Prezidentin müsahibəsi Ermənistana və onun havadarlarına ciddi mesajdır ŞƏRH

Prezidentin müsahibəsi Ermənistana və onun havadarlarına ciddi mesajdır ŞƏRH

Prezident İlham Əliyevin yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsi bir çox mühüm məqamlarla diqqət çəkdi. Dövlət başçısı müsahibə zamanı Azərbaycanda 2022-ci ildə iqtisadi, sosial sahələrdə görülən işlərə, Azərbaycanla Ermənistan arasında münasibətlərə, işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işlərinə, ölkəmizin xarici siyasətinə və digər məsələlərə dair sualları cavablandırdı. Qeyd edim ki, Vətən müharibəsindəki şanlı zəfərdən sonra Azərbaycan həmişə olduğu kimi yenə də humanist addımlar ataraq məğlub Ermənistanı sülhə dəvət edir, ona düşdüyü acınacaqlı durumdan qurtuluş yolu göstərir, eyni zamanda bütün çıxışlarında erməniləri çirkin əməllərdən, təxribatlardan yayınmağa çağırır. Digər tərəfdən Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan bölgədə tamamilə yeni reallıqlar yaradıb. İlk növbədə, Ermənistan və onun havadarları bu reallıqlarla barışmalı, Azərbaycan dövlətinin səbrini sınamamalıdır. Çünki Cənubi Qafqazda möhkəm, uzunmüddətli sülhün təmin edilməsinin yeganə yolu Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalanmasından keçir. Prezident İlham Əliyev dəfələrlə çıxışlarında bildirir ki, Ermənistan heç kimə güvənməsin. Çünki əgər İrəvan hansısa ölkəyə güvənib revanşist siyasəti davam etdirərsə, qarşısında Azərbaycan ordusunun öldürücü gücünü görəcək. Lakin Ermənistanın baş naziri Nikol Paşinyan bu günə qədər əldə olunmuş razılaşmanın şərtlərinə əməl etməyərək, hər vəchlə sülhdən yayınır, hələ bu azmış kimi, Azərbaycan torpaqlarında saxladığı qanunsuz silahlı birləşmələri vasitəsilə təxribatlar da törədir. Bir sözlə, 10 noyabr Bəyanatında üzərinə düşən öhdəlikləri yerinə yetirmir.

Prezident İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində bir daha erməni rəhbərliyinə və onun havadarlarına növbəti bir çox önəmli mesaj ünvanlayaraq vəziyyəti düzgün təhlil etmələrini bildirdi. Ölkə lideri verdiyi mesajlarla post-müharibə dövründə Azərbaycanın hədəf və məqsədlərini ortaya qoydu, xarici siyasətin, Ermənistanla münasibətlərin gələcək konturlarını cızdı. Azərbaycan Prezidenti müsahibəsində Ermənistanın Zəngəzur dəhlizi, eləcə də sülh müqaviləsi ilə bağlı tərəddüdlər içərisində olduğu bir dönəmdə bu açıqlamaları verməklə, əslində, bölgədə kimin lider, kimin məğlub ölkə olduğunu bir daha diqqətə çatdırdı. Ən əsası isə, verilən mesajlar həm də Ermənistana real addımlar atması ilə bağlı zamanın daraldığı mesajı idi. Azərbaycan Prezidenti həm də Ermənistanın Azərbaycanın Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərində təbii sərvətlərimizi qanunsuz istismar etməsinin, ekoloji terror törətməsinin yolverilməz olduğunu diqqətə çatdırdı. Ermənistanın vaxtaşırı olaraq hərbi təxribatlar törətdiyini bildirən Prezident İlham Əliyev qeyd edib ki, bütün təxribatların qarşısı qalib Azərbaycan Ordusu tərəfindən alınacaq və Ermənistanın bu siyasəti onun özü üçün çox ağır nəticələr verəcək. Bəli, Ermənistanın bu siyasəti onun özü üçün çox ağır nəticələr verəcək. Prezident İlham Əliyev müsahibəsində Ermənistana və onun havadarlarına növbəti mesajını verərək bildirdi ki, Ermənistan nəhayət anlayacaq ki, sülh müqaviləsi qaçılmazdır: «Son bir il ərzində - mart ayından bəri biz üç dəfə göstərdik ki, heç kim bizim qabağımızda dura bilməz və istədiyimizə nail oluruq və hər hansı bir erməni havadarı onların yardımına yetişə bilməz. Bu, birincisi. İkincisi, həm Azərbaycan-Ermənistan sərhədi istiqamətində, eyni zamanda, Qarabağ istiqamətində nəzarətdə olan yüksəkliklər bizə çox böyük strateji üstünlük təmin edir…Hesab edirəm ki, artıq üç dəfə belə hərbi və siyasi uğursuzluğa düçar olmuş Ermənistan anlayacaq ki, sülh müqaviləsi qaçılmazdır. Onlar bunu nə qədər tez anlasalar və nə qədər tez özlərində güc tapıb, iradə tapıb buna razılıq versələr, o qədər də bölgə üçün yaxşı olacaq».

Dövlət başçısı bir daha Ermənistana və onun havadarlarına deyilənlərdən bir nəticə çıxırmalarını söylədi: «Biz uzun müddət belə yaşaya bilərik, sülh müqaviləsi olmasa heç lazım da deyil. Amma sonra nə olacaq? Sonrasına baxarıq. Buna görə də düşünürəm ki, onlar mənim mesajlarımı eşidəcək və düzgün nəticə çıxaracaqlar. Bir daha deyirəm, mən indiki halda təzyiq göstərən tərəf kimi görünmək istəmirəm və heç bir halda, heç bir şəraitdə hətta hörmətə layiq olmayana da hər hansı hörmətsizlik göstərməmişəm. Sadəcə, bir daha nəzərə çatdırmalıyam. Ona görə ki, mənim fikrimcə, bu il sonuncu şans olacaq. Ona görə ki, sonra 2024-cü il gəlir, sonra 2025-ci ildə Rusiyanın sülhməramlı missiyası başa çatır. Onlar burunlarının ucundan bir qədər irəli barədə düşünməlidirlər”, - deyə dövlətimizin başçısı Ermənistan tərəfinə xəbərdarlıq edib. Bir sözlə, Azərbaycan Prezidentinin sərt xəbərdarlığı ermənilər üçün ciddi siqnal olmalıdır və bu xəbərdarlığa məhəl qoymayacaqları halda, artıq aqibətlərinin acınacaqlı olacağı qaçılmazdır.

MƏŞHUR MƏMMƏDOV,

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü

Bütün xəbərlər Facebook səhifəmizdə