"Onlara Azərbaycanda yer yoxdur" - DEPUTAT DANIŞDI

"Onlara Azərbaycanda yer yoxdur" - DEPUTAT DANIŞDI

“Azərbaycan öz əraziləri boyunca tam suverenliyini təmin etmək hüququna malikdir. Bu ümumiyyətlə müzakirə predmeti belə deyil. Azərbaycanın ermənilərin yaşadığı ərazilərində təbii sərvətlərinin qeyri-qanuni istismar edilməsi, sözün əsl mənasında talan edilməsi yolverilməzdir. Azərbaycan öz haqqını tələb edir. Nəzərə almaq lazımdır ki, Ermənistan Azərbaycan torpaqlarını 30 il işğal altında saxladığı müddətdə həmin ərazilərdə təbii sərvətlərimiz cinayət yolu ilə, qeyri-qanuni şəkildə mənimsənilib”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Elşad Mirbəşiroğlu bildirib.

Onun sözlərinə görə, mənşəyi dəyişdirilərək dünyanın müxtəlif bazarlarında satılıb: “Bu gün artıq Azərbaycan öz torpaqlarını işğaldan azad edib. Lakin ermənilərin yaşadıqları ərazilərdə oxşar proseslər hələ də davam etməkdədir.

Təbii ki, Azərbaycan öz təbii sərvətlərinə sahib çıxmaq iradəsini ortaya qoyub. Düşünürəm ki, ölkəmizin bu mövqeyi kənardan aydın şəkildə görünür. Digər tərəfdən bu həm də təhlükəsizlik məsələsidir. Separatçıların elə əsl gəlir mənbəyi də o ərazilərdəki faydalı qazıntı yataqlarının qeyri-qanuni istismarından formalaşır. Yəni bir növ Azərbaycan ərazisində yaşayan ermənilər bizim təbii sərvətlərimiz hesabına özlərinin separatçı rejimlərini saxlamağa çalışırlar. Biz bunun qarşısını almaq istiqamətində də addımlar atmaqdayıq. Bu baxımdan hesab edirəm ki, ermənilər nəhayət Azərbaycan qanunlarına tabe olaraq yaşamaqdan başqa bir çıxış yolunun olmadığının fərqinə varmalıdırlar. Biz dəfələrlə qeyd edirik ki, Azərbaycan qanunlarına tabe olaraq ermənilər də digər xalqların nümayəndələri kimi tam təhlükəsiz şəkildə ərazilərimizdə öz mövcudluqlarını davam etdirə bilərlər. Əks təqdirdə isə onlara Azərbaycanda yer yoxdur.

Ekofəallar da öz dinc aksiyaları ilə Azərbaycan xalqının yüksək mədəniyyətini nümayiş etdirirlər. Sivil mübarizə nümunəsini təqdim edirlər. Hansı ki, buna dünya miqyasında hazırda bir çox hallarda rast gəlinməkdədir. Biz yenə də dinc yollar, vasitələrlə öz haqlarımızı qorumağa çalışırıq. Hesab edirəm ki, Azərbaycan bu istiqamətdə də daha bir uğura imza atacaqdır. Azərbaycan ərazilərində ermənilər separatçılıq əməllərindən əl çəkməyəcək, bu zaman Azərbaycan qanunlarına tabe olmaqdan imtina edəcəklərsə, Azərbaycan onların zərərsizləşdirilməsinin yollarını çox yaxşı bilir. Ermənilər də bununla bağlı aydın təsəvvürlərə malikdirlər. Genişmiqyaslı müharibənin baş verəcəyini düşünmürəm. Çünki qarşı tərəfdə bu müharibəni davam etdirmək üçün güc, ordu yoxdur. Əgər hər hansısa bir əməliyyatlar olacaqsa, bu Azərbaycanın bu və ya digər ad altında həyata keçirmiş olduğu hərbi əməliyyatlar və ya təhlükəsizlik tədbirləri ola bilər”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə