Prezident İlham Əliyevin Sərəncamı ilə Ömər Eldarov 1-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Uzun illərdir ki, Azərbaycan heykəltaraşlıq sənətində öz istedadı, gərgin əməyi ilə yaradıcılıq dünyasına bir-birindən fərqli əsərlər bəxş edən Xalq rəssamı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov mənalı və zəngin həyat yolu ilə özünəməxsus bir tərcümeyi-hal yazaraq dünya miqyaslı sənətkarlarla isminin çəkilməsinə nail olmuşdur. Mənalı ömrünü heykəltaraşlıq sənətinə həsr edən Ömər Eldarov bu gün yaratdığı əsərləri ilə özünü zamanlara həkk olunacaq portretini yaradıb: Ömər Eldarov portreti. Bu gün böyük sənətkarın 95 yaşı tamam olur. Bir əsrə yaxın bir ömür. Neçə onilliklərdə öz sənət dünyasını yaratmışdır. Çətin bir sənəti özünə seçən Ömər Eldarov bu yolda yorulmadan çalışdı. İnsan talelərini öz simalarında yaratmaq, onun cizgilərini işıqlandırmaq istedadla yanaşı, ömürlərə bələd olmaq, onların dünyasına yaxın olmaq tələb edir. Sənətkarın fəaliyyəti dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilib. "Şərəf nişanı", "Qırmızı Əmək Bayrağı", "Şərəf", "İstiqlal" ordenləri, eləcə də Azərbaycanın ən yüksək mükafatına – "Heydər Əliyev" ordeninə layiq görülüb. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Ömər Eldarovun 95 yaşında isə 1-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilməsi onun Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə olan diqqət və qayğıdır.Ömər Eldarov müsahibələrinin birində belə deyir: "Deyirlər ki, qocalıq sevinc deyil. Vaxtanq Kikabidze oxuyur ki, mənim illərim mənim sərvətimdir... Bilirsiniz, yenə də cavanlıq hamısından yaxşıdır, hətta uşaqlıq. Mən uşaqlığımı bayram kimi xatırlayıram. Uşağa hər şey maraqlıdır, onun üçün hər şey yenidir. Uşaq gördüyü hər şeyə sevinir. Uşaqlıq bütün insanların ən xoşbəxt dövrüdür. Təkcə insanların uşaqlığı deyil, bütün canlılarınkı həmişə şən və sevinclidir".
"ƏN BÖYÜK MÜKAFATINIZ XALQIMIZIN SİZƏ OLAN BÖYÜK SEVGİ VƏ HÖRMƏTİDİR"
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Ömər Eldarovun yubileyi ilə əlaqədar etdiyi paylaşımda deyilir: "Sizi 95 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Sizə möhkəm cansağlığı və uzun ömür arzulayıram! Öz yaradıcılığınızla milli təsviri incəsənətin gözəl ənənələrini zənginləşdirdiyinizə görə çox sağ olun! Siz Azərbaycanın yüksək mükafatlarına layiq görülmüsünüz. Lakin düşünürəm ki, ən böyük mükafatınız xalqımızın Sizə olan böyük sevgi və hörmətidir. Uca Allah Sizi və doğmalarınızı qorusun! Dərin hörmət və sevgilərlə, MEHRİBAN"
Əlbəttə ki, böyük sənətkarlara, bu yola ömür həsr etmiş insanlara daima həssalıqla yanaşılır, onlar layili qiymətlərini alırlar. "İstiqlal" və "Şərəf" ordenli akademik Ömər Eldarov bir çox bənzərsiz sənət əsərlərinin müəllifdir. Bu sırada Ulu Öndər Heydər Əliyevin, görkəmli oftalmoloq Zərifə xanım Əliyevanın qəbirüstü abidələri, Tokay Məmmədovla birgə ucaltdığı Füzulinin heykəli və daha neçə-neçə sənət incisi var. Təsadüfi deyil ki, sənətşünaslar Ömər Eldarovu milli heykəltəraşlığımızın lideri kimi səciyyələndirirlər. Dövlət İncəsənət Muzeyinin birinci zalında nümayiş etdirilən Zərifə xanım Əliyevanın heykəli onun ən çox sevdiyi sənət əsərlərindəndir. Bu haqda belə deyirdi: "O, mənim şəxsi emalatxanamda düz 8 il saxlanılıb. Bu, məni heç də sıxmır, tıncıxdırmır, əksinə böyük şövq verirdi. İndi yaxşı xatırlayıram. Əsərin Bakı İncəsənət Mərkəzində keçirilən təqdimat mərasimində mərhum akademik Fərəməz Maqsudov çıxışı zamanı deyirdi: Möcüzədir, elə bil bu mərmər parçasında sədaqətli ömür-gün yoldaşının, qayğıkeş bir ananın, bir vətənpərvərin, bir ziyalının, istedadlı bir həkimin, müdrik bir alimin ürəyi döyünür. Bu 8 ildə emalatxanada onunla dəfələrlə dialoq qurub, söhbətlər etmişik. Nədən danışmışıq? İnsanlara həsr olunmuş bir ömürdən, qaranlıq gözlərə işıq bəxş etməsindən, həyat yoldaşına tükənməz sevgisindən, çətin məqamlarda ona dəstək olmasından, uşaqlarına, nəvələrinə qayğısından, sevgisindən... İmkansızlara, kasıblara köməyindən, böyük itki verənlərin dərdinə şərik çıxmağından. Onun həyat uğrunda mübarizəsindən. Və hər dəfə bu valehedici qadının qəlbinin döyüntülərini, xəfif, titrəyişli səsini eşidirdim. Hələ o vaxt ruhumla bağlı olduğum bu obraza sonra da müraciət etmək qərarına gəldim və belə də oldu..."
Qeyd edək ki, Ömər Eldarov 1927-ci ildə dünyaya göz açıb. Azərbaycan Rəssamlıq Məktəbində, sonra isə Rusiyanın Leninqrad (indiki Sankt-Peterburq) şəhərində İ.Repin adına Rəngkarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunun heykəltəraşlıq fakültəsində təhsil alıb. O, hələ gənc yaşlarından yerli və beynəlxalq sərgilərdə fəal iştirak edib. 1958-1968-ci illərdə Azərbaycan Rəssamlar İttifaqının katibliyinə üzv seçilib, 1970-ci ildə isə SSRİ Rəssamlıq Akademiyasının heykəltəraşlıq üzrə Bakıdakı yaradıcılıq emalatxanasının rəhbəri təyin edilib. Eyni zamanda, Bakı Sovetinin deputatı (1969-1973) kimi fəaliyyət göstərib, mədəni-maarif işi üzrə komissiyanın rəhbəri olub.Yaradıcılıq fəaliyyəti ərzində onun xeyir-duası ilə bir neçə nəsil istedadlı heykəltəraş bu çətin, eyni zamanda, şərəfli sənətin yollarında irəliləyib və bu gün də irəliləməkdədir.Ulu Öndərin obrazı heykəltəraşın yaradıcılığında xüsusi yer tutur. O, Heydər Əliyevin Naxçıvanda, Bakıda və digər şəhərlərdə ucaldılmış neçə-neçə abidəsinin müəllifidir. Ulu Öndərin Fəxri Xiyabandakı və Ali Məhkəmə binasındakı abidəsi özündə yüksək bədii-estetik məziyyətləri yaşadan sənət nümunələridir. Ö.Eldarovun Ümummilli Liderin vaxtilə yaşadığı binanı bəzəyən xatirə lövhəsi də özünəməxsus forma-biçim və plastika mədəniyyəti ilə seçilir. Elə bu lövhənin qonşuluğundakı məşhur oftalmoloq Zərifə xanım Əliyevanın xatirə lövhəsi də böyük sənətkarlıqla işlənilmiş plastika nümunəsidir. Ö.Eldarov Zərifə xanımın Fəxri Xiyabandakı məşhur məzarüstü abidəsinin də müəllifidir. Bu əsərin mərmər variantı hazırda Azərbaycan Dövlət İncəsənət Muzeyində nümayiş etdirilməkdə, çağdaş milli heykəltəraşlığımızın uğuru kimi qəbul olunmaqdadır.
BƏŞƏRİLİLİK VƏ MİLLİLİK BİR ARADA
Akademik Ömər Eldarovun yaradıcılığında obrazların psixoloji aləminin, fərdi keyfiyyətlərinin təcəssümü, kompozisiyanın tamlığı diqqəti xüsusilə cəlb edir. Müəllifin yaratdığı obrazlar sənət və xarakter baxımından fərqli insanlardır. Müəllifi olduğu Natəvanın heykəlində müsəlman qadınının, eyni zamanda, lirik şairin, müvafiq dövrün və mühitin vəhdəti böyük məharətlə əks etdirilmişdir. Obrazın zahiri görkəmi, geyimi, barmaqlarının vəziyyəti, bir sözlə sənətkarın gözə çarpdırdığı hər bir şey Natəvanın romantik qəlbini və milli keyfiyyətlərini canlandırmaqdadır. Heykəltəraşın bütün yaradıcılığı boyu müxtəlif materiallarda yaratdığı portretləri obrazı dərindən duymaq, onların səciyyəvi cəhətlərini qabartmaq istedadı xüsusilə yaddaqalandır. Onun oğlu Müslümə həsr etdiyi portretdə də düşüncələrə bürünmüş gənclik ehtirasının ifadəsi qabarıqdır. Qızı Lalənin, Maestro Niyazinin (1984) və başqalarının portretlərində də zərifliyin və yaradıcılıq ehtirasının bədiiləşmiş obrazını canlandırmağa müvəffəq olmuşdur. Akademik Ömər Eldarovun yaradıcılığında Azərbaycan və dünya heykəltəraşlıq məktəbinin ən mükəmməl elementləri əksini tapır. Onun əsərlərinin ölkəmizin hüdudlarından kənarlarda uğur qazanması Ömər Eldarov sənətinin milliliklə yanaşı, bəşəriliyini, geniş məkanda və bütün zamanlarda qəbul olunduğunu bir daha təsdiqləyir.
Zümrüd BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB