“Moskva görüşündə imzalanan üçtərəfli bəyanat Azərbaycanın növbəti uğurlu addımı idi” - POLİTOLOQ ŞƏRH ETDİ
“Prezident İlham Əliyev, Paşinyan və Putin arasında 2021-ci ilin 11 yanvarında Moskvada imzalanan üçtərəfli bəyanat özündə 2020-ci ilin 10 noyabrında imzalanmış bəyanatın 9-cu maddəsindən irəli gələn tələblərin yerinə yetirilməsini ehtiva edir. 10 noyabr üçtərəfli bəyanatının 9-cu maddəsinə görə bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri blokadadan çıxarılmalı, Ermənistan Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinə zəmanət verməli və Nəqliyyat nəzarəti Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları tərəfindən həyata keçirilməli idi.
Məhz həmin maddənin icrasının təmin edilməsi məqsədilə 11 yanvarda üçtərəfli görüş keçirildi və tərəflər Moskva bəyanatını imzaladılar”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov bildirib. Onun sözlərinə görə, Moskva Bəyanatına görə nəqliyyat əlaqələrinin bərpasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının, Ermənistan Respublikasının baş nazirləri müavinlərinin və Rusiya Federasiyası Hökumətinin sədr müavininin birgə həmsədrliyi ilə üçtərəfli İşçi qrupu yaradıldı: “İşçi qrupunun qarşısına qoyulmuş vəzifə 10 noyabr Bəyanatının 9-cu bəndinin reallaşdırılmasından irəli gələn işlərin əsas istiqamətlərinin siyahısını formalaşdırmaqdan və prioritet qismində dəmir yolu və avtomobil yollarını müəyyən etməkdən ibarət idi.
Moskva bəyanatında, həmçinin 2021-ci il martın 1-dək Azərbaycan Respublikası və Ermənistan Respublikası ərazisindən həyata keçirilən beynəlxalq daşımaların, həmçinin Azərbaycan Respublikası və Ermənistan Respublikası tərəfindən həyata keçirilən, yerinə yetirilməsi zamanı Azərbaycan Respublikasının və Ermənistan Respublikasının ərazilərinin kəsişməsi tələb olunan daşımaların təşkili, yerinə yetirilməsi və təhlükəsizliyinin təmin edilməsi üçün zəruri olan yeni nəqliyyat infrastrukturu obyektlərinin bərpasını və tikilməsini nəzərdə tutan tədbirlərin siyahısını və reallaşdırılması qrafikini Tərəflərin yüksək səviyyədə təsdiqləməsi üçün təqdim edilməsi də nəzərdə tutulmuşdu.
Təbii ki, Moskva görüşündə imzalanan üçtərəfli bəyanat Azərbaycanın milli maraqları baxımından növbəti uğurlu addım idi. İmzalanan üçtərəfli bəyanat Azərbaycanın milli maraqlarına, taktiki və strateji hədəflərinə tam cavab verirdi. Lakin təəssüf ki, üzərindən iki il keçməsinə baxmayaraq və işçi qrupların bu müddət ərzində bir neçə dəfə görüşməsinə baxmayaraq nəqliyyat əlaqələrinin bərpası istiqamətində irəliləyişə nail olmaq mümkün olmayıb.
Ermənistan tərəfi üçtərəfli bəyanatla üzərinə götürdüyü digər öhdəliklər kimi bu öhdəliyin də icrasını müxtəlif bəhanələrlə uzadır və faktiki olaraq bundan imtina edir. Bu isə Ermənistanın təkcə 10 noyabr 2020-ci il Bəyanatı ilə deyil, həm də haqqında danışdığımız 11 yanvar Moskva Bəyanatı ilə üzərinə götürdüyü öhdəlikləri də yerinə yetirməməsi deməkdir.
Lakin istənilən halda Moskva bəyanatı bizə əlavə üstünlüklə verir. Çünki gec və ya tez, yəni Ermənistan istəsə də istəməsə də biz həmin yolların blokadadan çıxarılmasını təmin edəcəyik. Odur ki, imzalanmış, yəni Ermənistanın üzərinə öhdəliklər qoyan bu bəyanatlar bizə onlara təzyiq etmək imkanı verməklə yanaşı, həm də bundan sonra atacağımız addımlar üçün təminat rolunu oynayır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB