“Zərifə xanım Əliyevanın yaşadığı mənalı ömür bir məktəbdir” - DEPUTAT ŞƏRH ETDİ

“Zərifə xanım Əliyevanın yaşadığı mənalı ömür bir məktəbdir” - DEPUTAT ŞƏRH ETDİ

“Zərifə xanım Əliyeva qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı, böyük alim, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr verən həkim oftalmoloq idi”. Bu sözləri SİA-ya açıqlamasında deputat Kamilə Əliyeva deyib.

Onun sözlərinə görə, Zərifə xanım Allahın öz bəndəsinə bəxş etdiyi bütün müsbət keyfiyyətləri özündə cəmləşdirən bir insan idi: “O, ocağında ata-anasına layiq, qəlblərində daim Azərbaycan sevgisi yaşadan, vətənimizin qüruru sayılan övladlar böyüdüb. Zərifə xanım qeyri-adi bir ana idi. Onun övladlarına olan münasibəti də xüsusi idi.

Mən deyərdim ki, belə münasibətin bənzərini tapmaq çətindir. Deyirlər ki, “Ana övladını özündən də çox sevir”. Zərifə xanım da məhz belə analardan idi.

O, həm də Ümummilli Lider Heydər Əliyevə vəfalı ömür-gün yoldaşı idi. Zərifə Əliyeva oftalmologiyanın müasir problemlərinə dair sanballı tədqiqatların, nadir elmi əsərlərin, monoqrafiya, dərs vəsaiti, ixtira və səmərəli təkliflərin müəllifi olub.

Mən bir məsələyə təəssüf edirəm ki, Zərifə xanım müstəqil Azərbaycanımızın bu gününü, Qarabağımızın cənab İlham Əliyevin rəhbərliyi altında düşmən tapdağından azad edilməsini görə bilmədi”.

Kamilə Əliyeva sözlərinə belə davam edim: “Zərifə Əliyevanın fəaliyyətinə nəzər salarkən, bu dahi insanın genişmiqyaslı şəxsiyyət olması qənaətinə gəlmək olur. Zərifə xanımın fitri istedada malik alim, pak və nadir insan kimi yaşadığı dərin mənalı ömrü, keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı üçün bu gün də həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir.

Onu da qeyd edim ki, Zərifə xanım Əliyevanın yaşadığı mənalı ömür bir məktəbdir. O, bütün bilik və bacarığını xalqa xidmətə sərf etmiş Əziz Əliyevin ailəsində göz açıb. Belə bir ailədə doğulan insan başqa cür ola bilməzdi.

Bu il Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyidir və 100 illiklə əlaqədər respublikada bir çox tədbirlər planı həyata keçiriləcək. Allah Zərifə xanım Əliyevaya rəhmət etsin. Onun ruhu şaddır. Biz onun yubileyi ərəfəsində özünün işığına toplaşacağıq”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə