Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz ən böyük inkişaf mərhələsini yaşayır ŞƏRH

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz ən böyük inkişaf mərhələsini yaşayır ŞƏRH

Hər bir xalqın həyatında iz salan, əməlləri ilə yaddaqalan görkəmli şəxslər olmuşdur. Hələ sağlığında xalqının Ümummilli Lideri adını qazanmış Heydər Əliyev məhz belə bir şəxsiyyət olmuşdur. Bu dahi insan Azərbaycan xalqının qəlbində qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi əbədi yer tutmuşdur. Azərbaycanın taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərən ikinci dövlət xadimi tapmaq çətindir. Bu mənada o, xalqımızın milli iftixarı, ürəklərimizdə özünə daimi məskən salmış güvənc yeri və dayaq sandığmız, sözün əsl mənasında ən böyük Azərbaycanlı idi.Onun xidmətlərini saymaqla qurtarmaq olmaz. Ulu Öndərin ən başilica xidməti Azərbaycanın parçalanmasının qarşısını alması və müstəqil dövlət kimi mövcudluğunu təmin etməsidir. Bu gün ölkənin siyasi həyatında mühüm rol oynayan, bu yaxınlarda 30 illik yubileyini qeyd etdiyimiz Yeni Azərbaycan Partiyasının yaradılması da Ulu Öndərin xidmətlərindən biridir. Ümummilli Liderin daha bir xidməti özünün başladığı, lakin həyata keçirməyə macal tapmadığı taleyüklü məsələləri həll etməyə qadir olan bir Dövlət rəhbəri yetişdirməsidir. Onun siyasi varisi cənab İlham Əliyev Azərbaycanı çətin sınaqlardan üzü ağ çıxarmağı bacardı və ölkəmizin ərazi bütövlüyünü bərpa etməyə müvəffəq oldu.

Dahi Liderin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyev qətiyyətli Ali Baş Komandan, mahir siyasətçi və geniş dünya görüşünə malik dövlət xadimi kimi Ulu Öndərin ideyalarını dönmədən həyata keçirərək 30 il işğal altında inləyən torpaqlarımızı geri qaytaran bir Fateh kimi dünya azərbaycanlılarının yaddaşına həkk olundu. Cənab İlham Əliyev gördüyü cahanşümül işlərlə təkcə ölkə vətəndaşlarının rəğbətini qazanmamışdır. O, hazırda dünyanın siyasi səhnəsində sözübütöv, etibarlı, cəsarətli və praqmatik bir ölkə başçısı kimi tanınır. Dünyada baş verən geosiyasi hadisələri real təhlil etməklə düzgün qərar çıxaran, yeni qlobal çağırışlara uyğun adekvat yol seçən, öz təbirincə desək, nəyi nə vaxt və necə etməyi çox gözəl bilən cənab Prezident bu xüsusiyyətləri ilə dünyada qəbul edilən ölkə rəhbəri titulunu qazanmışdır. BMT-dən sonra ikinci böyük təsisat olan Qoşulmama Hərəkatına Azərbaycanın verdiyi töhfələr, xüsusən bəşəriyyəti təhdid edən koronavirus pandemiyası dövründə cənab Prezident bu təşkilata böyük məharətlə sədrlik etmişdir.

Prezident yorulmaz fəaliyyəti nəticəsində Azərbaycan bir çox ölkələrin enerji təhlükəsizliyi sistemində mühüm bir aktora çevrilmişdir. Neft kapitalının insan kapitalına çevrilməsi, uğurlu neft strategiyası ilə ölkəyə daxil olan maliyyə vəsaitlərini səmərəli şaxələndirilməsi, o cümlədən ölkənin ordu quruculuğuna yönəldilməsi, Regionların İqtisadi İnkişafı Dövlət Proqramları sahəsində bölgələrin tarazlı inkişafına nail olunması cənab Prezidentin fəaliyyətinin əsas xəttini təşkil etmişdir. Elmi-texniki tərəqqinin son nailiyyətlərinin tətbiqi, proseslərə yeni iqtisadi yanaşma, azad rəqabətliliyin və bazar iqtisadiyyatının bərqərar edilməsi, bütün sahələrdə cəsarətli və uğurlu islahatların həyata keçirilməsi, ölkəmizin mühüm logistik mərkəzə çevrilməsi üçün lazimi infrastrukturların yaradılması, Azərbaycanın müasir inkişaf mərhələsini səciyyələndirən əsas xüsusiyyətlərdəndir.

Cənab Prezidentin rəhbərliyi altında qəhrəman ordumuzun 2020-ci ildə cəmi 44 günə işğalçı Ermənistan üzərində qazandığı şanlı qələbə 30 ilə yaxın xalqımızın ürəyində qövr eləyən yaraya məlhəm oldu. Müharibənin gedişində Müzəffər Ali Baş Komandan əsl Sərkərdə qətiyyəti, siyasi iradə və diplomatik hünər nümayiş etdirdi. Cənab Prezident müharibədən sonra da davam edən ermənipərəst Dövlətlərin və Beynəlxalq Təşkilatların təzyiqinə mətanətlə sinə gərir, sərhədlərin delimitasiya və demarkasiyasına, Zəngəzur dəhlizinin açılmasına qarşı çıxan qaraguruhçu qüvvələrə qarşı cəsarətlə, siyasi qətiyyətlə mübarizə aparır, onları məntiqi faktlarla susdurur.Cənab Prezident işğaldan azad edilmiş ərazilərin bərpası və dirçəldilməsini, şəhid ailələri və qazilərin problemlərinin həllini, xalqın maddi rifahın yüksəldilməsini daim diqqətdə saxlayır. Türkdilli dövlətlərin birliyinin yaranmasında da cənab İlham Əliyev yorulmaq bilmədən məqsədyönlü fəaliyyət göstərir. Bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə özünün ən böyük inkişaf və özünütəsdiq mərhələsini yaşayır.

Nazim Bünyatov

YAP Ağcabədi rayon təşkilatının sədr müavini

Bütün xəbərlər Facebook səhifəmizdə