“ŞUŞA İLİ”NDƏN “HEYDƏR ƏLİYEV İLİ”NƏ - ARDICIL UĞURLARA DOĞRU TƏHLİL

“ŞUŞA İLİ”NDƏN “HEYDƏR ƏLİYEV İLİ”NƏ - ARDICIL UĞURLARA DOĞRU TƏHLİL

2022-ci il artıq tarixə qovuşdu. Xalqımıza qazandırdığı nailiyyətlərlə milli dövlətçilik salnaməmizin qürur dolu daha bir səhifəsini yaşadıq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa və bütün dünyada yaşayan soydaşlarımıza müraciəti zamanı 2022-ci ilin dəqiq qiymətini verdi: «Bir il əvvəl Yeni il bayramı münasibətilə Azərbaycan xalqına müraciət edərkən demişdim ki, əminəm, 2022-ci il də ölkəmiz üçün uğurlu olacaq. Belə də oldu. Qarşımızda duran bütün vəzifələr icra edildi, Azərbaycan daha da gücləndi”. Bəli, Azərbaycan Prezidenti, Qalib Lider İlham Əliyev verdiyi sözü son 19 il prezidentlik fəaliyyəti illərində sözü imzası qədər qüvvətli və dəyərli olub. Görülən işlər verilən vədlərin göstəricisidir. Qələbəmizdən ötən 3 il, hər ili bir qələbə, uğur…

2020-Cİ İL – ALİ BAŞ KOMANDANIN XALQA BƏXŞ ETDİYİ QARABAĞ AZƏRBAYCANDIR!

Hər il Azərbaycan hər sahədə uğurlara nail olsa da, ürəyimizdə qübar edən bir problemimiz – düşmən işğalında olan Qarabağımızın niskili var idi. 30 ilə yaxın idi ki, dilimizdən düşməyən gün o gün olsun ki... arzusu ilə yaşayırdıq. İllər idi ki, dilimizdən düşməyən istək, alqış, xəyal... İllər idi ki, həsrətində olduğumuz, ürəyimizdə qübara çevrilən, xiffətini çəkdiyimiz ata-baba torpaqlarına böyük qayıdışın arzusu, xəyalı ilə yaşamışıq... Nəhayət, sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatı, bütün cəbhəboyu ağır artilleriyadan istifadə etməklə hücuma keçməsi və birbaşa mülki əhalini hədəfə alması nəticəsində Azərbaycan Ordusu Vətən uğrunda ölüm-dirim savaşına qalxdı.

30 illik həsrətə düz 44 gün ərzində Qarabağ münaqişəsinə Ali Baş Komandanımız, Prezident İlham Əliyev cənablarının diplomatik siyasəti və rəhbərliyi ilə «İRƏLİ!» göstərişinə əməl edən güclü Ordumuzun, Müzəffər əsgər və zabitlərimizin rəşadəti ilə Qarabağ Azərbaycandır! nidasını qoydu. Dövlət başçımız İlham Əliyev cənabları çıxışlarında da dönə-dönə vurğulayır ki, bu Qələbə «Dəmir Yumruq» siyasəti ilə Azərbaycan Ordusunun gücünü göstərdi: «Bu Qələbə bizim xalqımıza yaraşır, igid oğullarımıza yaraşır, dövlətimizə yaraşır və bu Qələbə gücümüzü göstərdi. Onu göstərdi ki, heç vaxt Azərbaycan bu vəziyyətlə barışmayacaq. Mən 17 il ərzində ölkə Prezidenti və Ali Baş Komandan kimi dəfələrlə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz sözlərimi demişdim. Demişdim, biz heç vaxt imkan verə bilmərik ki, tarixi Azərbaycan torpağında ikinci erməni dövləti yaradılsın. Demişdim ki, heç vaxt Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu olmayıb və olmayacaq. Demişdim ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Demişdim ki, sülh yolu ilə mümkün olmasa, hərbi yolla bunu bərpa edəcəyik. Mənim çıxışlarım hər yerdə var, dərc edilib. Bu sözləri demişəm və buna əməl etmişəm. Ərazi bütövlüyümüzü bərpa etmişik, işğalçıları işğal edilmiş torpaqlardan qovmuşuq, ikinci erməni dövlətinin yaradılmasına imkan verməmişik, heç bir status haqqında söhbət gedə bilməz».

Göründüyü kimi, 2020-ci il nə qədər çətin keçsə də, sonda Müzəffər ordumuz Qarabağ cəbhəsində tarix yazaraq, işğal altında olan torpaqlarımız işğaldan azad edilir və edilməkdədir. Güclü Ordumuzun, Rəşadətli əsgər və zabitlərimizin qələbəsidir. Bu haqqın qələbəsidir. Bu, Azərbaycan xalqının qələbəsidir. Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilən TARİXİ QƏLƏBƏSİDİR!

2021-Cİ İL İQTİSADİ İNKİŞAFIN DAHA BİR UĞURLU DÖVRÜ OLDU

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlar, aparılan çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan regionda ən güclü və suveren, yüksək beynəlxalq nüfuza malik olan dövlətə çevrilib. Həyata keçirilən praqmatik xarici siyasət strategiyası ölkəmizə beynəlxalq münasibətlər sistemində müstəqil xarici siyasət həyata keçirən milli dövlət kimi etibarlı strateji tərəfdaş imici qazandırıb.

Regional təşəbbüslər Azərbaycanın möhkəmlənməsinə, bölgədəki əməkdaşlığın dərinləşməsinə xidmət etdi. Milli mənafelərlə bağlı problemlərin həllinə həssas və fəal yanaşma uzaq və yaxın xaricin də diqqətindən yayınmadı. Azərbaycan Prezidentinin yürütdüyü uğurlu xarici siyasət nəticəsində ölkəmiz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi, dünyada beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıdı. Azərbaycan Prezidentinin bu məsələdəki birmənalı mövqeyi təsdiqlədi ki, Qarabağın Azərbaycandan ayrılma mexanizmi yoxdur. Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına 2019-2022-ci illərdə sədrlik etməsi müasir Azərbaycanın beynəlxalq miqyasda nüfuzunu və qüdrətini göstərdi.

Prezident İlham Əliyevin rəhbərliyi ilə hazırda ölkədə həyata keçirilən fundamental islahatlar milli iqtisadiyyatın dayanıqlı inkişafını, sürətlə müasirləşməsini və əhalinin maddi rifahının davamlı şəkildə yaxşılaşmasını təmin edir. Azərbaycan 2022-2030-cu illəri əhatə edən yeni strateji inkişaf mərhələsində isə iqtisadi artımın daha dayanıqlı drayverlərinin hərəkətə gətirilməsi, milli iqtisadiyyatın rəqabət qabiliyyətinin, innovasiya yönümlülüyünün və maliyyə dayanıqlığının daha da gücləndirilməsi və azad edilmiş ərazilərin reinteqrasiyası kimi məsələləri gerçəkləşdirməyi qarşıya yeni vəzifələr kimi qoyur. Məhz bu gün Azərbaycanın nailiyyətləri beynəlxalq qurumlar tərəfindən də yüksək qiymətləndirilir. Son 19 il ərzində Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf etmiş, ümumi daxili məhsul üç dəfədən çox artmışdır. Genişmiqyaslı islahatlar nəticəsində Azərbaycanda münbit sərmayə iqlimi yaradılmışdır. Azərbaycan iqtisadiyyatına 280 milyard ABŞ dolları həcmində sərmayə yatırılıb ki, bunun da yarısı xarici sərmayədir. Azərbaycanın xarici borcu ölkənin ümumi daxili məhsulunun 17,3 faizini təşkil edir. 2030-cu ilin sonuna qədər bu rəqəmin 10 faizə enməsi planlaşdırılır. Ötən 19 il ərzində Azərbaycanda yoxsulluq səviyyəsi 49 faizdən 5 faizə enib. Ölkədə işsizlik təqribən 5 faiz səviyyəsindədir. Azərbaycanda 2 milyondan çox yeni iş yeri açılıb.

Bəli, qürur hissi ilə vurğulamaq istərdik ki, öz torpaqlarının 30 illik işğalına son qoyan Azərbaycan son dövrlər bir çox meqa lahiyələr həyata keçirir. Bu baxımdan, özündə həm geoiqtisadi, həm də geosiyasi əhəmiyyət daşıyan Zəngəzur dəhlizi nəinki Azərbaycan və Türkiyə üçün, bütövlükdə Asiya regionu və türk dünyası üçün də olduqca vacib bir layihədir. Zəngəzur dəhlizi həm tarixi aspektdə, həm müasir geosiyasi reallıqlar prizmasından, həm də Cənubi Qafqazda sülh, barış və əməkdaşlığın bərpa olunmasında prinsipial əhəmiyyət daşıyır. Məhz bu səbəbdən Zəngəzur dəhlizinin işə salınması adi hadisə deyil. Həmçinin, dövlət büdcəsi hesabına Qarabağda 2,2 milyard manatlıq sərmayənin qoyuluşu da təsdiq edir ki, işğaldan azad edilmiş ərazilərdə yaradılacaq iqtisadi infrastrukturlar dayanıqlı inkişafa böyük imkan yaradacaq.

“ŞUŞA İLİ”NDƏN “HEYDƏR ƏLİYEV İLİ”NƏ

Artıq tarixin növbəti – 2022-ci il «Şuşa ili» estafeti 2023-cü il «Heydər Əliyev ili»nə çox böyük nailiyyət və yeniliklərlə təhvil verdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa və bütün dünyada yaşayan soydaşlarımıza müraciəti zamanı bildirdi ki, iki il əvvəl döyüş meydanında qazandığımız tarixi Qələbəmizi siyasi müstəvidə daha da möhkəmləndirdik. Bu ilin oktyabr ayında Praqa və Soçi görüşlərində Ermənistan ölkəmizin ərazi bütövlüyünü və suverenliyini rəsmən tanıdı. Hesab edirəm ki, bundan sonra Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün bütün şərtlər təmin edildi və Azərbaycan tərəfindən təklif olunmuş məlum beş prinsip əsasında sülh müqaviləsi imzalana bilər.

Dövlət başçısı onu da vurğuladı ki, bu il biz hərbi gücümüzü daha da artırmışıq, bu sahəyə daim böyük diqqət göstərilir. Azərbaycan həm İkinci Qarabağ müharibəsi dövründə öz hərbi gücünü göstərmişdir, eyni zamanda, müharibədən keçən iki il ərzində biz aparılan islahatlar nəticəsində, yeni silahlı birləşmələrin yaradılması nəticəsində, silahlar və müasir texnika ilə ordumuzu təchiz etməyimiz nəticəsində daha da böyük hərbi potensiala malik olduq. Bu il bir neçə hərbi əməliyyat keçirildi və bu əməliyyatlar döyüş qabiliyyətimizin yüksək səviyyədə olmasını bir daha təsdiqlədi. Fərrux əməliyyatı, “Qisas” əməliyyatı, eyni zamanda, sentyabr ayında Azərbaycan və Ermənistan sərhədi istiqamətində gedən toqquşmalar bizim növbəti parlaq qələbəmizlə nəticələndi. Sərhəd toqquşmaları nəticəsində Azərbaycan bir çox əlverişli strateji yüksəkliklərdə öz mövqelərini daha da möhkəmləndirə bilmişdir.

Prezedent İlham Əliyev müraciətində vurğulayıb ki, avqustun 26-da - nəzərdə tutulmuş vaxtdan xeyli əvvəl biz Laçın şəhərini də azad etdik və eyni zamanda, Laçın rayonunun Zabux və Sus kəndlərinə də qayıtdıq. Bu da böyük nailiyyətdir. Artıq Laçın şəhərində çox genişmiqyaslı quruculuq-bərpa işləri aparılır. Əminəm ki, biz 2023-cü ildə laçınlıları Laçına qaytaracağıq, ilk keçmiş köçkünlər öz doğma torpağına qayıdacaqlar. Eyni zamanda, bu il Ağalı kəndində həyat artıq bərpa edilib. Birinci layihə icra edilmişdir və zəngilanlılar öz doğma torpağına qayıtmışlar. Bu, tarixi hadisədir. Çünki müharibədən iki il keçmədən – cəmi il yarımdan sonra biz artıq birinci keçmiş köçkünləri öz doğma torpaqlarına qaytarmışıq, onlar üçün gözəl şərait yaratmışıq. Bu, bir daha onu göstərir ki, dövlətimiz güclüdür və iradəmiz yerindədir. Eyni zamanda, bu, xalqımızın böyüklüyünü göstərir. Onu göstərir ki, bizim vətəndaşlarımız öz dədə-baba torpaqlarına bağlıdır, necə deyərlər, torpaq çəkir. Hətta heç vaxt o yerləri görməyən gənclər, uşaqlar, məktəblilər böyük həvəslə Ağalıya qayıdıblar və bu, bir daha xalqımızın böyüklüyünü göstərir. Onu göstərir ki, məcburi köçkünlər qayıdış gününü səbirsizliklə gözləyirlər.

Bəli, 2022-ci il «Şuşa ili»ndə Böyük Qayıdış Proqramının uğurla icra edilməsi oldu. Dövlət başçısı müraciətində də bildiridi ki, artıq bir neçə şəhərdə inşaat işləri geniş vüsət almışdır: «İlk növbədə Şuşa, eyni zamanda, Ağdam, Füzuli, Zəngilan, Laçın şəhərlərində geniş quruculuq işləri gedir, xəstəxanalar, məktəblər, yaşayış binaları inşa edilir. Bununla bərabər, 10-dan çox kəndin Baş planı təsdiqləndi və bir neçə kəndin təməlini mən şəxsən qoymuşam. Bütövlükdə deməliyəm ki, azad edilmiş bütün şəhərlərimizin və qəsəbələrimizin Baş planları hazırlandı, təsdiqləndi. Bütün işlər Baş planlar əsasında gedəcək. Eyni zamanda, Böyük Qayıdış Proqramında bizim bütün planlarımız öz əksini tapıb və əminəm ki, yüz minlərlə keçmiş köçkün yaxın gələcəkdə öz doğma torpağına qayıdacaq».

Həmçinin, 2022-ci ilin yadda qalan hadisəsəi Zəngilan Beynəlxalq Hava Limanının açılışı oldu. Dövlət başçısı müraciətində bildirdi ki, bu, azad edilmiş torpaqlarda ikinci hava limanıdır. Üçüncü hava limanı isə maksimum iki ildən sonra istifadəyə veriləcək. Zəngəzur dəhlizinin açılması ilə əlaqədar genişmiqyaslı işlər aparılır, dəmir yolları, avtomobil yolları çəkilir. Zəngəzur dəhlizinin açılması mütləq olmalıdır, Ermənistan bunu istəsə də, istəməsə də. Biz ortaya güclü iradə qoymuşuq, bütün işlər plan üzrə gedir. Bizim tələbimiz əsaslıdır və ədalətlidir. Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə bizim bağlantımız olmalıdır və olacaqdır.

Prezident İlham Əliyev 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa və bütün dünyada yaşayan soydaşlarımıza müraciəti zamanı bildirdi ki, azad edilmiş ərazilərdə bizim tarixi binalarımız, o cümlədən məscidlərimiz əsaslı şəkildə bərpa edilir və yenidən inşa olunur: «Mən bu rəqəmi səsləndirmişdim, ermənilər işğal dövründə 67 məsciddən 65-ni tamamilə yerlə-yeksan etmişlər. Onların bərpası, yenidən qurulması faktiki olaraq artıq başlamışdır və təmirə ehtiyacı olan məscidlər də təmir edilir. Onu da bildirməliyəm, bizim dini abidələrimizin inşası və təmiri ilə bağlı əsas rolu Heydər Əliyev Fondu oynayır. Faktiki olaraq bütün məscidlər Heydər Əliyev Fondunun xətti ilə yenidən inşa edilir”.

BU GÜN AZƏRBAYCAN DÜNYA MİQYASINDA NADİR ÖLKƏLƏRDƏNDİR Kİ, HEÇ KİMDƏN İQTİSADİ VƏ SİYASİ CƏHƏTDƏN ASILI DEYİL

“Əlbəttə ki, bütün bu nailiyyətlərə çatmaq üçün bizim güclü iqtisadiyyatımız olmalıdır və iqtisadi müstəqillik çoxdan təmin edilib. Bu gün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, heç kimdən iqtisadi və siyasi cəhətdən asılı deyil»,-deyən dövlət başçısı onu da bildirdi ki, əgər bu ilin iqtisadi göstəricilərinə nəzər salsaq görərik ki, postpandemiya dövrü üçün nəticələr qənaətbəxşdir: «İqtisadiyyat təxminən 5 faiz artıb, qeyri-neft sektorunda 9 faizdən çox artıb. Bununla bərabər, bizim ümumi daxili məhsulumuz bu il rekord həddə – 130 milyard manata çatıb. Bu, tarixi nailiyyətdir. Bununla paralel olaraq bizim xarici dövlət borcumuz xeyli azalıb. Bu vəzifəni bir neçə il bundan qabaq mən hökumət qarşısında qoymuşdum ki, bizim xarici borcumuz ümumi daxili məhsulumuzun 10 faizinin altında olmalıdır. Keçən il 17 faiz idi, bu ilin son nəticələrinə görə 9,5 faizdir. Müqayisə üçün deyə bilərəm ki, bəzi inkişaf etmiş ölkələrdə xarici borc ümumi daxili məhsulun 100, 120, hətta 150 faizini təşkil edir. Yəni, biz tamamilə beynəlxalq maliyyə institutlarından asılı deyilik”.

QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR YAŞIL ENERJİ ZONASI OLMALIDIR

Bəli, dövlət başçımızın dediyi kimi, bu il energetika sahəsində çox əlamətdar hadisələr baş verib: «İlin ortasında Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlığa dair memorandum imzalanmışdır. Artıq bu memorandum icra edilir, Azərbaycan dünya bazarlarına öz təbii qazının ixracatını artırır. Bu ilin sonunda - dekabrın 17-də isə yeni böyük meqalayihəyə start verildi. Qara dənizin dibi ilə elektrik kabelinin çəkilişi imkan verəcək ki, Azərbaycan bu sahədə də öz rolunu daha geniş miqyasda oynasın. Çünki bu elektrik enerjisinin əsas təchizatçısı Azərbaycan olacaq və bu, yaşıl enerji olacaqdır. Mən artıq bir neçə dəfə demişdim ki, Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası olmalıdır. Artıq biz buna nail oluruq və olacağıq. Eyni zamanda, Azərbaycanın çox geniş bərpaolunan enerji mənbələri həm ölkəmiz üçün, həm də dünya üçün böyük əhəmiyyət kəsb edir. Mən bu rəqəmləri bu yaxınlarda səsləndirmişdim, təsdiq edilmiş bərpaolunan enerji mənbələrinin potensialı 184 min meqavatdır. Bunun 157 mini Xəzər dənizinin Azərbaycan sektorunda mövcuddur. Yəni, bu, ölkəmizi əvəzolunmaz tərəfdaşa, enerji sahəsində əvəzolunmaz tərəfdaşa çevirəcəkdir».

Göründüyü kimi, 2022-ci il “Şuşa ili” eyni zamanda, ənənəvi olaraq regional inkişafı da ciddi diqqət mərkəzində olub. Dövlət başçısı müraciətində bu məsələyə toxunaraq bu il regionlara 30 səfəri olubdur, o cümlədən 21 səfər azad edilmiş torpaqlaradır: «Mən bu ili “Şuşa İli” elan etmişdim. Şuşanın 270 illiyini biz çox geniş və böyük təntənə ilə qeyd etdik. Gələn il isə “Heydər Əliyev İli” elan edilib. Gələn il biz Ulu Öndərin 100 illik yubileyini qeyd edəcəyik. Heydər Əliyevin xatirəsinə ən böyük hörmətimiz onun yoluna sədaqətimizdir. Biz bu yolla gedirik və bu gün Azərbaycan reallıqları, uğurlar, qələbələr, bax, bu yolun təməlində dayanıb”. Bəli, yenicə qədəm qoyduğumuz 2023-cü il "Heydər Əliyev ili"ndə daha böyük qələbələr, uğurlar əldə edəcəyik. Dövlət başçımızın söylədiyi kimi: "Biz bu yolla gedirik və bu gün Azərbaycan reallıqları, uğurlar, qələbələr, bax, bu yolun təməlində dayanıb".

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə