Azərbaycanla Serbiya arasında siyasi dialoq daim yüksək səviyyədədir ŞƏRH
Cari ilin dekabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanda rəsmi səfərdə olan Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç ilə təkbətək görüşündən sonra mətbuata bəyanatla çıxış etmişdir. Çıxışında dövlət başçısı İlham Əliyev bir çox vacib məqamlara toxunmuşdur. Gələcək əməkdaşlıq üçün zəmin yaradan amillərdən bəhs olunarkən qeyd olunmuşdur ki, həm Serbiya, həm Azərbaycan öz resurslarına arxalanan ölkələrdir, müstəqil siyasət aparan ölkələrdir və bir-biri ilə sıx əlaqədə olan ölkələrdir. Azərbaycan-Serbiya arasındakı əlaqələrin dinamikası çox müsbətdi və bundan sonra da ikitərəfli əlaqələr sürətlə inkişaf edəcək və qəbul edilmiş qərarlar vaxt itirmədən icra olunacaqdır.
Qeyd edək ki, iki ölkə arasında diplomatik münasibətlər 1997-ci il avqustun 21-də qurulub. Azərbaycan ilə Serbiya arasında siyasi dialoq daim yüksək səviyyədə olub. İki ölkə arasında keçirilən görüşlər zamanı ikitərəfli əlaqələrin genişləndirilməsi, ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsi, müxtəlif sahələrdə münasibətlərin inkişafı istiqamətində müzakirələr aparılıb. Azərbaycan ilə Serbiya arasında siyasi əlaqələr yüksək səviyyədədir. İndiyədək iki ölkə arasında 44 sənəd imzalanıb. Bu sənədlər arasında 2013-cü ildə imzalanmış Dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə və 2018-ci ildə imzalanmış Strateji tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planı xüsusi əhəmiyyət daşıyır.
İki ölkə arasında bir çox sahələr üzrə əməkdaşlığın artıq böyük tarixi var. Ölkələrimiz strateji tərəfdaşdırlar. Bu strateji tərəfdaşlığa dair bir neçə sənəd imzalanmışdır. Serbiya və Azərbaycan hər zaman bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib, dəstəkləyir və bu siyasət dəyişməz olaraq qalacaq. Muasir dövrdə dünyada ikili standartların mövcud olduğunu qeyd edən dövlət başçısı bildirmişdir ki, beynəlxalq hüququn norma və prinsipləri bütün ölkələr üçün əsas olmalıdır. Ona görə ki, hazırda beynəlxalq hüquq sahəsində dünyada müşahidə olunan ikili standartların təzahürləri çox narahat edir.
Çıxış zamanı nəqliyyat-logistika sahəsində böyük potensialın olduğu bildirilmişdir. Azərbaycan və Serbiya ərazilərindən beynəlxalq nəqliyyat dəhlizləri keçdiyini nəzərə alsaq, burada da uzlaşma və bağlantının yaradılması üçün hər iki ölkənin müvafiq qurumlarının bu sahədə qarşılıqlı fəal işləmələri vacibdir. Həmçinin, Prezident İlham Əliyev çıxışında energetika sektorunda əməkdaşlığın vacibliyini qeyd etmiş və son vaxtlar bu sahənin daha böyük əhəmiyyət kəsb etdiyini bildirilmişdir. Eyni zamanda Azərbaycanın təbii resursları artıq müxtəlif istiqamətlər üzrə, həmçinin Avropa qitəsinə, o cümlədən Serbiyaya qonşu olan ölkələrə ixrac edildiyi qeyd olundu. Həm təbii qaz, həm elektrik enerjisi ilə əlaqədar əməkdaşlıq üçün imkanlar var. Bu istiqamətlərdə müvafiq danışıqlar aparılmışdır. 2023-cü ildən başlayaraq elektrik enerjisinin Serbiyaya ixrac edilməsi üçün əməli addımlar atılacaqdır. Azərbaycanın elektrik enerjisinin Avropaya çatdırılması üçün müvafiq saziş imzalanmışdır. Qara dənizin dibi ilə çəkiləcək kabel Azərbaycanı bu sahədə də Avropa üçün önəmli təchizatçı kimi təsdiqləyəcək.
İkitərəfli əlaqələr dostluq və qarşılıqlı anlaşma üzərində qurulmuşdur. Müdafiə sənayesi sahəsində də Azərbaycan-Serbiya arasında əməkdaşlıq potensialı var və bu potensialın birləşdirilməsi üçün praktiki addımların atılması da gözlənilir. Bütün bunlar yaxın gələcəkdə Azərbaycan-Serbiya iki və çoxtərəfli əlaqələrinin sürətlə inkişaf edəcəyinə əminlik yaradır. Azərbaycanla Serbiya arasındakı münasibətlərin yaxşı perspektivləri var və yüksək səviyyəli qarşılıqlı səfərlər əlaqələrin inkişafına töhfə verəcək.
Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB