"Azərbaycan, Türkiyə və Türkmənistan münasibətləri yeni mərhələyə yüksəlib" - DEPUTAT DANIŞDI
“Azərbaycan, Türkiyə və Türkmənistanı bir-biri ilə etnik, dini-mədəni köklər və ortaq mənəvi dəyərlər bağlayır. Tarixi bağlar üzərində qurulmuş münasibətlər, ölkələrimiz arasında iqtisadiyyat, ticarət, nəqliyyat-logistika və digər sahələrdə əməkdaşlığın inkişafı üçün geniş imkanlar yaradır. Azərbaycanın həm Türkiyə, həm də Türkmənistanla siyasi əlaqələri yüksək səviyyədədir. Qardaş Türkiyə ilə keçən il imzalanan Şuşa Bəyannaməsi münasibətlərimizi strateji müttəfiqlik səviyyəsinə çatdırmışdır. Bundan bir neçə il əvvəl 2017-ci il avqustun 8-də Bakıda “Azərbaycan Respublikası ilə Türkmənistan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə” imzalanıb. Mərkəzi Asiya xalqları içərisində milli mənsubiyyət baxımından azərbaycanlılara ən yaxın olan xalqlardan biri, məhz, türkmənlər hesab olunur. Ölkələrimizi mehriban qonşuluq və tarixi dostluq əlaqələri ilə yanaşı, siyasi, iqtisadi, humanitar və digər sahələrdə strateji tərəfdaşlıq münasibətləri də birləşdirir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov bildirib.
K.Bayramov qeyd edib ki, ölkələrimiz arasında müxtəlif sahələrdə genişlənən və daha da dərinləşən əməkdaşlıq münasibətləri onu deməyə əsas verir ki, dost və qardaş ölkələr olan Azərbaycan, Türkiyə və Türkmənistan arasında yeni əməkdaşlıq istiqamətləri müəyyənləşib: “Hər üç ölkə nəqliyyat-logistika sahəsində böyük uğurlara imza atmışdır. Dövlət başçımız cari ilin 14 dekabr tarixində Türkmənistanda təşkil olunmuş Üçtərəfli Zirvə Görüşündə bildirib ki, 2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi 45 faiz artaraq 5 milyard dollara çatmışdır. Azərbaycandan Türkiyə iqtisadiyyatına 20 milyard dollara yaxın, Türkiyədən Azərbaycan iqtisadiyyatına isə 14 milyard dollara yaxın sərmayə yatırılmışdır. Bu il Türkmənistan ilə ticarət dövriyyəsi 5 dəfə artmışdır. Hər üç ölkədə bu sahəyə qoyulan sərmayələr yeni, müasir infrastrukturun yaradılmasına xidmət etmişdir.
K.Bayramov diqqətə çatdırıb ki, son 19 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurlu layihələr həyata keçirilib. Bütün bunlar da ölkəmizin iqtisadi qüdrətinin artmasına, eləcə də, əhalinin rifah halının yüksəlməsinə xidmət edir. Respublikamız önəmli tranzit ölkəsinə çevrilmişdir. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır və öz ərazisində dəmir yolu, avtomobil nəqliyyatı və hava nəqliyyatı ilə bağlı olan bütün əsas layihələri icra etmişdir. 2022-ci ilin ilk 10 ayında Azərbaycan ərazisindən keçən ümumi tranzit daşımalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 80 faizdən çox artmışdır.
Deputat vurğulayıb ki, Azərbaycan, Türkiyə və Türkmənistan nəqliyyat-logistika sahəsində böyük uğurlara imza atıblar. Bu gün Avropadan Asiyaya və əksinə uzanan ticarət yolları üzərində yerləşən hər üç dövlət Avrasiyada mühüm əməkdaşlıq platformasını formalaşdırırlar. Hər üç ölkə eyni zamanda yerləşdikləri geostrateji məkanın enerji təhlükəsizliyinin də təmin olunmasında əhəmiyyətli rola malikdirlər. 44 günlük Vətən müharibəsində Azərbaycanın parlaq zəfər qazanmasından sonra Orta dəhlizin mühüm tərkib hissəsi olacaq Zəngəzur dəhlizinin reallaşdırılması da regionda yeni nəqliyyat-kommunikasiya işbirliyi üçün əlverişli şərait yaradacaq”. Türkmənistanda təşkil olunmuş Üçtərəfli Zirvə Görüşündə Prezident İlham Əliyev bildirib: “Hazırda Zəngəzur dəhlizinin açılması ilə fəal məşğuluq. Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində aparılan işlərin dəmir yolu xətti üzrə 40 faizi, avtomobil yolu üzrə 70 faizi icra olunub. Bütün işlər 2024-cü ildə tamamlanacaq və nəticədə yeni nəqliyyat dəhlizi yaranacaq”.
K.Bayramov əlavə edib ki, səfər çərçivəsində Azərbaycan, Türkiyə və Türkmənistan arasında “Ticari-iqtisadi əməkdaşlıq haqqında hökumətlərarası Saziş”, “2023-2025-ci illər üzrə elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığa dair hökumətlərarası Çərçivə Proqramı”, “Gömrük əməkdaşlığına dair Birgə məşvərət komissiyasının yaradılması haqqında qarşılıqlı anlaşmaya dair Hökumətlərarası Memorandum”, “Energetika sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı anlaşmaya dair Qurumlararası Memorandum”, “Nəqliyyat sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı anlaşmaya dair Qurumlararası Memorandum” sənədləri imzalanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB