2023-CÜ İL - Heydər Əliyev liderliyinin qalibiyyət və zəfər rəmz TƏHLİL
PREZİDENT İLHAM ƏLİYEV: “Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur”
Artıq ölkəmiz yeni - 2023-cü ilə uğurla qədəm qoymaqla tariximizə xüsusi bir əlamətdarlıqla yazılacaq. Belə ki, mayın 10-da xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2022-ci il tarixli sərəncamı ilə 2023-cü il "Heydər Əliyev İli" elan edilib. Böyük şəxsiyyətlərin yubileylərinin dövlət səviyyəsində qeyd olunması, bu münasibətlə müxtəlif tədbirlərin təşkili dünyanın müxtəlif ölkələri üçün xarakterikdir. Bütöv bir ilin ayrı-ayrı şəxsiyyətlərin şərəfinə adlandırılması isə Azərbaycanın yaratdığı parlaq örnəkdir və bu, xalqımızın ictimai fikir, milli dövlətçilik tarixində mühüm xidmətləri olmuş böyük şəxsiyyətlərimizə ölkə rəhbərimizin yüksək ehtiramından irəli gəlir.
DAVAMLI YÜKSƏLİŞ YOLUNDA İNAMLA İRƏLİLƏYƏN MÜASİR AZƏRBAYCAN HEYDƏR ƏLİYEVİN HƏYAT AMALININ TƏNTƏNƏSİDİR
Sərəncamda 2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olduğu qeyd edilir. Vurğulanır ki, Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir. Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olmuşdur. Sərəncamda, həmçinin o da deyilir ki, Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir.
1969-CU İL - AZƏRBAYCANIN YÜKSƏLİŞİNİN, XALQIN DA XOŞBƏXTLİYİNİN BAŞLANĞICI OLDU
Tarix ən ədalətli hakimdir. Və bu gün Zəfərə gedən yolun əsasında tarixi şəxsiyyət, dahi Heydər Əliyevin ölməz ideyaları dayanır. Bu 1969-cu il iyulun 14-ü ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərlik etməyə başlaması kimi son dərəcə qiymətli bir hadisə ilə əbədiləşmişdir. Həmin dövrdə Azərbaycanın siyasi, sosial-iqtisadi və mədəni durumu heç də ürəkaçan deyildi. O zamankı sovetlər birliyinin ən ucqar respublikalarından biri kimi səciyyələnən Azərbaycanda idarəetmədə çoxlu nöqsanlara yol verilmiş, iqtisadiyyat geri qalmış, sosial-mənəvi mühit şəffaflıqdan uzaq düşmüşdü. Belə bir vaxtda Heydər Əliyevin respublikanın ali vəzifəsinə – Azərbaycan Kommunist Partiyasının Birinci Katibi seçilməsi tariximiz və taleyimiz, Vətənimiz və xalqımız üçün, sözün əsl mənasında, dönüş və xilas, möhtəşəm tərəqqi və yüksəliş erasının əsasını qoydu və xalqın etimadını Ondan başqa heç kim doğrulda bilməzdi. Belə bir dahi insanın Azərbaycanda rəhbərliyə başlaması respublikanın xilası üçün yeganə düzgün yol idi. 1969-cu ildən başlanan böyük quruculuq və yüksəliş mərhələsi qısa müddətdə Azərbaycanı bütün sahələrdə geniş tərəqqi yoluna çıxardı. Bakıda o dövr üçün nadir müəssisələr - məişət kondisionerləri, dərin dəniz özülləri zavodları, paytaxtımıza bu gün də yaraşıq verən ictimai binalar - “Gülüstan” sarayı, Heydər Əliyev Sarayı tikildi. Həmçinin, Yeni Əhmədli, Günəşli kimi nəhəng yaşayış massivləri salındı. Kənd təsərrüfatı məhsulları istehsalı dəfələrlə artdı. Bunun nəticəsi olaraq, əhalinin güzəranı yaxşılaşdı, bir çox sosial layihələr həyata keçirildi. Belə ki, 1970-1982-ci illərdə respublikada 250 yeni müəssisə, istehsalat və sex tikilmiş, neftayırma sənayesi müəssisələri tamamilə yenidən qurulmuş, iri elektron, elektrotexnika, radiotexnika, cihazqayırma sənayesi zavodları inşa olunmuşdur. Nəticədə, göstərilən müddətdə Azərbaycanda sənaye istehsalı 2,7 dəfə artmışdır. 1970-1982-ci illərdə kənd təsərrüfatının məcmu məhsulu 2,6 dəfə çoxalmış, əmək məhsuldarlığı 2,2 dəfə yüksəlmişdir. Əsaslı dövlət vəsaiti qoyuluşunun 1 manat artımı hesabına əlavə olaraq 3,5 manatlıq məhsul alınmışdır. Göstərilən dövrdə milli gəlir 2,6 dəfə çoxalmışdır. Azərbaycan büsbütün yenidən tikilib qurulmuş, kənd və qəsəbələr salınmış, fabrik və zavodlar tikilmiş, yaşayış məntəqələrinin siması tamamilə dəyişmişdir. Yetmişinci illərədək Azərbaycan kəndi əsasən çiy kərpicdən və palçıqdan tikilmiş komalardan ibarət idi. Kəndlinin gəliri az olduğundan güzəranı ağır keçirdi. Kənd təsərrüfatının yüksəlişi bu sahədə inqilabi dəyişiklik yaratdı. Yeni texnika və aqrotexniki qaydaların genişmiqyaslı tətbiqi hesabına əmək məhsuldarlığı və məhsul istehsalı bir neçə dəfə artdı, təsərrüfatların və əməkçilərin gəliri qat-qat çoxaldı. Ölkə paytaxtı Bakı şəhəri də yeni mikrorayonlar, park və xiyabanlar, küçə və meydanlar hesabına böyüyərək gözəlləşdi. "Gülüstan" və "Respublika" sarayları, Prezident sarayı və Milli Məclisin binası, "Moskva", "Azərbaycan", "Abşeron" mehmanxanaları, Əl oyunları sarayı və Olimpiya İdman Kompleksi, metro stansiyaları və digərləri həmin dövrdə tikilmiş, N.Nərimanova, C.Cabbarlıya, Nəsimiyə, H.Cavidə və digər görkəmli həmvətənlərimizə abidələr qoyulmuş, onlarla ədəbiyyat və incəsənət xadiminə, sənətkara fəxri adlar, dövlət mükafatları verilmişdir. Ulu öndər Heydər Əliyev bütün sahələrdə olduğu kimi, ordu sıralarında da milli kadrların yetişməsinə və yerləşməsinə çalışırdı. Ölkəyə birinci rəhbərliyi dövründə Azərbaycanda fəaliyyət göstərən hərbi məktəblərlə maraqlanan ümummilli lider orada nəinki təhsil alanların, hətta dərs deyənlərin sırasında belə azərbaycanlıların tək-tük olduğunu bilmişdi. Çox keçmədən Ulu öndərin təşəbbüsü və şəxsi himayəsi altında Cəmşid Naxçıvanski adına hərbi təmayüllü məktəb açıldı. Tezliklə bu məktəb böyük şöhrət qazandı. Yeniyetmələr həvəslə burada oxumağa gəlir, sonra təhsillərini keçmiş SSRİ-nin müxtəlif ali hərbi məktəblərində uğurla davam etdirirdilər. Qarabağ uğrunda döyüşlərdə məktəbin müdavimləri böyük şücaət göstərdi, bir çoxu Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görüldü. Müstəqillik dövründə milli ordu quruculuğunda vaxtilə C.Naxçıvanski adına hərbi təmayüllü məktəbi bitirən zabitlərin əməyi böyük olmuşdur. Onlar bu gün də orduda ləyaqətlə xidmət edir, Heydər Əliyev ideyalarına sadiqliklərini nümayiş etdirirlər.
15 İYUN MİLLİ QURTULUŞ GÜNÜNDƏN QƏLƏBƏYƏ: ZƏFƏR TARİXİMİZİN BAŞLANĞICI
Dünyada çox az düha sahibinə tərk etdiyi mübarizə meydanına bir daha geri dönmək, tarixi qayıdış etmək hünəri qismət olub. Tarixi qayıdış bəşər övladına nəsib olan dühalıq siması müstəsna müdriklik keyfiyyətidir. Şəxsiyyətin iradə tükənməzliyi insan gücünün dönməzlik ifadəsidir. Tarixi qayıdış xalqa, Vətənə bağlılığın, saflıq və müqəddəsliyin doğurduğu ecazkar qüvvə, əlçatmaz yüksəklikdir. Tarixi qayıdış xalqın gücünün və əzəmətinin dirçəlişi deməkdir. Bəli, dahi şəxsiyyət, dünya şöhrətli ictimai-siyasi xadim Heydər Əliyevin tarixi qayıdışı ilə ölkəmiz əzəmətli dəyişikliklərə, milli dövlətçilik ideyalarının gerçəkləşdirilməsinə nail oldu. Bu, bir həqiqətdir. Məhz Ulu Öndərin səyi nəticəsində Azərbaycan dönməz müstəqilliyə, inkişafa, tərəqqiyə qədəm qoydu. O, bütün ömrünü xalqımızın firavan həyatına, xoşbəxt gələcəyinə sərf etdi, milli dövlətçiliyimizin banisi kimi Azərbaycan xalqının Ümummilli Lideri oldu.
Milli Məclisdə millət vəkilləri 15 iyun tarixinin təqvimə Azərbaycanın Qurtuluş günü kimi salınması təklifi ilə çıxış etdilər və Məclis bu təklifi bəyəndi. O vaxtdan ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Milli Qurtuluş Günü kimi qeyd edilir. Bu tarixi hadisədən sonra – 15 iyun Azərbaycanın Milli Qurtuluş Günü oldu. Ən əsası isə, 2021-ci il 15 iyunda «Bir millət, iki dövlət»in Liderləri – Azərbaycan Prezidenti cənab İlham Əliyev və Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində müttəfiqlik münasibətləri haqqında “Şuşa Bəyannaməsi”ni imzalamaları ikiqat bayram oldu. Milli Qurtuluş Günündən başlanan yüksəlişin zirvəsi tarixi Zəfərimizdir və bu gün hər birimiz, o cümlədən bir gənc olaraq qalib bir ölkənin vətəndaşı olaraq qürurluyuq.
HEYDƏR ƏLİYEV İDEYALARININ İŞIĞINDA DİNAMİK İNKİŞAF EDƏN, ƏRAZİ BÜTÖVLÜYÜ BƏRPA OLUNAN AZƏRBAYCAN
Bir sözlə, bu gün ulu öndər Heydər Əliyev siyasətinin davamçısı Prezident İlham Əliyev son 19 ildə ümummilli liderin ideyalarının işığında böyük inkişaf yolu keçib. “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Bu, sadəcə, Heydər Əliyevin taleyüklü məsələləri inandığı bir insana həvalə etməsi deyildi. Burada dahi liderin uzaqgörənliyi də aydın sezilir. Ulu öndər Heydər Əliyevin 2003-cü ildə xalqa müraciətində əksini tapan bu fikirlər Prezident İlham Əliyevin son 19 ildə gördüyü işlərə, Azərbaycanın əldə etdiyi uğurlara, ən əsası bugünkü qələbəmizə bələdçilik edir: bugünkü qələbənin məntiqi əsası, bünövrəsi və onu yaradan fəlsəfə Heydər Əliyevin fəaliyyətinin məhsuludur. Prezident İlham Əliyev xalqımızın ən böyük arzularını gerçəkləşdirən Şəxsiyyət kimi, eyni zamanda, Müzəffər Liderlik adını əbədi olaraq tarixə yazdı. O, son 200 ildə tarixi torpaqlarını ardıcıl şəkildə itirməyə məhkum edilmiş Azərbaycan xalqının milli mənliyini, mənəvi ruhunu və siyasi gücünü özünə qaytardı, tarixi ədaləti bərpa etdi. Məhz bu tarixi həqiqətləri incələdikdən sonra vurğulaya bilərik ki, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin ardıcıl, uğurlu siyasəti nəticəsində dövlətçilik ənənələrimiz yenidən dirçəldi və inkişaf etməyə başladı. Eyni zamanda, bu gün Azərbaycan dövləti Prezident İlham Əliyevin Liderliyi sayəsində dünyada qalibiyyət və zəfərlər yazan, öz gücü ilə ərazi bütövlüyünü bərpa edən qüdrətli ölkə olaraq tanınmaqdadır. Cənab İlham Əliyev sübut etdi ki, heç bir qüvvə Azərbaycanı haqq yolundan, torpaqlarının işğaldan azad edilməsi uğrunda mübarizədən saxlaya bilməz. O, siyasi peşəkarlıqla Azərbaycana qarşı beynəlxalq miqyasda diplomatik cəbhənin formalaşmasının qarşısını aldı. Və bütün bunların fonunda Qarabağ cəbhəsində Azərbaycan Ermənistanın yürütdüyü 30 illik işğalçılıq, talançılıq, varvarlıq, terrorçuluq siyasətini əməli şəkildə cəzalandırdı.
Xüsusilə, Şuşamızın işğaldan azad olunması münasibəti ilə Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edən Cənab İlham Əliyev həm də ATA vəsiyyətini yerinə yetirdiyini qürurla, şərəflə vurğuladı. Bu, həm də belə bir qənaətə gələn həqiqətdir ki, Azərbaycan xalqının ulu öndəri Heydər Əliyev işğal altındakı torpaqlarımızın, xüsusilə də Şuşamızın azad olunmasında siyasi varisi Cənab İlham Əliyevin möhtəşəm yer alacağını görürdü! Uzaqgörən və əbədi liderimizin Şuşa vəsiyyəti də onun azad olunmasından sonra xalqımıza çatdırıldı: "Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun, Azərbaycan!". Bəli, bu dövlətçilik tariximizlə yanaşı, həm də dünyanın yeni tarixinə yazılan bu qalibiyyət simvolunda xalqımızın iki övladının – Ulu Öndər Heydər Əliyevin və Böyük Sərkərdə, Prezident İlham Əliyevin adlarının qızıl hərflərlə həkk olunması artıq danılmaz bir gerçəklikdir – ATA vəsiyyətinin və OĞUL vədinin yerinə yetirilməsi gerçəkliyi! Və bu gün Azərbaycan ən yüksək zirvələri fəth etməklə ulu öndər Heydər Əliyevin görmək istədiyi Azərbaycandır. Və bu gün müqəddəs qələbə günündə hamımız Ulu Öndərin məzarını ziyarət edəcək, onun ruhuna dualar oxuyacağıq. Çünki çox böyük qürur hissi keçiririk ki, əzəli, qədim Azərbaycan torpaqlarına, Qarabağa qayıdırıq, çünki Qarabağ Azərbaycandır! Bir sözlə, Ümummilli Lider Heydər Əliyevin bir zamanlar bütün dünyaya bəyan etdiyi kimi, Azərbaycan vətəndaşının ən gözəl sabahları öndədir, ən qüdrətli zamanları irəlidədir! Azərbaycanın müstəqilliyi daimidir, əbədidir, dönməzdir! Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, müasir müstəqil Azərbaycan ulu öndər Heydər Əliyevin şah əsəridir. Bu əsəri zənginləşdirən Ümummilli Liderin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində bütün sahələrdə davamlı uğurlara imzanın atılması, Azərbaycanın dünya dövlətlərinin imzaları arasında imzasının olmasıdır. Bu, Heydər Əliyev işığının nurlandırdığı yolun davamçısı Prezident, Ali Baş Komandanımız Qalib Lider İlham Əliyev yolunun dönməz və sarsılmaz yoludur. Bəli, ruhun şad olsun, Ulu Öndər, Qarabağ Azərbaycandır! Azərbaycan xalqının Qalib Lideri, Azərbaycan xalqının Prezidenti İlham Əliyev dəmir siyasətinin nəticəsində Qarabağ problemi yoxdur! Prezident İlham Əliyev bildirib ki, biz döyüş meydanında, siyasi müstəvidə Qələbə qazanmışıq və bu Qələbə ölkəmiz üçün yeni dövr açır. Bu dövr inkişaf, təhlükəsizlik, tərəqqi dövrü olacaqdır: “Bu dövrlə bağlı müraciətlərimi yenə də hər bir Azərbaycan vətəndaşının arzuladığı sözlərlə yekunlaşdırmaq istəyirəm: Cəbrayıl bizimdir, Füzuli bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Kəlbəcər bizimdir, Laçın bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!”.
Bir sözlə, bu gün fəxr edirik ki, 2023-cü ildə "Heydər Əliyev İli" çərçivəsində isə Qarabağa qayıdışın toy-bayram büsatlı günlərinin, biri digərindən maraqlı olan silsilə tədbirlərin şahidi olacağıq.
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB