Qalib xalqın vətənpərvər gəncləri - ŞƏRH

Qalib xalqın vətənpərvər gəncləri - ŞƏRH

Bu gün dövlətçilik və vətənpərvərlik düşüncəsi hər bir gəncin fəaliyyətinin əsasını təşkil edir. Ölkə əhalisinin 22,8 faizini təşkil edən, 2 milyon 300 mindən artıq gəncimiz Prezident İlham Əliyevin apardığı bütün islahatlarda onun yanında olduğunu öz fəaliyyəti, ictimai iştirakçılığı ilə ifadə edir. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün ölkəmizdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasəti Azərbaycanda həyata keçirilən inkişaf siyasətinin mühüm tərkib hissəsidir. Və bu gün biz Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır.

Bu gün cəmiyyətimizin ayrılmaz hissəsi olan Azərbaycan Ordusu sıralarında Vətənin müdafiəsi kimi müqəddəs bir vəzifəni şərəflə yerinə yetirən şəxsi heyətin böyük əksəriyyətini gənclər təşkil edir. Azərbaycan gənclərinə günü-gündən artan dövlət qayğısı nəticəsində bu gün orduda vətənpərvər, mənəviyyatca saf, fiziki cəhətdən sağlam gənclər xidmət edirlər. 2016-cı ilin aprelində təmas xəttində düşmənin hər cür təxribatına inamla cavab verən Azərbaycan əsgərinin hər an, hər dəqiqə xalqın dəstəyini hiss etməsi, gənclərimizin bir nəfər kimi Vətən torpağının müdafiəsi uğrunda mübarizəyə hazır olmasını əyani şəkildə nümayiş etdirməsi, gənclərə münasibətdə Heydər Əliyev kursunun, İlham Əliyev siyasətinin təntənəsidir.

Hər bir millət, hər bir dövlət yaşam tarixində torpağını, xalqını sevən, onu mübarizə meydanında qələbəyə, çətin anlarda işığa doğru aparan rəhbərə, şəxsiyyətə ehtiyac duyur. Sözün əsl mənasında hər bir dövlətin bir dövlət olaraq formalaşmasında, millətin millətlər sırasında mətin dayanmasında böyük şəxsiyyətlərə daim ehtiyac var. Azərbaycanın adı bu gün dünya müstəvisində öndə gedən dövlətlər sırasında məğrur durur. Daim bu torpaq, bu millət dahilər, onun adını zirvələrə ucaldan şəxsiyyətlər yetirib.

“Heç bir millət şəxsiyyətsiz yaşaya bilməz”. Bu fikir Azərbaycan adını öndə gedən dünya ölkələri sırasına yazan, öz uzaqgörənliyi ilə dünya siyasətçilərini daim heyrətə gətirməyi bacaran, millətin hər bir nümayəndəsini ürəkdən sevən dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevə məxsusdur! Əslində doğru deyiblər ki, zaman hər şeyi yerbəyer edir, hər şeyin, hər kəsin doğru qiymətini verir. İllər keçdikcə, Ümummilli Liderimiz Heydər Əliyevin böyüklüyünü, müdrikliyini, xalqını, vətənini necə bir məhəbbətlə sevdiyini daha çox anlayırıq. Bu siyasət nəhənginin fəaliyyəti bütün bəşəriyyətin xoşbəxt gələcəyi uğrunda mübarizəyə həsr olunmuşdur. Belə ki, tarixin xalqımıza bəxş etdiyi dahi şəxsiyyətin, müasir Azərbaycanın xilaskarı və memarı, Ulu Öndəri Heydər Əliyevin bütün fəaliyyətinin məqsədi Azərbaycanı güclü, demokratik dövlətə çevirmək və xalqına firavan həyat bəxş etmək idi. Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü onun şərəfli adı və möhtəşəm fəaliyyəti ilə bağlıdır. Onun Azərbaycana otuz ildən çox rəhbərliyi dövründə ölkəmiz bütün sahələrdə böyük inkişaf yolu keçib. O, bütün həyatını ölkəmizin yüksəlişinə və insanların xoşbəxtliyinə həsr etmişdir.

Onu da vurğulamaq istərdim ki, ölkəmizdə uğurla həyata keçirilən Gənclər siyasətinin ən önəmli nəticələrindən biri də bu oldu ki, 2020-ci ilin sentyabr-noyabr aylarında Rəşadətli Azərbaycan Ordusunun sıralarındakı Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların rəşadəti sayəsində əldə olunan bu Şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev bununla bağlı demişdir: “Bu gün Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsidir. Biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik. Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşurlar. Bizim şəhidlərimizin böyük əksəriyyəti gənclərimiz olub. Bizim gənclərimiz hərbi qələbələrimizi şərtləndiriblər". Azərbaycan gəncləri Vətən uğrunda döyüşlərlə yanaşı, arxa cəbhədə də yüksək fəallıq göstərib, ölkəmizlə bağlı həqiqətlərin, işğalçı Ermənistanın əzəli torpaqlarımızda törətdikləri vandallıq aktlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında fəal iştirak ediblər. Bu gün bütün Azərbaycan gəncliyi ölkəmizin gələcəyini birmənalı olaraq yalnız Prezident İlham Əliyevlə bağlayır və öz yüksək potensialını xalqına, Vətəninə və dövlətinə şərəf və ləyaqətlə xidmətə yönəldir”.

Bir sözlə, Alim Baş Komandan, Prezident İlham Əliyev qurucu, birləşdirici, Azərbaycan xalqının bütün istək və arzularını həyata keçirən, öz siyasətində Azərbaycan dövlətinin və xalqının maraqlarını ən ali məqsəd kimi görən və bütün qüvvəsini bu istiqamətdə səfərbər edən, xalqın birmənalı şəkildə dəstəklədiyi, etimad göstərdiyi və etibar etdiyi Qalib Sərkərdə olaraq 19 illik - “Güclü ordu - güclü dövlət” strategiyasının və “Dəmir yumruq” siyasətinin siyasətinin doğru olduğunu Azərbaycana və beynəlxalq ictimaiyyətə sübut etdi. Və 44 gündə mümkünsüzü mümkün edən güclü AZƏRBAYCAN ORDUSUDUR. Qələbə Azərbaycan Silahlı Qüvvələrinin tarixinə, hərb tariximizə yaddaşlardan silinməyəcək şanlı bir səhifə kimi yazılacaq! Qarabağ Azərbaycandır!

Fuad Heydər

YAP Səbail rayon təşkilatının məsləhətçisi

Bütün xəbərlər Facebook səhifəmizdə