Prezident İlham Əliyev: "ASAN xidmət" 60 milyona yaxın müraciət üzrə dövlət xidmətləri göstərilməsini təmin etmişdir"
Vətəndaşların əlavə xərclərinin və vaxt itkisinin azalması, vətəndaşlara münasibətdə etik qaydalara, nəzakətli davranışa əməl edilməsinə nail olunması, şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi məqsədi ilə yaradılan Azərbaycan brendi olan "ASAN xidmət" mərkəzlərinin fəaliyyətə başlaması dövlət qulluqçularının fəaliyyətində əhaliyə münasibətdə vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində yeni yanaşma modelidir. Prezident İlham Əliyevin çoxşaxəli islahatlarından olan dövlət xidmətlərinin şəffaf, operativ və əlçatan təşkili ilə bağlı müəllifi olduğu "ASAN xidmət" konsepsiyasıdır. Bu model vətəndaş maraqlarına xidmət edir və yeni dövrün çağırışlarından irəli gələn xidmət sektorunda qabaqcıl innovasiyaların tətbiqidir. Bu gün Azərbaycan brendi olan "ASAN xidmət" "vahid məkan" prinsipi əsasında fəaliyyət göstərir. "ASAN xidmət" mərkəzlərində vətəndaşlara xidmətin daha yaxşı göstərilməsi üçün yeni üsullardan və müasir innovasiyalardan istifadə olunur ki, bu vətəndaş məmnunluğuna səbəb olub. "Özünəməxsus inkişaf modeli ilə tanınan Azərbaycan, idarəetmə və əhaliyə dövlət xidmətləri göstərilməsi sahəsində də effektiv və çoxşaxəli islahatlar həyata keçirərək, konseptual yeniliklərin müəllifi olmuşdur". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev "Müasir idarəetməyə gedən yol: dayanıqlı və innovativ dövlət xidmətlərinə doğru" mövzusunda keçirilən beynəlxalq forumun iştirakçılarına ünvanladığı təbrikində bildirib: "Belə unikal təşəbbüslərdən biri "ASAN xidmət" konsepsiyasıdır. Bununla da dövlət orqanları tərəfindən xidmətlər göstərilməsində vətəndaş məmnunluğunun və şəffaflığın təmin edilməsi, korrupsiya hallarının qarşısının alınması, innovativ yanaşmaların və müasir texnologiyaların tətbiq edilməsi, dövlət qulluqçusu – vətəndaş münasibətlərində yeni düşüncə tərzinin formalaşdırılması ideyalarını rəhbər tutan yeni xidmət modeli yaradılmış və bu model özünü uğurla doğrultmuşdur".
"VƏTƏNDAŞLARIN XİDMƏTLƏRDƏN MƏMNUNLUQ ƏMSALI 99,8% TƏŞKİL ETMİŞDİR"
Vurğulamaq yerinə düşər ki, 29 dekabr 2012-ci ildə Bakıda pilot layihə olaraq ilk "ASAN xidmət" mərkəzinin açılışı oldu. Mərkəz doqquz dövlət orqanının təklif etdiyi 23 xidməti həyata keçirirməklə 15 yanvar tarixində fəaliyyətə başladı. Həmin tarixdən vətəndaşlara yüksək keyfiyyətli xidmətlər göstərilir və ölkəmizin bir çox yerlərində mərkəzlərin sayı durmadan artır. Bildiyimiz kimi, 3 may 2013-ci ildə "Asan xidmət"in Sumqayıt mərkəzinin açılışı oldu. Bundan bir neçə gün sonra, mayın 24-də Bakıda ikinci "ASAN xidmət" mərkəzinin açılışı həyata keçirildi. Bakıda üçüncü mərkəzin açılışı isə 17 sentyabr 2013-cü ildə baş tutdu. Daha sonra Bərdədə, Bakıda, Masallı və Qəbələdə, Qubada, Mingəçevirdə, İmişlidə və Şəkidə, Şamaxıda, Kürdəmir, Tovuz, Ağcabədi, Balakənd və digər yerlərdə "ASAN xidmət" mərkəzləri fəaliyyətə başladı. Cənab Prezidentin məktubunda qeyd olunur ki, bu gün "ASAN xidmət" mərkəzlərində – vahid məkanda müxtəlif dövlət qurumları, həmçinin özəl şirkətlər tərəfindən ümumilikdə 360-dan çox xidmət göstərilir: "Fəaliyyəti dövründə "ASAN xidmət" 60 milyona yaxın müraciət üzrə dövlət xidmətləri göstərilməsini təmin etmişdir. Keçirilən rəy sorğularına əsasən, vətəndaşların xidmətlərdən məmnunluq əmsalı 99,8% təşkil etmişdir".
VƏTƏNDAŞLARIN RAHATLIĞININ TƏMİNATI VƏ ŞƏFFAF XİDMƏT
2013-cü ilin iyunun 1-dən etibarən, artıq "ASAN xidmət"in təklif etdiyi xidmətlərdən istifadə etmək üçün mərkəzlərə gələ bilməyən vətəndaşlara xidmət göstərmək üçün zəruri müasir texnoloji avadanlıqlarla təchiz olunmuş səyyar avtobuslardan istifadə olunur. Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin tapşırığıəsasında "ASAN xidmət" mərkəzlərinin olmadığı regionlarda vətəndaşların dövlət xidmətləri ilə təmin edilməsi üçün müasir texniki avadanlıqla təchiz olunmuş səyyar "ASAN qatar" konsepsiyası da reallaşdırılıb. Bütün bunlar vətəndaşların rahatlığının təminatında, onlara şəffaf və nəzakətli xidmətin göstərilməsinin əsas faktorlarıdır. Diqqətə çatdıraq ki, dövlət başçısının 2016-cı ilin mayında imzaladığı Fərmanla "ASAN kommunal" mərkəzlərinin yaradılması Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə tapşırılmışdı və qısa müddətdə "ASAN kommunal" xidmətinin yaradılması üçün aidiyyəti qurumlarla bir yerdə tədbirlər həyata keçirildi. "ASAN kommunal" mərkəzlərində Azəriqaz, Azərsu, Azərişıq şirkətlərinin 40-dan artıq növ kommunal xidmətləri göstərilir.
"ASAN XİDMƏT" AZƏRBAYCAN BRENDİNƏ ÇEVRİLMİŞDİR"
Azərbaycan brendi olan "ASAN xidmət" mərkəzləri beynəlxalq mükafatlara layiq görülüb. Bu gün "ASAN xidmət"in fəaliyyəti Avropa İttifaqında, Avropa Parlamentində, Böyük Britaniya parlamentində, Fransa, Almaniya və digər ölkələrdə yüksək qiymətləndirilir. Özünəməxsus hüquqi strukturu olan bu model bir çox beynəlxalq qurumlar və ekspertlər tərəfindən təqdirəlayiq hesab olunur. Artıq Azərbaycanın "ASAN xidmət" modeli əsasında Əfqanıstanda dövlət xidmətlərinin göstərilməsi sahəsində eyniadlı qurum təsis edilib. Bundan başqa, İtaliya, Koreya Respublikası, Fransa, İndoneziya, Monteneqro və ISESCO təşkilatı ilə əməkdaşlığa dair Anlaşma memorandumları imzalanıb. Bu illər ərzində xidmət bir neçə beynəlxalq dərəcəli sertifikata layiq görülüb, Britaniya Əməyin Mühafizəsi Şurası tərəfindən beynəlxalq müsabiqənin qalibi olub. Məktubda qeyd olunduğu kimi, "Bu uğur həm ölkə vətəndaşlarının müsbət rəyində, həm də beynəlxalq səviyyədə göstərilən maraq və münasibətdə özünü təcəssüm etdirir: "ASAN xidmət" təcrübəsi artıq bir sıra ölkələrdə tətbiq edilir. 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Dövlət xidmətləri mükafatına, 2019-cu ildə isə Rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına layiq görülən "ASAN xidmət" Azərbaycan brendinə çevrilmişdir. "Dövlət Xidmətləri Göstərən Qurumların ASAN Beynəlxalq Assosiasiyası" yaradılmış, ICESCO-ya üzv olan dövlətlərdə və Afrika ölkələrində dövlət xidmətləri sahəsində müvafiq beynəlxalq təşkilatlarla birgə ASAN mükafatları təsis olunmuşdur. BMT-nin İnsan Hüquqları Şurası "Dövlət xidmətlərinin şəffaf, məsuliyyətli və səmərəli çatdırılması vasitəsilə insan hüquqlarının və Davamlı İnkişaf Məqsədlərinin təşviqi" adlı qətnamə qəbul edərək, beynəlxalq təşkilatları "ASAN xidmət"in uğurlu təcrübəsini təşviq etməyə çağırmışdır".
"ASAN xidmət" öz fəaliyyətini genişləndirir, həm coğrafi əhatə, həm də xidmətlərin sayı artır. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və Prezident İlham Əliyevin 2018-ci ildə imzaladığı Fərmanla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan DOST Mərkəzlərində əhaliyə pensiya, sosial sığorta, sosial müavinət, əlillik, əmək və məşğulluq, övladlığa götürmə, bank, notariat, həmçinin Tibbi Sosial Ekspertiza sahələri üzrə 100-dən artıq xidmət göstərilir. Qeyd edək ki, 4 Saylı "DOST" Mərkəzinin tərkibindəki "Çağrı Mərkəzi" ölkə üzrə gündəlik 5 minədək zəng qəbuluna şərait yaradır. Bütün bunlar dövlət sosial xidmətlərinin innovativ yanaşmalara əsaslanan modern, çevik və optimal mexanizmlər üzərində qurulmasını özündə ehtiva edir. Təbii ki, DOST mərkəzləri də daha geniş miqyasda keyfiyyətli sosial xidmətlərin həyata keçirilməsinə geniş imkanlar yaradır. Cənab Prezidentin məktubunda o da vurğulanır ki, "ASAN xidmət" konsepsiyasının gətirdiyi digər bir yenilik xidmətin fəaliyyətə başladığı ilk gündən könüllülərin cəlb edilməsi olmuşdur: "Könüllülər öz müsbət enerjiləri və müasir dünyagörüşləri ilə vətəndaşlara xidmət sahəsinə yeni nəfəs gətirmiş, beləliklə də Azərbaycanda könüllülük hərəkatı geniş vüsət almış və hazırda ictimai həyatın bütün sahələrində öz səmərəsini göstərməkdədir". Azərbaycanda həyata keçirilən sosial siyasətin əsas məqsədləri əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin artırılması və əhalinin rifah səviyyəsinin yüksəldilməsidir. Bu istiqamətdə aparılan islahatlar, görülən işlər təqdirəlayiqdir və hər bir Azərbaycan vətəndaşı tərəfindən rəğbətlə qarşılanır. Çünki dövlətimiz vətəndaşının mənafeyinə xidmət edir.
Zümrüd BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB