlar yenə də həmin ölkənin xeyrinə deyil və bölgədə öz varlığını qorumaq üçün səyləri əbəsdir. Rusiya ilə münasibətləri nə qədər yaxşılaşdırmağa çalışsa da İran buna nail ola bilmir. Ona görə ki, Rusiya tərəfi Azərbaycanın və Türkiyənin potensialına, bölgədə söz sahibi olmasına inanır. Hətta nəinki Rusiya, eləcə də ABŞ və Avropa ittifaqı belə Azərbaycanın və Türkiyənin maraqları ilə hesablaşmaq niyyətində, deyərdik ki, məcburiyyətindədir və bunu hər addımda da hiss etmək çətin deyil.

Bu gün artıq istər Türkiyə, istərsə də Azərbaycan Mərkəzi Asiya ölkələri olan Qazaxıstan, Özbəkistan və Qırğızıstanla da fəal əlaqələr qurur ki, bu da öz təsirini hər mənada göstərməkdədir. Qeyd olunan əlaqələr hətta Tatarıstan və Başqırdıstan olmaqla, Rusiyanı bəzi regionlarına da təsirini genişləndirir. Azərbaycan məhz Cənubi Qafqazda, hətta Mərkəzi Asiyada iqtisadi mövcudluğunun bundan sonra daha da genişləndirilməsi məqsədi ilə Zəngəzur dəhlizi layihəsinin reallaşdırılmasına israrlıdır. Bunu İran tərəfi də bilir, Rusiya da, Fransa da. Bu isə o deməkdir ki, Azərbaycanın və Türkiyənin regionda liderliyi artıq öz təsdiqini tapır və bunu həmin ölkələrin seyr etməkdən başqa çarəsi qalmır. Belə bir çarəsizlik şəraitində birinci növbədə İran arxa plana keçdiyini başa düşür ki, səyləri də bu mənada çox aydın şəkildə özünü biruzə verir.

Təsadüfi deyil ki, İran bu gün əlinin hər yerdən üzülmək təhlükəsi ilə hər vəchlə Zəngəzur dəhlizinin reallaşmasına qarşı çıxır. İstər gizli, istərsə də aşkarda buna nail olmaq fikrindədir. Bunun üçün isə Ermənistanı hər mənada dəstəkləyir və niyyəti də bəllidir. Niyyəti isə ondan ibarətdir ki, birinci növbədə gözlənilən sülh müqaviləsinə mane olsun, ən azından Ermənistanı bir müddət bu müqaviləni imzalamaqdan çəkindirsin, Zəngəzur dəhlizi məsələsinə də əngəl yaratsın. Ermənistan tərəfə İranın hər bir köməyi də, yardımı da deyilənləri təsdiqləyir. İran hətta hərbi istiqamətdə də yardım etməkdən çəkinmir, baxmayaraq ki, bu, region üçün təhlükəli nəticələr vəd edir. Bir sözlə, İran hər şeyi göz ardına alaraq əlini müxstəlif istiqamətlərə uzadır. Rəsmi Tehranın məqsədi bəllidir. Məqsəd ondan ibarətdir ki, əvvla Azərbaycanın və Türkiyənin bölgədə liderliyinə mane olsun, digər tərəfdən də özünü, öz mövcudluğunu az da olsa qorusun.

Doğrudur, İranda vəziyyət molla rejimi üçün heç də ürəkaçan deyil və daxili təlatümlər bu ölkəni göz açmağa qoymur, əks halda hərhansı formada müdaxilələri daha çox müşahidə etmiş olardıq. Bilirik ki, elan olunmasa belə İranda artıq vətəndaş müharibəsinin ilk qığılcımları görünür. Bu vəziyyət bir ölkə üçün ən fəlakətli hesab olunur və İran hakimiyyətinin vəziyyəti nəzarətdə saxlamaq üçün göstərdiyi səylər də diqqətdən yayınan deyil. Rəsmi Tehranın bəzi hallarda güzəştə belə getməsi əbəs yerə deyil. Bu vəziyyət ondan xəbər verir ki, İran hökuməti, molla rejimi mövcud vəziyyətə görə bərk qorxur. Bir sözlə, İranın başı özünə bərk qarışıb deyə müdaxilələri də nisbətən səngiyib. Onu da nəzərə almaq lazımdır ki, İran hakimiyyəti ölkədəki mövcud vəziyyəti nizama sala bilsə, öhdəsindən gələ bilsə bölgəyə müdaxiləsini bir az da artıracaq. Hətta Ermənistana bu qondarma islam ölkəsinin yardımları bir qədər də arta bilər. Nə olur-olsun İran hər formada Azərbaycanın və Türkiyənin regionda söz sahibi olmasına, liderliyinə mane olmağa çalışacaq, baxmayaraq ki, buna nail ola bilməyəcək.

Özünü müşahidəçi kimi göstərsə də belə, Rusiya özü mövcud vəziyyətlə barışmaq istəmir. Nə Azərbaycanın, nə də Türkiyənin güclənməsi, söz sahibi olması, bölgədə liderliyi ələ alması Moskva üçün arzuolunan deyil. Kreml özü də bölgəyə müdaxilə etmək üçün maraqlıdır. Məsələ burasındadır ki, Rusiyanın vəziyyəti İranın vəziyyətindən heç də yaxşı deyil. Bu ölkənin özü-özünə başı elə qarışıb ki, gözünə bəlkə də heç nə görünmür. İstər iqtisadi və siyasi sanksiyalarla küncə sıxışdırılması olsun, istərsə də Ukrayna ilə müharibədə uğursuzluğu olsun, Rusiya çox çətin durumdadır. Qərbin təzyiqlərinə qarşı davam gətirməkdə hiss olunur ki, Moskva artıq çətinlik çəkir. Çox güman ki, İranın təkliflərini dinləmək məcburiyyəti də buradan qaynaqlanır. Özünü Türkiyə ilə, Azərbaycanla yaxın göstərsə belə, Rusiya bu iki qardaş ölkənin bölgədə liderliyi ələ aldığından heç də məmnun deyil. Moskva üçün reallıqlarla barışmaq çox çətindir. Ən çətin olan isə odur ki, Kreml Azərbaycanın öz tələblərini, Qarabağ məsələsi ilə bağlı tələblərini lazım gəlsə yenə də güc yolu ilə həll etmək iqtidarından olduğunu bilir. Bilir ki, Ermənistan sülh müqaviləsinin imzalanmasını uzatmaq, yaxud bundan boyun qaçırmaq istədiyi təqdirdə Azərbaycan öz hərbi qüdrəti ilə bunun öhdəsindən gələ bilər. Yaxşı bilir ki, İrəvan sülh müqaviləsindən boyun qaçıracağı təqdirdə Azərbaycan bu dəfə Ermənistanın silahlı qüvvələrini nəinki Qarabağ ərazisində, hətta Ermənistanın öz torpaqlarında rahat şəkildə məğlub edə bilər. Bu isə təkcə Rusiyanı özünə müttəfiq sayan Ermənistan üçün deyil, elə Moskvanın özü üçün də arzuolunmaz haldır. Əslində bu, Rusiyanın bölgədə tamamilə yoxluğunu, mövcud olmadığını sübut edən bir nömrəli fakt sayılar. Bu, Rusiyanın regionda təsir rıçaqlarının tamamilə itirilməsi anlamına gəlir ki, Kremli də ən çox narahat edən elə budur və Ermənistan tərəfinə gizlin yardımlar da bu səbəbdəndir. İranla hərbi-texniki, həmçinin iqtisadi əməkdaşlığı genişləndirməyə çalışan Rusiya bunu ən azından bir yol hesab edir. Hesab edir ki, İranla yaxınlıq etməklə, Ermənistana yardımlar etməklə, rəsmi İrəvanı Azərbaycana güzəştə getməkdən çəkindirə, hansısa bir müddətə də olsa bölgədə guya nəzarət mexanizmini əldə saxlaya bilər, amma bütün bunlar yanlış yanaşmadır, baxmayaraq ki, Moskvanın da, Tehranın da bu son ümidi hesab olunur.

Bölgəyə burnunu soxan ölkələrdən biri də Fransadır. Bu ölkə regionda münbit şərait olduğunu zənn edərək, öz varlığını, mövcudluğunu sübut etməyə çalışır. Qarabağla bağlı bəzi məqamların tam olaraq yekunlaşmasını ləngitməkdə maraqlı olan Paris məhz buna görə İrəvanın müqavimətini artırmağa çalışır. Bəzən yalançı vədlərlə, bəzən siyasi dəstəklə, bəzən müxtəlif yardımlarla Ermənistanı müqavimət göstərməyə ruhlandırmaq niyyəti güdən Fransa özünü bölgəyə salmaq, mövcud olduğunu sübut etdirmək istəyir. Fransız diplomatlarının bəzən Azərbaycan-Ermənistan danışıqlarında vasitəçi kimi çıxış etmək istəkləri və cəhdləri göstərir ki, Fransa özünü regionda görmək arzusundadır. Məsələ burasındadır ki, Fransanın bu qədər ciddi cəhdlərinin heç bir mənası yoxdur, çünki rəsmi Paris öz qətiyyəti, siyasi iradəsi ilə tanınan Azərbaycan Prezidenti cənab İlham Əliyevin dəyişməz mövqeyi ilə qarşılaşmaq məcburiyyətindədir. Ölkə rəhbərimizin qətiyyəti, siyasi iradəsi Fransanın da arzusunu puç etmiş oldu və bir daha təsdiq edildi ki, bölgədə söz sahibi, lider Azərbaycan və qadaş ölkə olan Türkiyədir.

Bu zamana qədər yaratdığı miflərin puça çevrilməsi fonunda Ermənistan da çıxılmaz durumdadır və hansısa şərtlə çıxış etmək, özünü göstərmək iqtidarında deyil. Əksinə, Azərbaycanın şərtləri ilə razılaşmaq məcburiyyətindədir. Bu gün Ermənistanın baş naziri Nikol Paşinyan da yaxşı bilir ki, heç bir söz sahibi deyil və məğlub ölkə adından çıxış edir. Doğrudur, erməni baş nazir müxtəlif formada müqavimət göstərdiyini nümayiş etdirməyə çalışır, çünki müqavimətsiz şəkildə hər şeylə razılaşacağı təqdirdə erməni cəmiyyətinin, ələlxüsus Ermənistan müxalifətinin təpkisi ilə rastlaşacağını yaxşı bilir. Ona görə də bir növ, guya müqavimət göstərdiyini biruzə verən xüsusi hazırlanmış tamaşa oynayır. Öz müqəddəratını düşünən Paşinyan hələ bundan sonra da müəyyən oyunlar oynamağa hazırdır, amma yekunda Azərbaycanın şərtlərini qəbul etməli olacağı, sərhədlərin delimitasiyası, demarkasiyası, sonda isə sülh müqaviləsinə razılaşmaq məcburiyyətində olduğunu dərk edir. Sonda bütün dünya erməni baş nazirinin “ümidsiz müqavimət” tamaşası oynayacağının da şahidi olacaq, çünki reallıqlar bunu tələb edir və bunu diqtə edir. Bir sözlə, Azərbaycan qalib ölkədir, bütün danışıqlarda qalib tərəf olaraq çıxış edir, öz hüquqlarını, öz haqlarını, özünə məxsus olanı müdafiə edir və bu baxımdan da haqlı tərəfdir. Üstəlik, ölkəmiz öz iqtisadi inkişafı, doğru yolu, strategiyası ilə söz sahibinə çevrilib. Bu gün qardaş ölkə olan Türkiyə ilə müttəfirliyi, birliyi Azərbaycanın gücünə güc qatıb və bölgədə hər iki ölkə söz sahibinə çevrilib və hansısa dövlətlərin, hansısa güclərin səylərinə baxmayaraq regionda artıq liderlik müəyyənləşib və regionun lider dövlətləri artıq Azərbaycan və Türkiyədir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə