"Aksiyada heç bir siyasi məqsəd yoxdur" - QHT RƏSMİSİ MÜNASİBƏT BİLDİRDİ

"Aksiyada heç bir siyasi məqsəd yoxdur" - QHT RƏSMİSİ MÜNASİBƏT BİLDİRDİ

“Aksiyada biz də iştirak etdik. Bu əslində humanitar bir aksiyadır. Məqsəd yalnız hər hansı bir siyasi məna kəsb etmir. Burada ekologiyanın qorunması, 30 ilə yaxın erməni işğalında olan ərazilərdə ermənilərin xalqımıza qarşı həyata keçirdiyi ekoloji terrora son qoyulması, eyni zamanda hazırkı dönəmdə sülhməramlıların müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərində (hansı ki, bu ərazilər dünya birliyi tərəfindən Azərbaycan ərazisi kimi tanınır) qanunsuz təbii resursların mənimsənilməsi, təbiətə vurulan ziyan, bütövlükdə ekologiyaya dəymiş ziyanın ölçülməsi ilə bağlı həmin ərazilərə Azərbaycan hökumətinin müvafiq strukturlarından ibarət monitorinq qrupunun göndərilməsinə şərait yaradılması tələb olunurdu. Aksiya bu gün də davam edir. Əlbəttə ki bizim tələblərimiz təmin olunmayacağı təqdirdə, bu aksiyaları sona qədər davam etdirəcəyik". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətin sədri, fəlsəfə doktoru İlqar Orucov deyib.

Onun sözlərinə görə, eyni zamanda düşmənin xalqımıza qarşı həyata keçirdiyi soyqırımla bağlı onlara dəstək verən qüvvələr tərəfindən də bu aksiyanın bəzən siyasiləşdirilməsi ilə bağlı dəstək ifadə olunur: "Amma onlar yanılırlar. Qeyd etdiyim kimi, burada heç bir siyasi məqsəd yoxdur. Burada yalnız tələb birmənalı olaraq ekoloji terrora son verilməsi ilə bağlıdır.

O ərazilər Azərbaycanın tarixi əraziləridir, Azərbaycanın dövlətinə məxsus ərazilərdir. Bu ərazilər Azərbaycan dövlətinin əraziləri olaraq dünya birliyi tərəfindən tanınır. Burada mütləq şəkildə Azərbaycan tərəfi o monitorinqlər aparmalıdır. Orada dövlətimizə dəymiş ziyanın ölçülməsi ilə bağlı həqiqətlər ortaya çıxmalıdır".

İlqar Orucov sözlərinə belə davam edib: "Digər tərəfdən, bu gün də orada qanunsuz olaraq təbii resursların mənimsənilməsi faktları mövcuddur. Bu tələblər nə qədər ki yerinə yetirilməyib, sülhməramlıların komandanı general Volkov gəlib aksiya iştirakçıları ilə görüşməyib, onların haqlı tələblərini dinləməyib və o haqlı tələblərini təmin etməyib, o aksiyalar davam edəcək. Biz əminik ki, bizim tələblərimiz haqlı tələblərdir. Bu tələblərin qarşısında mütləq şəkildə onlar gəlib cavab verməlidirlər.

Eyni zamanda mən hesab edirəm ki, bütövlükdə ekologiya məsələsi bir dövlətin işi deyil. Beynəlxalq ekoloji təşkilatlar, ekologiyanın və təbiətin qorunmasına cavabdeh olan beynəlxalq qurumlar bu məsələdə Azərbaycanın haqq səsinin yanında olmalıdırlar. Onlar bu səsə səs verməlidirlər. Bizim o haqlı tələblərimizin qısa zamanda təmin olunması ilə bağlı mütləq şəkildə öz sözünü deməli və öz mövqelərini ifadə etməlidirlər.

Biz bu aksiyada biz israrlıyıq. Aksiyanın sona yetməsi yalnız onunla bağlı ola bilər ki bizim tələblər yerinə yetirilsin.

Çox müxtəlif xarici mediada və sosial şəbəkələrdə də anti-Azərbaycan qüvvələr bununla bağlı həqiqəti əks etdirməyən informasiyalar paylaşırlar. Bildirmək istəyirəm ki, o yol əslində bağlı deyil. O yol yalnız əraziyə qanunsuz keçmək istəyən insanların üzünə bağlıdır. Oradan Xankəndində və digər rayonlarda yaşayan Azərbaycan dövlətinin vətəndaşları olaraq o ərazidə yaşayan ermənilərə qarşı hər hansı bir gücdən, hər hansı bir aqressiyadan danışmaq əlbəttə ki yersizdir. Ermənilərin bu yoldan istifadəsi ilə bağlı hər hansı bir məhdudiyyətlər və yaxud hər hansı bir digər məhdudlaşdırıcı işlər görülmür. Qeyd etdiyim kimi aksiyanın çağırışları yalnız ekoloji terrora son verilməsi ilə bağlıdır".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə