Qarabağ və Şərqi Zəngəzur cənnətə çevriləcək

Qarabağ və Şərqi Zəngəzur cənnətə çevriləcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə layiqli şəkildə geri dönməsinin təmin edilməsi istiqamətində çox mühüm sənəd, "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" təsdiqlənmişdir. 30 ildir doğma yurd həsrəti ilə yaşayan soydaşlarımız öz doğma torpaqlarına qayıdacaqları anı böyük səbirsizliklə gözləyirdilər. Bu Dövlət Proqramının təsdiq olunması onlar üçün çox böyük sevinc bəxş etmiş oldu. Bu proqram Ali Baş Komandan, Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizin dirçəldilməsi ilə bağlı iradəsinin ifadəsi, Qarabağ və Şərqi Zəngəzurun cənnətə çevirməklə bağlı sözlərin əməli təzahürüdür. Proqramın təsdiq edilməsi Azərbaycan xalqına 30 illik həsrətdən sonra qələbə sevincini yaşadan çox böyük əhəmiyyətə malik bir hadisədir. Ermənilər tərəfindən 30 illik işğal dövründə ərazilərimiz böyük talançılıq, dağıntılara məruz qalıb, Azərbaycanın şəhərləri, qəsəbələri, kəndləri və digər yaşayış məntəqələrini, o cümlədən infrastrukturu tamamilə dağıdılıb, milli-mədəni irsimiz məhv edilib, təbii sərvətlərimiz talan edilib, iqtisadiyyatımıza əhəmiyyətli dərəcədə zərər vurulub, bir milyondan artıq soydaşımız öz dogma yurdlarından didərgin düşüb. Xalqımıza qələbə sevincini yaşadan Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun şücaəti nəticəsində 44 günlük Vətən müharibəsində torpaqlarımız işğaldan azad edildi və bu zəfərdən dərhal sonra həmin ərazilərdə yenidənqurma və bərpa işlərinə başlanıldı. İşğaldan azad edilmiş ərazilərin ilk növbədə minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsinə start verildi və bu gün həmin məsələlər davam edir. Eyni zamanda, həmin ərazilərdə müasir yaşayış, istehsal və xidmət infrastrukturunun yaradılması, nəqliyyat-kommunikasiya xətlərinin qurulması, xüsusilə də Zəngəzur dəhlizinin açılması istiqamətində layihələr icra edilib və hazırda da bu istiqamətdə işlər davam edir. Əsas məqsəd Azərbaycanın bu ərazilərini çiçəklənən diyara çevirməkdir.

İşğaldan azad edilmiş ərazilərimizə böyük qayıdışın təmin edilməsi Azərbaycanın 2032-ci ilə qədər 5 milli prioritetlərdən biri kimi müəyyən olunub və uğurla həyata keçirilməkdədir. Bu milli prioritetlər əsasında tərtib olunmuş Azərbaycan Respublikasının 2022-2026-cı illərdə Sosial-iqtisadi inkişaf Strategiyası qarşıya qoyulan məqsədlərə çatmağa kömək edəcək mühüm yol xəritəsidir. Böyük Qayıdışa dair I Dövlət Proqramında qlobal trendlər, ərazilərin bərpası və yenidənqurulması üzrə mövcud vəziyyət, hədəf, göstəricilər, Dövlət Proqramının məqsədləri, prioritet istiqamətləri, maliyyələşmə mənbələri, monitorinq və icrasının qiymətləndirilməsi, tədbirlər planı və digər mühüm məsələlər yer alıb. 44 günlük Vətən müharibəsindən sonra milli-strateji vəzifə kimi qarşımızda duran ən mühüm məsələlərdən bir xalqımızın uzun illərdir gözlədiyi Böyük Qayıdışın reallaşdırılmasıdır. Bu, çətin, mürəkkəb, eyni zamanda, müqəddəs bir vəzifədir. Tarixi zəfərdən sonra bu istiqamətdə ciddi maliyyə tutumuna malik çox böyük yol-kommunikasiya,enerji və infrasturktur layihələri həyata keçirilib və keçirilməkdir. Ancaq bunun dövlət proqramı çərçivəsində həyata keçirilməsi zərurətini nəzərə alaraq Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda əks olunmuş "İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış" Milli Prioritetinin icrasının təmin edilməsi məqsədilə "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair birinci Dövlət Proqramı haqqında" Sərəncam imzaladı. Sərəncamda Böyük Qayıdış 5 milli prioritetimizdən biri kimi səciyyəndirilərək mərhələli şəkildə proqramın icrası ilə bağlı konkret layihələrin həyata keçirilməsini nəzərdə tutur. Proqram üzrə icraçılar müəyyənləşdirilərək konkret vəzifələr nəzərdə turulur, həmçinin, görülən işlərlə bağlı qiymətləndirmə aparacaq qurum müəyyənləşdirilir. Bu tədbirlər konkret vaxt və qrafik əsasında aparılacağı üçün keçmiş məcburi köçkünlərimizin öz yurd-yuvalarında məskunlaşmasını sürətləndirəcək və işğaldan azad edilmiş ərazilərimizin iqtisadi potensialını milli iqtisadiyyatımızla bütövləşdirəcək.

Fərid MUSTAFAYEV,

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Bütün xəbərlər Facebook səhifəmizdə