"Paşinyanın MDB liderlərinin görüşünə qatılması..." - EKSPERT ŞƏRH ETDİ

"Paşinyanın MDB liderlərinin görüşünə qatılması..." - EKSPERT ŞƏRH ETDİ

"Azərbaycan Prezidenti cənab İlham Əliyev Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə MDB dövlət başçılarının iclasında iştirak etmək üçün Sankt-Peterburq şəhərinə işgüzar səfər etdi. Bu səfər cərçivəsində keçirilən görüşdə Prezident İlham Əliyev Azərbaycan dövlətinin və xalqının Cənubi Qafqazda baş verən proseslərə, xüsusilə Azərbaycan və Ermənistan arasında münasibətlərin tənzimlənməsi və bu günə qədər imzalanmış bir sıra bəyanatların tələblərin icrası ilə bağlı məsələləri bir daha diqqətə çatdırıb". Bu sözləri SİA-ya açıqlamasında beynəlxalq ekspert Anar Əliyev deyib.

Onun sözlərinə görə, bu görüş ərəfəsi baş verən prosseslər, xüsusilə də Ermənistan tərəfindən Azərbaycan və Ermənistan arasında münasibətlərin tənzimlənməsinə destruktiv təsirlər göstərə biləcək addımların atılması Azərbaycan və Ermənistan liderlərinin görüşünün keçirilməsini sual altında qoyurdu. Xüsusilə görüş ərəfəsində Moskva şəhərində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirilməsindən Ermənistan tərəfinin imtina etməsi və onların Təhlükəsizlik Şurasının katibinin bir neçə gün bundan öncə “təmaslar davam edir, amma, demək olar ki, bir məsələni - diplomatik münasibətlərin davam etdirilməsi - istiqamətini çıxmaq şərti ilə, digər bütün məsələlərdə razılıq əldə olunmayıb kimi bəyanatlar verməsi qarşı tərəfin sülh prosesini məqsədli şəkildə pozmağa çalışdığını göstərirdi.

12 dekabr tarixindən başlayaraq Azərbaycanlı gənc aktivistlərin etiraz aksiyasına və onların haqlı tələblərinə Ermənistan və onun havadarlarının sərgilədiyi qeyri-konstruktiv mövqe liderlər arasında Sankt-Peterburqda olan görüşü sual altında qoymaqla yanaşı həm də, Ermənistanın sülh prosesi ilə bağlı növbəti sabotajını özündə əks etdirirdi. Əslində baş verənlərlə Ermənistan tərəfi sülh prosesinə hazır olmadığını, Azərbaycanla sülh müqaviləsinin imzalanması və öz üzərinə götürülən öhdəliklərin yerinə yetirilməsi ilə bağlı real praktik addımların atılmasında maraqlı olmadığını nümayiş etdirir. Xüsusilə də nəzərə alsaq ki, 10 noyabr bəyanatının bır sıra bəndləri və bu bəndlərdən irəli gələn tələblər hələ də Ermənistan tərəfindən icra olunmur. Bəyanatın 4-cü, 7-ci və 9-cu bəndindən irəli gələn tələblər - bölgədən Ermənistan silahlı qüvvələrinin çıxarılması, azərbaycanlı qaçqın və məcburi köçkünlərin Xankəndi və digər yaşayış yerlərinə qayıdışı, Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirəcək Zəngəzur dəhlizinin Ermənistandan keçəcək hissəsinin inşası ilə bağlı real addımların atılmaması və tam əksinə bu istiqamətdə Ermənistan tərəfindən təxribat xarakterli bəyanatların səsləndirilməsi Ermənistanın sülhə hazır olmadığını əyani sübut edir. Beynəlxalq ictimaiyyətin gözündə aqressiv və işğalçı imici yaranmaması üçün məqsədli şəkildə sülh imitasiyası yaratmağa, bununla da vaxt qazanaraq Ermənistanın xeyrinə ola biləcək şərtlər irəli sürəcək zamanın yetişməsini gözləməyə çalışırlar".

Beynəlxalq ekspert fikrlərinə davam etdirərək bildirib ki, "Sankt-Peterburqda Rusiya prezidentinin iştirakı ilə Azərbaycan və Ermənistan liderləri arasında görüşün keçirilməsi də əslində aqressorun iradəsindən kənar, mövcud şərtlərin tələbinə uyğun olaraq keçirilib.

Bildiyimiz kimi, Rusiya XİN rəhbəri son günlər Cənubi Qafqazda yaranan gərginlik və bu prosesin dünya ictimaiyyətinə yalnış çatdırılmasında günahkar tərəfin məhz Ermənistan və ermənilər olduğunu açıq şəkildə bəyan etmişdi. Belə bir fonda Paşinyanın MDB liderlərinin görüşünə qatılması və üçtərəfli görüşdə iştirakı hesab edirəm ki, müəyyən mənada Azərbaycanın haqlı tələblərinin qəbulu kimi qiymətləndirilməlidir. Azərbaycanla yanaşı Rusiya da yaxşı bilir ki, Ermənistan bütün imkanlardan istifadə edərək Cənubi Qafqazda Rusiyanın dominant rolunun və vasitəçiliyinin Qərb havadarları ilə əvəzlənməsinə, bununla da Azərbaycanla yeni şərtlərlə danışıqlara başlamağa çalışır. İndiki halda bu, Rusiyanın Qafqaz maraqlarına uyğun olmadığı kimi, bölgənin də maraqlarına, sülh prosesinə xidmət etmir”, - deyə ekspert əlavə edib.

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə