“Bölgə dövlətlərinin öz aralarında dialoqu davam etdirməsi vacibdir“ - POLİTOLOQ ŞƏRH ETDİ

“Bölgə dövlətlərinin öz aralarında dialoqu davam etdirməsi vacibdir“ - POLİTOLOQ ŞƏRH ETDİ

“Məlum olduğu kimi Azərbaycan, Türkiyə və İran parlament sədrlərinin üçtərəfli görüşü Türkiyənin Antalya şəhərində keçirilən Asiya Parlament Assambleyasının 13-cü plenar sessiyası çərçivəsində baş tutub.
Təbii ki, belə görüşlər parlament diplomatiyasının imkanlarından daha geniş faydalanmaq baxımından vacibdir. Çünki bu səpkili görüşlər qanunverici orqanlar arasında münasibətlərə təkan verməklə yanaşı, həm də ölkələr arasında mövcud problemləri müzakirə etmək imkanı da verir ki, bu da olduqca əhəmiyyətlidir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov bildirib.
Onun sözlərinə görə,
Asiya Parlament Assambleyasının sessiyası çərçivəsində baş tutan görüşdə də regionda mövcud vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb, eləcə də bölgədə enerji sahəsində əməkdaşlıq, kommunikasiyaların genişləndirilməsinin əhəmiyyəti, enerji və nəqliyyat layihələrinin bölgənin ümumi inkişafında vacib rolu qeyd olunub: “Görüşün ən vacib məqamı ondan ibarətdir ki, tərəflər indiki mərhələdə regionda sabitliyə xələl gətirəcək, gərginlik yaradacaq davranışlardan çəkinmək, əməkdaşlığın genişləndirilməsini təşviq edəcək addımlar atmağın zəruriliyini qeyd ediblər. Təbii ki, bu məsələ daha çox İrana aiddir. Çünki Azərbaycan və Türkiyənin regionun inkişafına və regionda sülh və sabitliyə dair mövqeləri tamamilə üst-üstə düşür. Məhz İranın regiondakı sabitliyə xələl gətirə biləcək davranışlardan çəkinməsi lazımdır ki, görüşdə də bu məsələ onların nəzərinə çatdırılıb. İran tərəfinin nəzərinə çatdırılıb ki, Azərbaycanın öz torpaqlarını işğalından azad etməsindən sonra bölgədə yeni imkanlar yaranıb və regionda daimi sabitliyə və təhlükəsizliyə nail olmaq üçün sülh müqaviləsinin imzalanması vacibdir. Açığını demək lazımdır ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını istəməyən qüvvələrdən biri də İrandır. Amma İran nəhayətdə başa düşməlidir ki, regionda sülh həm də İranın maraqlarına cavab verir və ona görə də bu istiqamətdə töhfə vermək üçün hazırki siyasətindən, yəni Azərbaycan yönəlik təhdidlərdən əl çəkməli və müttəfiqi Ermənistana bu istiqamətdə addımların atılması üçün təzyiq göstərməlidir.

Üçtərəfli görüşdə həmçinin regionda nəqliyyat dəhlizi və enerji sahəsində əməkdaşlıq potensialına da diqqət çəkilib ki, fikrimcə bu da olduqca əhəmiyyətlidir. Zəngəzur dəhlizinin açılması regionun dövlətlərinin hər birinin maraqlarına xidmət edə bilər. İran bu istiqamətdə də müvafiq addımlar atmalıdır. Başqa sözlə desək Zəngəzur dəhlizinin açılmasına mane olan davranışlardan əl çəkməli və konstruktiv mövqe sərgiləməlidir.
Ümumiyyətlə isə regional məsələlərin həllində bölgə dövlətlərinin öz aralarında dialoqu davam etdirməsi vacibdir. Ona görə də bu səpkili görüşlərin və danışıqların davam etdirilməsi hər zaman xeyir verər”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə