Hər zaman olduğu kimi, Ermənistan tərəfi yenə də razılaşmalardan, hətta danışıqlardan belə yayınır və bu uyğunsuz, uğursuz siyasətinə don geyindirməyə də çalışır. Danışıqlardan yayınmalarını qorxaqlıq deyil, “cəsarət” kimi qələmə vermək istəyənlərin xəstə təxəyyülə sahib olduqları heç kimdə şübhə doğurmur. Üçtərəfli bəyanatın şərtlərinə bu zamana qədər əməl etməyən, razılaşmalara məhəl qoymayan rəsmi İrəvan bir-birinin ardınca danışıqlardan da qaçır ki, bunun adı “cəsarət” deyil, qorxaqlıq və pozuculuqdur. Cəsarət döyüş meydanında, diplolmatik müstəvidə özünü biruzə verir və danışıqlardan qaçmaq, ümumiyyətlə, erməni xislətinə məxsus “qaçış” heç zaman “cəsarət” sayılmayıb.
Ötən həftənin cümə axşamı erməni baş nazir Nikol Paşinyanın hökumətin iclasında Rusiya sülhməramlılarına qarşı sərt iddialar səsləndirməsi Moskvanın ünvanına açıq-aşkar qınaq hesab olunur. Kreml bunu çox yaxşı başa düşür və heç şübhəsiz ki, Paşinyanın, eləcə də onun hakimiyyətinin bu hədsizliyi “nəzərə alınacaq” ruslar tərəfindən. Hər dəfə görüş zamanı Rusiya prezidentinin qarşısında büzüşərək oturan, boynunu burub dayanan, başını aşağı sallayıb qul kimi itəatkarlıq nümayiş etdirən, əvəzində də Moskvadan yardımlar dilənən Vovayeviçin bu hədsizliyinə Moskvanın cavabsız qalmayacağını özü hamıdan yaxşı bilir. Maraqlıdır, o zaman niyə bu hədsizliyi edir? Əlbəttə ki, bu, yenə də daxili auditoriyaya hesablanmış addım hesab olunur və rəhbərlik etdiyi ölkədə kütlənin qarşısına çıxa bilməyən, qəzəbindən qorxan, müxalifətin ona qarşı çıxmasından ehtiyat edən, bir sözlə, öz kürsüsünü əldən vermək qorxusu ilə yaşayan Nikol vaxt qazanmağa çalışır və ölkəsinin taleyini deyil, özünü düşünür, özü üçün çalışır, əvəzində də ölkəsini tamamilə məhv olmaqdan xilas edən ölkəyə qarşı nankorluq edir.
Ermənistan hakimiyyəti özünü dələduz, ərköyün uşaq kimi aparır, gah danışıqlardan, məsələnin həlli üçün müzakirələrdən dəm vurur, gah da nə danışıqlarda iştirak edir, nə də müzakirələrə qatılır. Rəsmi İrəvanın bu tərzi artıq rezonans doğurmaqdadır və buna, bu davranışlarına artıq nə Fransa və nə də onun ermənipərəst prezidenti don geyindirə bilməz. Qərb özü də Ermənistanın belə davranışlarından şokdadır və buna nə ad qoymaq lazım olduğunu kimsə bilmir. Bircə dənə erməni cəmiyyəti, olmayan bir şeydən mif yaradan cəmiyyət bunu “cəsarət” kimi adlandırmaq istəyir, amma yanılır, çünki bu səyləri əbəsdir və bunun uğursuzluq, uyğunsuzluq olduğunu hər kəs başa düşür. Rusiya Federasiyasının paytaxtında Lavrov və Bayramovla ilkin olaraq planlaşdırılan üçtərəfli görüşə Mirzoyanın gəlməməsi “qoçaqlıq”, ya da “cəsarət” deyil, yanlış erməni siyasətidir ki, bunun adına qorxaqlıq və pozuculuq deyilir. O halda Qərb necə don geyindirə bilər bu addıma? Baxmayaraq ki, görüş Qərb üçün rəqib sayılan meydanda, Rusiyada keçirilirdi, ən azında diplomatik normaların nəzərə alınmalı olduğunu Qərb də qəbul edir və bilir ki, Ermənistan danışıqlara, razılaşmalara məhəl qoymadığını heç olmasa açıb ortaya qoymamalı idi. Amma Ermənistanın mövcud hakimiyyətinin nümayəndəsi buna da məhəl qoymadı və sanki dələduz, ərköyün uşaq kimi ağlına gələni etdi, özü də, ölkəsi də ifşa olundu, hansı ki, indi sığınmaq arzusunda olduqları Qərb də bunu gördü.
Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrovun, Ermənistan XİN rəhbərinin Moskvadakı üçtərəfli görüşdə iştirakdan imtina etməklə fürsəti əldən verdiyini bildirməsi təsadüfi deyildi. Hər kəs bilir ki, Ermənistan tərəfi dalbadal fürsəti əldən verir və görüşlərdə iştirak etməkdən yayınmaqla özü-özünü çətin duruma salır. Elə Rusiya XİN rəhbəri də bunu açıq-aşkar şəkildə bəyan etdi. Açıq-aşkar bəyan etdi ki, bu, Ermənistanın uduzması deməkdir. “Hər dəfə hər hansı insidentdən sonra tərəflərdən biri razılaşdırılmış danışıqlar raundlarından imtina edərsə, münaqişələr daha uzun müddət davam edər. Bu, heç vaxt, heç kimə xeyir gətirməyib. Hətta öz mövqeyini dünya ictimaiyyətinə çatdırmaq nöqteyi-nəzərindən erməni həmkarımız burada da uduzdu”, deyə Lavrov bəyan edib və gösətərib ki, növbəti dəfə də uduzan Ermənistan hakimiyyətinin bu davranışını, bu tərzini dünya ictimaiyyəti də müsbət qarşılamaz. Deməli, Rusiya XİN rəhbəri Ermənistana kəsə şəkildə bir mesaj da ünvanlayıb ki, Qərb də onların uğursuz, uyğunsuz hərəkətlərini normal qəbul etməz və onlara da ümid etmələri mənasızdır.
Hər dəfə danışıqları təxirə salmaq, ən azından ləngitmək, razılaşmalardan boyun qaçırmaq məqsədi ilə müxtəlif bəhanələr uyduran, guya şərt irəli sürmək adı ilə maneələr yaradan Ermənistan tərəfinin çoxdandır ki, BMT, ATƏT və ya ATƏT-in Minsk Qrupunun missiyalarının rus sülhməramlılarını əvəz etməsi barədə cəfəngiyyatları artıq rezonans doğurmaqdadır. Bunu 44 günlük müharibənin sonunda Ermənistanı məhv olmaqdan xilas edən dövlətin, Rusiyanın XİN rəhbəri açıq-aşkar şəkildə ifadə edib. “Rusiya sülhməramlılarını BMT, ATƏT və ya ATƏT-in Minsk Qrupunun missiyaları ilə əvəz etmək istəyi suallar doğurur”, deyə Sergey Lavrov Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla danışıqların yekunlarına dair mətbuat konfransında diqqətə çatdırıb və bəyan edib ki, Ermənistan tərəfinin bu istəyi cəfəngiyyatdır. Əlbəttə, Rusiya XİN rəhbəri məsələnin mahiyyətini başa düşür və bilir ki, ermənilərin bu təklifinin reallaşması üçün tərəflərin, ilk növbədə Azərbaycan və Ermənistanın razılığı lazımdır. Təkcə Ermənistanın arzuları, istəkləri heç bir mahiyyət kəsb edə bilməz, nəticəyə təsirsizliyi də təkzibedilməzdir. “Əvvəla, bunun üçün tərəflərin, ilk növbədə Azərbaycan və Ermənistanın razılığı tələb olunur. Digər tərəfdən də əgər belə bir maraq varsa və bu ciddi maraqdırsa, yəqin ki, bunu ilk növbədə Rusiya sülhməramlı kontingentinin göndərilməsi barədə qərar qəbul edənlərə təklif etmək lazımdır və danışıqlar masası arxasına əyləşmək və bu barədə düşünmək lehinə çıxış etmək gərəkir”, deyə rusiyalı nazir TASS-ın sualını cavablandırarkən bəyan edib və bununla da Ermənistan tərəfinə istəklərinin, irəli sürdükləri təkliflərin cəfəngiyyat olduğu barədə kəskin bir mesaj verib.
Həqiqətən də Rusiya sülhməramlıları özbaşına gəlib ərazidə məskunlaşmayıb və hansı səbəblərdən, nəyə görə gəldiyi hər kəsə bəllidir. Azərbaycanın 44 günlük müharibədə qazandığı məntiqi qələbəsindən və Ermənistanın rüsvayçı məğlubiyyətindən sonra çıxış yolu olmayan rəsmi İrəvan, erməni baş nazir Nikol Paşinyanın əli ilə təslimiyyətə, kapitulyasiya sənədinə imza atarkən, nəinki könüllü şəkildə, hətta arzu edərək rus sülhməramlılarının bölgədə yerləşməsinə daha maraqlı idi və bunun üçün əldən-ayaqdan getdiyini də bilməyən yoxdur. Qərb özü də yaxşı bilir ki, rus sülhməramlılarının ərazidə yerləşdirilməsi Ermənistana lazımdır, Azərbaycana yox və bu baxından rus sülhməramlı kontingentinin yerləşdirilməsində kimin maraqlı olduğunu dərk edir və indi ermənilərin bunun əleyhinə sərsəm fikirləri hamı üçün cəfəngiyyat sayılır. Azərbaycan tərəfinin sülhməramlı kontinhentinə ehtiyacı olmayıb, yoxdur da. Razılaşmaların şərtlərinə uyğun olaraq sülhməramlıların bölgədə qalma müddəti başa çatdıqdan sonra onların bölgəni tərk etməsində ölkəmizin maraqlı olduğu da, buna Rusiya prezidenti Vladimir Putinin münasibəti də, onların ərazidən çıxarılması barədə tələb, yaxud təklifə heç bir dirənişin olmayacağı barədə fikirləri də bəllidir. Hətta rus sülhməramlılarının vaxtı bitdiyi zaman bölgəni tərk edəcəyinə görə erməni cəmiyyətində indidən həyəcan təbili çalanlar da var, çünki onlar bilirlər ki, yalnız sülhməramlıların kölgəsində kölgələniblər və rus sülhməramlılarının daimi olaraq bölgədə qalması barədə bir qədər əvvəl məsələ qaldırmaları da təsadüfi deyildi. İndi bütün bunların fonunda Rusiya sülhməramlılarının bölgəni tərk etməsi, BMT, ATƏT və ya ATƏT-in Minsk Qrupunun missiyaları ilə onları əvəz etmək istəyi məntiqi baxımdan belə absurd səslənir.
Təbii ki, rusların ətəyindən yapışan, onların kölgəsində kölgələnən ermənilər bunun nəticəsiz olduğunu gördükləri zaman, ələlxüsus sülhməramlıların gözü önündə ekoaktivistlərin dinc aksiyalarını müşahidə etdikləri vaxt qorxu hissi keçirməyə başlayıblar. Ələlxüsus, sülhməramlıların bölgədə olması fonunda ekoaktivistlərin ekoloji terrora son qoyulması tələbi səsləndirmələri, rus sülhməramlı kontingentinin bunun qarşısını ala bilməməsi ermənilərin yuxularını ərşə çəkib. Dünyaya hay salan haylar yenə də ermənilərin “əzabkeş obrazını” yaratmağa, guya əzildiklərini göstərməyə çalışırlar, amma bu da fiaskoya uğramaqdadır, çünki bütün dünya ölkəmizin, Azərbaycan xalqının ekoloji terrorun qarşısının alınması istiqamətində haqlı tələblərlə çıxış etdiyini də, heç bir humanizm prinsplərini pozmadığını da bilir. Düzdür, ikili standartlar siyasəti yürüdən qüvvələr buna don geyindirməyə çalışa bilərlər, bu gözləniləndir, amma heç bir qüvvə ümumilikdə dünyanın problemi sayılan ekoloji terrora qarşı çıxanları hədəfə ala bilməz. Ermənistan tərəfi yaxşı bilir ki, Azərbaycan bu məsələdə də haqlıdır və tələblərinə qarşı gəlinəcəyi ağlasığmazdır. Bu isə Azərbaycanın növbəti qələbəsi, ermənilərin Qarabağ ərazisində ekoloji terrorunun sonu, hətta həmin ərazilərdə ya ölkəmizin vətəndaşı kimi qanunlarımızı qəbul edərək onların dinc yaşaması, ya da ərazilərimizi tərk edib gedəcəkləri deməkdir. Danışıqlardan qaçan Ermənistanın qorxusu da elə budur və məhz bu qorxu altında rəsmi İrəvan danışıqlardan qaçmağı, yayınmağı çıxış yolu hesab edir. Bu isə çıxış yolu deyil, çünki bəlli bir məqamda cavabdehlik daşımalı olacaqlar, eyni ilə, qorxunun əcələ faydası olmadığı kimi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB