“Aksiya tələblər yerinə yetirilənə qədər davam edəcək” AÇIQLAMA
“Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində həyata keçirilən qeyri-qanuni iqtisadi fəaliyyətə, təbii sərvətlərin talanmasına və ekologiyaya dəyən zərərə qarşı Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrinin və ekologiya fəallarının son günlər Şuşa-Laçın yolunda reallaşdırdığı mütəşəkkil etiraz aksiyası həm Ermənistanda, həm də Qarabağda təxribatçı ermənilər tərəfindən ciddi narahatlıqla izlənilir”. Bunu “Səs” qəzetinə açıqlamasında ANAP-ın sədri Abutalıb Səmədov bildirib.
Onun sözlərinə görə, Azərbaycan ictimaiyyətinin haqlı narazılığının nəticəsi kimi təşkil olunan bu dinc aksiyaya həm Rusiya dövləti, həm də bölgədə yerləşən sülhməramlılar tərəfindən kəskin reaksiyanın verilməməsi, açıq şəkildə ehtiyatlı münasibətin göstərilməsi ermənilərin bir az da qorxuya düşməsinə səbəb olmuşdur: “Ermənistan parlamentinin sədrinin əvvəlcədən anons etdiyi kəskin bəyanatın yerinə Rusiyadan sakitliyə, barışığa çağıran müraciətin edilməsi Moskvaya güvənənlərin növbəti “xəyal qırıqlığı” yaşamasına səbəb olmuşdur. Azərbaycan-Ermənistan danışıqlarında vasitəçilik edən dövlətlərin və Avropa İttifaqının Azərbaycanın maraqları ilə hesablaşması, ermənilərin arzuladığı və gözlədiyi “qətiyyəti” nümayiş etdirməməsi ermənilərin keçirdiyi təşvişi son həddə qədər artırmışdır. Bu vəziyyətdə yenidən dəfələrlə istifadə olunmuş və heç bir uğur gətirməmiş yola baş vurmaq qərarına gələn ermənilər müxtəlif istiqamətlərdə təxribatlar törətməyə cəhdlər göstərməyə başlamışlar. Belə təxribatlardan biri barədə məlumatı erməni jurnalist Qaqik Arutyunyan öz "Facebook" səhifəsində yazıb. Erməni jurnalist iddia edib ki, Ağdərədə yaşayan bir qrup erməni Ağdamdan Kəlbəcərə gedən avtomobil yolunu bağlayıblar. Guya bu, bizim Laçın dəhlizini bağlamağımıza qarşı cavab tədbiridir. Baxmayaraq ki, dəfələrlə izah olunub ki, bizim QHT təmsilçiləri həmin yolu bağlamayıblar və bağlamaq fikrində də deyillər. Ancaq Laçın dəhlizində gömrük və sərhəd xidmətinin postlarını yerləşdirmək Azərbaycanın suveren hüquqlarıdır və 10 noyabr bəyanatı buna birmənalı şəkildə imkan verir. Erməni təxribatlarına gəldikdə isə aydındır ki, bu cür cılız addımlar onların arzuladığı nəticəni indiyə qədər verməyib və bundan sonra da verməyəcək. Bu reallığı artıq ermənilərdən başqa hamı anlayır. Ümid edək ki, hamının anladığı reallıqları nə vaxtsa ermənilər də dərk edə biləcəklər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB