Rusiya-Ukrayna müharibəsi: bəşəriyyəti bir sual düşündürür... ANALİTİK+AKTUAL

Rusiya-Ukrayna müharibəsi: bəşəriyyəti bir sual düşündürür... ANALİTİK+AKTUAL

Bəs dəhşətli müharibə nə qədər davam edəcək?

Son statistik məlumatlara görə, ötən ilin fevral ayının 24-dən başlayan Rusiya-Ukrayna müharibəsində 7 min dinc sakinin ölüb. Bu barədə BMT baş katibinin siyasi məsələlər üzrə müavini Rozmari DiKarlo BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı məlumat verib. O, fevral ayından indiyədək 11 mindən çox mülki vətəndaşın xəsarət aldığını deyib. DiKarlo əlavə edib ki, müharibə başlayandan bir neçə milyon insan evlərini tərk etməli olub. Onların təxminən 7,9 milyonu Avropa ölkələrinə gedib.

Dəyən zərərə gəlincə, BMT hazırda Ukraynanın mülki infrastrukturuna dəyən zərərin həcmini qiymətləndirməyi yekunlaşdırmaq üzrədir. Bütün bunlardan sonra bəşəriyyət qarşısında bir sual dayanır – bəs bu dəhşətli müharibə nə qədər davam edəcək?

Sanksiyalar Rusiyanın Ukraynadakı hərbi əməliyyatları dayandırmasına heç bir təsirlərini göstərmir

Xüsusilə, Rusiyanın Ukraynanın Dnepropetrovsk şəhərindəki iri yaşayış massivini ballistik raket zərbəsinə məruz qoymasının, eləcə də dinc insanların həlak olmasının ardınca dünya birliyi Moskvaya qarşı daha qətiyyətli və sərt addımların atılması barədə bəyanatlar səsləndirir. Düzdür, sanksiyalar demək olar ki, hər gün tətbiq edilir və maraqlısı da budur ki, həmin sanksiyalar Rusiyanın Ukraynadakı hərbi əməliyyatları dayandırmasına heç bir təsirlərini göstərmir. Çünki buna qədər Buşa, Xarkov, Mariupol, Xerson faciələri də var idi...

Əksinə, Rusiya artıq yeni və daha geniş hücumlara başlayacağı siqnallarını verir. Məsələn, o da məlum olub ki, səfərbərlik barədə yeni qərarın qüvvəyə minməsi an məsələsidir və bu baxımdan, Rusiyada müəyyən yaş həddinə malik şəxslərin ölkə ərazisini tərk etmələrinə qarşı qadağaların tətbiqinə başlanılıb. Bu isə ötən ilin fevralından başlayan və qismən səfərbərliyin tam səfərbərliklə əvəzlənməsini sübut edən fakt olaraq nəzərə alına bilər. Daha dəqiq desək, müharibə get-gedə irimiqyaslı savaşa çevrilir.

Müharibənin tezliklə başa çatmasının qeyri-mümkün görünməsi daha çox özünü göstərməyə başlayır

Başqa tərəfdən, hazırda bir sıra Avropa ölkələri və ABŞ Ukraynaya hərbi dəstəklərini əsirgəmirlər. Zirehli texnikalardan başlayaraq uçuş aparatlarına, PUA-lara və s. təchizatlarla yanaşı, Ukraynada xarici legionerlərin də fəaliyyətləri artırılmaqdadır. Belə olan halda müharibənin tezliklə başa çatmasının qeyri-mümkün görünməsi daha çox özünü göstərməyə başlayır. Lakin ən acınacaqlı fakt budur ki, Rusiya-Ukrayna müharibəsinin Dünya müharibəsi təhlükəsini get-gedə daha da artırması ehtimalı artıq reallığın bir addımlığındadır. Əbəs deyil ki, ABŞ-ın hərbi-analitik nəşrləri də belə bir proqnozlarla çıxış edirlər ki, bu müharibədən qaynaqlanan yeni müharibələrin başlanması an məsələsidir və bəşəriyyət həmin müharibələrə hazır olmalıdır.

Əvvəllər Donbas və Luqansk, eləcə də Krım kimi ərazilərə qarşı iddialar var idisə, indi bu iddialar bütün Ukrayna ərazisinə qarşı yönəlib

Lakin daha bir danılmaz həqiqət budur ki, Rusiya öz iddialarında israrlı olduğunu gizlətmir və bütövlükdə Ukraynanı işğal etmək siyasətini yürütdüyünü etiraf edir. Yəni əvvəllər Donbas və Luqansk, eləcə də Krım kimi ərazilərə qarşı iddialar var idisə, indi bu iddialar bütün Ukrayna ərazisinə qarşı yönəlib. Bu amil isə ciddi, hətta qorxulu nəticələrə qədər inkişaf edəcək və etməyə başlayıb da. Günahsız insanların müharibə qurbanlarına çevrilmələri bütün bunlara sübutdur!

Başqa yandan, müharibə məkanında milyardlarla maliyyələrin uçuşduğu bir dövrdə savaşda bu və ya digər cəhətdən iştirakçıya çevrilən ölkələr də ciddi zərbələrə məruz qalmaqdadırlar. Daha dəqiq desək, Rusiya-Ukrayna müharibəsi artıq nəinki döyüşən tərəflərə, hətta Qərbə və bütün dünyaya ciddi öz ağır ziyanlarını vurub. Amma buna baxmayaraq, Qərb də öz maraqlarını təhlükə altına atmamaq üçün inadla Rusiyaya qarşı əlində olan bütün imkanlarını, özü də heç bir məhdudiyyət qoymadan istifadə edir.

Rusiyanın Müdafiə Nazirliyinin rəsmi saytında uzun məsafəli ballistik raketlərin Ukraynaya doğru atılmasına hazır olduğunu göstərən fotolar paylaşılıb

Lakin sanksiyalar, hərbi yardımlar və s. kimi məsələlər “yaralı rus ayısını” daha da azğınlaşdırır, Kreml zaman-zaman hədə dolu bəyanatlarını səsləndirir. Misal üçün, bugünlərdə Rusiyanın Müdafiə Nazirliyinin rəsmi saytında uzun məsafəli ballistik raketlərin Ukraynaya doğru atılmasına hazır olduğunu göstərən fotolar paylaşılıb. Bu raketlər öz dağıdıcılıq miqyasına görə daha əvvəl atılan və indi də tətbiq edilən digər raketlərdən qat-qat güclüdür. Təəssüf doğuran isə yalnız bir amildir – din insanların, günahsız uşaqların, yaşlıların müharibə qurbanlarına çevrilmələri... Ancaq bu ağrılı faktlar da əfsuslar olsun ki, qanlı-qadalı müharibənin başa çatmasına heç bir təsir göstərmir.

Ona görə də bəşəriyyət “Bəs görəsən müharibə nə vaxtadək davam edə bilər? Prosesin uzanması dünyaya nə vəd edir?” sualları ətrafında cavabsız qalmaqda davam edir.

Müharibə Ukraynanın Qərb və NATO-ya inteqrasiyasını daha da sürətləndirir

Sadəcə ehtimallar, proqnozlar hər kəsə kifayət qədər məlum olan həqiqəti ehtiva etməkdədir – bəli, müharibənin tezliklə başa çatması barədə düşünmək, ya da danışmaq çox tezdir. Müharibənin bitməsi üçün Rusiyanın qərarlı addıma, siyasi iradəsinə söykənməsi lazımdır. Ancaq fakt budur ki, Donetsk və Luqanskda qondarma bir bölgənin yaradılması və Krımın Rusiya ərazisi kimi tanınması fonunda Ukrayna və Qərb arasında sərhəd yaratmaq cəhdləri indiki halda reallaşmayacaq.

Bir sıra konfliktoloqlar və hərbi ekspertlər də zaman-zaman analitik rəylərində bildirirlər ki, əslində müharibə Ukraynanın Qərb və NATO-ya inteqrasiyasını daha da sürətləndirir. Bunun isə başqa tərəfləri də var. Məsələn, ABŞ-da qəbul edilən “Lendliz haqqında qanunla” Avropa ölkələrinin və Amerikanın Ukrayna ilə sıx əməkdaşlığı başladı və bu, Rusiyanın planlarının suya düşməsi ilə nəticələndi. Ukraynanın NATO və Qərbin hərbi strukturları ilə inteqrasiyası daha da dərinləşdi. Ona görə də, Rusiya-Ukrayna münasibətlərinin post-müharibə dövründə nizamlanması mərhələsi çox uzun müddət davam edəcək. Hətta bir sıra hallarda belə bir məntiqlərə də varılır ki, Rusiya-Ukrayna müharibəsinin 2025-ci ilə qədər davam edəcək. Eyni zamanda, müharibənin davamını şərtləndirən daha bir faktor həm Ukraynada, həm də Rusiyada hakimiyyət dəyişikliklərinin baş verməməsi ilə bağlıdır. Belə ki, məhz müharibə amili istənilən seçkiləri arxa plana atır və bu gün Putin-Zelenski qarşıdurmasının mövcudluğu da qeyd edilənləri kifayət qədər təsdiq edir.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə