Hər bir xalqın milli varlığını şərtləndirən əsas amillərdən biri onun etnik-siyasi mütəşəkkilliyi,milli həmrəyliyidir.Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü bütün Azərbaycan xalqının ideoloji bütövlüyünü,milli birliyini təmin edən əsas amildir.Bu ideya dövlət siyasətinin prinsipial istiqamətlərindən biri kimi dünyada yaşayan soydaşlarımızın birliyinin ideoloji-nəzəri əsaslarını təşkil edir.Dünya azərbaycanlılarının həmrəyliyi milli mənafelər və dövlət maraqları kontekstində tarixi zərurətdən doğan ehtiyacdır.Təbii ki, Azərbaycan dövləti bu milli tələbatın,siyasi konsepsiyanın gerçəkləşməsində mövcud regional və qlobal şəraiti,ictimai-siyasi proseslərin yaratdığı reallığı nəzərə alır.
Yüzilliklər boyu baş verən müharibələr,müxtəlif ictimai-siyasi proseslər nəticəsində Azərbaycan parçalandı,soydaşlarımızın bir qismi ata-baba yurdlarından didərgin salındı,deportasiyalara məruz qaldı.Vətən övladları doğma yurdlarından uzaqlarda mühacir həyatı yaşadı.Digər tərəfdən,orta əsrlərdə İslam mədəniyyətin,ərəbdilli elmin inkişafı ilə bir sıra Azərbaycan mütəfəkkiri Yaxın və Orta Şərqin şəhərlərinə axın etdi.Sonrakı yüzilliklərdən XIX əsrədək Şərqin və Avropanın müxtəlif elm və mədəniyyət mərkəzlərində biliklərə yiyələnmək məqsədilə əslən Azərbaycandan olan yüzlərlə alim və tələbənin xaricdə məskunlaşması geniş vüsət aldı.Xüsusi vurğulamaq istərdim ki,XX əsrin əvvəllərinə qədər Azərbaycandan xaricə mühacirət edən soydaşlarımız başqa xalqların içərisində assimilyasiya olunmaq təhlükəsini məhz dilini,adət-ənənələrini,mənəvi-əxlaqi dəyərlərini qoruyub saxlamaqla dəf ediblər.
Müasir dövrdə,dünyada gedən qloballaşma,inteqrasiya və miqrasiya prosesləri nəticəsində azərbaycanlılar bir çox ölkələrə səpələniblər.Bu, ümumən Azərbaycan diasporunun yeni mərhələsini formalaşdıran müsbət xarakterli təbii bir prosesdir.Onu da əlavə edim ki,qloballaşma şəraiti və informasiya cəmiyyəti fonunda miqrasiya prosesi bir çox ölkələri,xalqları əhatə edir.
1991-ci ildə Azərbaycan xalqının öz istiqlaliyyətini bəyan etməsi,1920-ci ildə itirilmiş müstəqilliyinin bərpa olunması müxtəlif ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələrin genişləndirilməsinə imkan verdi.Azərbaycanın müstəqilliyi və xalqımızın milli azadlığı dünya azərbaycanlılarının həmrəyliyinə zəmin yaratdı.Hələ müstəqilliyimizin ilk aylarında,1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi. Bu barədə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən 6 bənddən ibarət qərar qəbul olundu,Azərbaycan parlamentinə qərarın qəbul olunması təklif edildi.Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə dair qərarın sonuncu bəndi bu mövzuda tarixi proseslərin öyrənilməsi baxımından xüsusi əhəmiyyət daşıyır: “Sərhəd çəpərlərinin bərpa edilməsi qanunsuz hesab edilsin və istehkam qurğularının ləğv edilməsini təmin etmək üçün deputat komissiyası yaradılsın”.Xatırladım ki,1989-cu ilin dekabr ayında genişlənən demokratik hərəkat nəticəsində SSRİ-nin dövlət sərhədi boyunca çəkilən sərhəd çəpərləri elliklə söküldü.İlk dəfə olaraq Arazın o tayında,bu tayında olan qohumların, həmvətənlərin ünsiyyət imkanları yarandı,sadələşdirilmiş keçid məntəqələri təşkil edildi.Bu,dünya azərbaycanlılarının həmrəyliyinin ilk rüşeymləri idi.1990-cı ilin noyabr ayının 3-də Türkiyədə keçirilən Birinci Millətlərarası Azərbaycan dərnəkləri qurultayı isə Naxçıvan Muxtar Respublikasından başlanmış sərhəd hərəkatının real davamı kimi milli birlik və həmrəylik yolunda atılan daha bir mühüm addım oldu.Noyabr ayının 5-də qurultayın qəbul etdiyi qərarda 31 dekabr gününün hər il geniş qeyd edilməsi zərurəti irəli sürüldü.
Azərbaycan Respublikasında dövlət bayramı statusu daşıyan 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü dünyanın 70-dən çox ölkəsində yaşayan azərbaycanlılar tərəfindən qeyd olunur.Həmrəylik günü Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrilib.Bu günü hətta milliyyətcə azərbaycanlı olmayıb, lakin Azərbaycanda doğulub böyümüş, Azərbaycan əsilli diaspor nümayəndələri də qeyd edirlər.
Dünya azərbaycanlılarının harada məskunlaşmalarından asılı olmayaraq, ən mühüm,ən müqəddəs vəzifələrindən biri Azərbaycan xalqının tarixi nailiyyəti, bütün dünya azərbaycanlılarının mənəvi-siyasi iradəsinin nəticəsi olan müstəqil dövlətçiliyi qoruyub saxlamaqdan,milli dövlətimizin dünya birliyində özünəməxsus yer tutmasına çalışmaqdan ibarətdir.Eyni zamanda, milli adət və ənənələrin,mədəni dəyərlərin mühafizəsi,yeni nəsillərə ötürülməsi dünyadakı bütün soydaşlarımızın mənəvi borcudur.Digər tərəfdən,müstəqil Azərbaycan dövlətinin mövcudluğu,yalnız Azərbaycan Respublikası vətəndaşlarının deyil,bütün dünya azərbaycanlılarının milli müstəqillik və dövlətçilik təfəkkürünün inkişafına,onların həmrəyliyinə təkan verir.
Müasir dövrdə hər bir dövlətin qüdrəti yalnız iqtisadi resurslarla deyil,həm də onun xaricdə formalaşdırdığı diaspor və lobbinin gücü ilə ölçülür.Bu sahəyə xüsusi diqqət yetirmədən xarici siyasətdə hansısa ciddi nailiyyətlər qazanmaq,habelə milli məsələlərin beynəlxalq müstəvidə qaldırılmasına nail olmaq mümkün deyil.Məhz bu səbəbdən də xarici ölkələrdə yaşayan soydaşlarımızla çoxşaxəli münasibətlər qurmaq,onları təşkilatlandırmaq və ümummilli mənafelər naminə səfərbər etmək Azərbaycanın xarici siyasətində prioritet istiqamətlərdən birinə çevrilib.Bu sahədə dövlət siyasətinin məqsədi xaricdə yaşayan soydaşlarımızın milli özünəməxsusluğunu qorumaq və inkişaf etdirmək,Azərbaycanla əlaqələrini genişləndirmək,habelə digər hüquqlarını reallaşdırmaqdır.Diaspor və lobbi quruculuğunu mühüm məsələlərdən biri kimi diqqətdə saxlayan Prezident İlham Əliyev bu istiqamətdə ardıcıl və sistemli tədbirlərin həyata keçirilməsini təmin edir.Prezident İlham Əliyev müxtəlif ölkələrə səfərləri çərçivəsində soydaşlarımızla keçirdiyi görüşlərdə milli diaspor təşkilatlarının vahid, mütəşəkkil qüvvə kimi təşkilatlanması zərurətini önə çəkir.Dövlət başçısının çıxışlarında vurğuladığı kimi,müasir dövrdə bu sahəyə xüsusi diqqət ayırmadan xarici siyasətdə hansısa ciddi uğur qazanmaq qeyri-mümkündür.
Bütün çətinliklərə baxmayaraq, xalqımızın milli sərvəti olan müstəqilliyin qorunub möhkəmləndirilməsi, milli və vətəndaş birliyinin təmin edilməsi, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunun həyata keçirilməsi, yeni iqtisadi münasibətlər sisteminin yaradılması, ölkədə ictimai-siyasi sabitliyin bərqərar edilməsi Azərbaycanın intensiv inkişaf dövrünə qədəm qoymasına imkan verdi. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin inkişaf strategiyası böyük iqtisadi layihələrə, beynəlxalq və regional platformalara hədəfləndi. İqtisadi müstəqillik, güclü müasir ordu, milli həmrəylik və beynəlxalq səviyyədəki uğurlarımız Vətən müharibəsində Qələbəmizi şərtləndirdi, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu ərazi bütövlüyümüzü təmin etdi. Xalqımızın 30 illik yurd həsrətinə son qoyuldu. Məhz milli birliyimiz, 50 milyon azərbaycanlının üçrəngli ay–ulduzlu bayrağa sarılaraq bir amal ətrafında bütövləşməsi döyüş ruhumuzu, qələbə əzmimizi yüksəltdi, tariximizin şanlı zəfər səhifəsi yazıldı. Vətən müharibəsində Azərbaycan Ordusunun hər qələbə sevinci dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq bütün həmvətənlərimizin də qəlblərində böyük qürur və iftixar hissi yaratdı. Hər bir soydaşımız Azərbaycanın ərazi bütövlüyü uğrunda, torpaqlarımızın erməni işğalçılarından azad olunmasında şəhidlik zirvəsinə yüksələn vətən oğullarımızın xatirəsini əziz tutaraq ehtiramla yad etdi. Dünyanın müxtəlif ölkələrində yaşayan, ürəklərində Azərbaycan amalını daşıyan həmvətənlərimiz 44 günlük müharibədə dövründə düşmənlə informasiya cəbhəsində vuruşdu.
Bu gün dövlətimiz bütün dünyada yaşayan azərbaycanlıların tarixi Vətəni, həmçinin siyasi mərkəzi kimi çıxış edir və hər zaman onların qarşılaşdığı çətinliklərin həllində yaxından iştirak etməyi özünün ali məqsədlərindən biri kimi dəyərləndirir.Dövlətimizin diqqət yetirdiyi digər bir mühüm istiqamət soydaşlarımız arasında mənəvi-ideoloji birliyin yaradılmasından,icmalar arasında əlaqələrin möhkəmləndirilməsindən və bu sahədə mövcud olan siyasi,psixoloji maneələrin aradan qaldırılmasından ibarətdir.Tarixi Vətənlə əlaqələr məsələsi dünya azərbaycanlılarının təşkilatlandırılmasının mühüm prinsiplərindəndir.Bu əlaqələrin möhkəmləndirilməsi yalnız mədəni,siyasi,psixoloji zəmində deyil,həm də iqtisadi aspektdə də özünü göstərir.Diaspor quruculuğunun ən vacib istiqamətlərindən biri də məhz soydaşlarımızın tarixi Vətənin maraqlarından irəli gələn proseslərdə daha fəal iştirakını təmin etməkdir.
Azərbaycanın ərazi bütövlüyünün qorunması,müstəqil dövlətimizə hər hansı təhlükənin,təcavüzün qarşısının alınması,onun demokratik, dünyəvi, hüquqi,milli bir dövlət olaraq inkişaf edib möhkəmləndirilməsi hər bir azərbaycanlının şərəfli vəzifəsi kimi bütün istəklərinin fövqündə durmalıdır. Azərbaycan dilinin, milli-əxlaqi dəyərlimizin,millət kimi formalaşdığımız tarixi Vətənimizin şərəfini qorumaq,harada yaşamasından asılı olmayaraq,bütün soydaşlarımızın ən yüksək həyat amalına çevrilməlidir.
Cavid Mustafayev,
Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının sədr müavini
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB