2022-ci il: BÖYÜK QAYIDIŞIN ilk karvanını yola saldıq TƏHLİL

2022-ci il: BÖYÜK QAYIDIŞIN ilk karvanını yola saldıq TƏHLİL

Prezident İlham Əliyev: "Dünya müharibələrinin tarixində müharibələrdən sonra bu sürətlə heç bir yerdə quruculuq-bərpa işləri aparılmayıb"

Artıq 2022-ci ilin son günlərini yaşayırıq. Yola salacağımız il ölkə həyatının hər bir sahəsində qazandığımız uğurları, yenilikləri ilə yaddaşlara köçür. Zamanın hər günü sanki bizim üçün tarixiləşmiş olur və görülən işlərə nəzər saldıqda onun bizim xeyrimizə işlədiyini görərik. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı tədbirlər, imzalanan sərəncamlar, dövlət proqramları ölkəmizin bu günü və gələcəyi üçün hesablanmış layihələrin reallaşmasına səbəb olur. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Milli Ordumuzun Vətən Müharibəsində qələbəsi və Zəfərimizin yazılması ilə Azərbaycan tamamilə yeni bir dövrə qədəm qoymuş oldu. Biz artıq işğaldan azad edilmiş torpaqlara qayıdırıq və həmin yerlərdə yeni bir həyat başlayır.
Azərbaycanın işğalçı Ermənistan üzərində parlaq qələbə qazanmasından sonra qısa bir zamanda azad olunan ərazilərimizdə bərpa-təmir, abadlıq və quruculuq işlərinə start verilib. Bildiyimiz kimi, işğal altında saxlanılan ərazilərimizdə dağıdılan yaşayış məntəqələri, orada həyat üçün zəruri olan sosial-iqtisadi infrastruktur obyektləri dağıdılıb, tarixi-dini abidələrimizə ciddi ziyan dəyib, fərdi və çoxmənzilli yaşayış evləri məhv edilib. Bu gün artıq ərazilərimizdə intensiv şəkildə bərpa və yenidənqurma işləri ardıcıl olaraq həyata keçirilir. "Dünya müharibələrinin tarixində müharibələrdən sonra bu sürətlə heç bir yerdə quruculuq-bərpa işləri aparılmayıb", - deyə çıxışlarının birində bildirən Cənab Prezident bu işlər haqqında Azərbaycan vətəndaşlarının müntəzəm olaraq məlumatlandırıldığını diqqətə çəkib: "Bizim əsas vəzifəmiz keçmiş köçkünləri tezliklə dədə-baba torpaqlarına qaytarmaqdır və biz buna nail olacağıq".
Bildiyimiz kimi, işğal altında yerləşən yaşayış evləri, təhsil, sənaye və kənd təsərrüfatı obyektləri ilə yanaşı, yüzlərlə mədəniyyət müəssisəsi, o cümlədən 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 mədəniyyət sarayı, klub və mədəniyyət evi, 85 musiqi və rəssamlıq məktəbi, 100 mindən artıq eksponatın toplandığı 22 muzey və muzey filialı, 4 rəsm qalareyası, 4 teatr müəssisəsi, 2 konsert müəssisəsi, 8 mədəniyyət və istirahət parkı, Qarabağ münaqişəsinə qədər dövlət qeydiyyatına alınan 700-dən artıq tarix və mədəniyyət abidəsi erməni vandalizminin qurbanına çevrilib. Bu gün 30 ilə yaxın işğal altında olan torpaqlarımızda abadlıq-quruculuq işləri vüsət alıb.

"BƏLKƏ DƏ DÜNYA PRAKTİKASINDA, DÜNYA TARİXİNDƏ BU QISA MÜDDƏT ƏRZİNDƏ, MİNALANMIŞ ƏRAZİDƏ BEYNƏLXALQ HAVA LİMANLARI TİKİLMƏMİŞDİR"

Dövlət başçısının işğaldan azad olunan ərazilərə səfərləri çərçivəsində yeni layihələrin həyata keçirilməsinə start verilir. Füzuli, Şuşa, Zəngilan kimi işğaldan azad olunan ərazilərdə aparılan abadlıq-quruculuq işləri uğurla davam etdirilir. Artıq bildiyimiz kimi, Füzuli, Zəngilan beynəlxalq hava limanları qısa bir zamanda tikilərək istifadəyə verildi. Cəmi 8 ay ərzində Füzuli Beynəlxalq Hava Limanı inşa edildi. "Bəlkə də dünya praktikasında, dünya tarixində bu qısa müddət ərzində, minalanmış ərazidə beynəlxalq hava limanları tikilməmişdir", - deyə Prezident bildirib. Görülən irimiqyaslı işlər bu ərazilərin müasir bir şəhərə çevriləcəyindən xəbər verir. İşğaldan azad edilmiş rayonlarda "yaşıl enerji" zonasının yaradılması məqsədilə, ilkin olaraq, pilot layihələr qismində bəzi yerlərdə "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyalarının tətbiqinə start verilib. Sosial layihələrini uğurla reallaşdıran Azərbaycan işğaldan azad olunan ərazilərdə silsilə və kompleks tədbirlər həyata keçirir. Tərtərdə "Suqovuşan-1" və "Suqovuşan-2" Kiçik Su Elektrik stansiyalarının yenidənqurmadan sonra istifadəyə verilməsi, eləcə də Laçında Güləbird kəndində Su Elektrik Stansiyası istifadəyə verilməsi bu ərazilərdə quruculuq işlərinin aparılmasından müjdədir. Laçın rayonu işğaldan azad olunandan bir neçə ay sonra istismara verilən Su Elektrik Stansiyası azad edilmiş torpaqlarda istismara verilən ilk elektrik stansiyasıdır. Xatırladaq ki, Cənab Prezident İlham Əliyevin müvafiq Fərmanına uyğun olaraq işğaldan azad edilmiş ərazilərdə xüsusi dövlət əhəmiyyətli binaların elektrik enerjisi ilə təchizatının təcili təmin olunması çərçivəsində təxirəsalınmaz tədbirlər həyata keçirilir. Cəbrayılda ilk çoxmənzilli yaşayış məhəlləsinin, rayon Mərkəzi Xəstəxanasının, akademik Mehdi Mehdizadə adına tam orta məktəbin təməlinin qoyulması, Ağdamda iki kəndin təməlinin qoyulması, Hadrutda Müzəffər Azərbaycan Ordusunun Ali Baş Komandanı kimi yeni silahlı birləşmə olan Komando Briqadasının hərbi hissəsinin açılışı və saydıqca bitməyən layihələr Böyük Qayıdışımıza doğru yönəlib. Xüsusi olaraq vurğulayaq ki, bu gün işğaldan azad olunan ərazilərin minalardan təmizlənməsi də əsas məsələlər sırasındadır. 44 günlük Vətən müharibəsində işğaldan azad olunmuş ərazilərin minalardan, partlamamış hərbi sursatdan və digər partlayıcı qalıqlardan təmizlənməsi, zərərsizləşdirilməsi bu gün qarşıda duran əsas məsələlərdən biri olduğundan bu sahədə işlər davamlı olaraq həyata keçirilir.

"AĞALI KƏNDİNİN TİMSALINDA HƏR BİR AZƏRBAYCAN VƏTƏNDAŞI VƏ ÜMUMİYYƏTLƏ, HƏR BİR İNSAN BİZİM PLANLARIMIZI GÖRƏ BİLƏR"

Yola salacağımız il 2022-ci il işğaldan azad olunan torpaqlarımıza ilk köçün başlanması kimi yadda qalacaqdır. Böyük Qayıdışımızın ilk karvanı Ağalıya yola düşdü. "Ağalı kəndinin timsalında hər bir Azərbaycan vətəndaşı və ümumiyyətlə, hər bir insan bizim planlarımızı görə bilər", - deyə Cənab Prezident bildirib. Otuz ilə yaxın yurd həsrəti ilə yaşayan bir qism ailə yeni salınmış və ən müasir infrastrukturu olan kənddə onlara verilmiş evlərdə daimi məskunlaşdılar. Köçürülən ailələr, əsasən, müvəqqəti məskunlaşma yerlərində ən ağır şəraitdə yaşayanlar arasından seçildi. Köçürülənlər arasında Birinci, İkinci və Üçüncü Ağalı kəndlərinin sakinləri var idi. Mövcud qanunvericiliyə əsasən, məcburi köçkünlər daimi yaşayış yerlərinə qayıtdıqdan sonra üç il müddətində dövlətin onlar üçün müəyyən etdiyi sosial müdafiə tədbirlərindən yararlana biləcəklər. Ümumilikdə "ağıllı kənd" konsepsiyasına uyğun qurulan Ağalı kəndinə köçürülən ailələr hər cür şəraitlə təmin olunub. Ağalı kəndində "ASAN xidmət" mərkəzi, DOST mərkəzi, Kiçik və Orta Biznesin İnkişafı Mərkəzi fəaliyyət göstərir ki, kənd sakinlərinin dövlət xidmətlərinə rahat çıxışı təmin edilir. Ağalı kənd meydanında "Kapital Bank"ın Zəngilan filialı, kənd təsərrüfatı təyinatlı laboratoriyalar, baytarlıq və bitki mühafizə idarələri və digər ictimai iaşə obyektləri fəaliyyət göstərir. Göründüyü kimi, "Ağıllı kənd"də müasirlik təkcə qurulan infrastrukturla məhdudlaşmır, burada təhsilə yeni yanaşmanın tətbiqi də mühüm rol oynayır. 360 şagird yerlik ikimərtəbəli məktəb binası və birmərtəbəli 60 yerlik uşaq bağçası onların ixtiyarındadır. Ağalı kəndində 200 evdən ibarət gözəl kənd salınıb.

"HƏR KƏS GÖRƏCƏK Kİ, İŞLƏRİMİZ PLANLI VƏ SİSTEMLİ ŞƏKİLDƏ APARILACAQ"

Böyük Qaydışın ilk karvanına şahidlik etdik. Qısa bir zamanda reallaşan infrastruktur layihələr, abadlıq və quruculuq işləri Azərbaycanın iqtisadi gücünü bir daha ortaya qoymuş oldu. Zəngilan rayonu birinci rayondur ki, artıq keçmiş məcburi köçkünlər öz yurdlarına qayıdıblar. Bildiyimiz kimi, birinci "Ağıllı kənd" pilot layihəsi Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə etmiş oldu. Birinci pilot layihə Zəngilanın Ağalı kəndində həyata keçirildi. Yenidən qurulan Ağalı kəndi müasir tələblərə uyğun olaraq quruldu. Prezident çııxışlarının birində oraya qayıdacaq insanlara rahat şərait yaradılıcağını bildirmişdi: "Hər kəs görəcək ki, işlərimiz planlı və sistemli şəkildə aparılacaq, bütün amillər nəzərə alınacaq – təhlükəsizlik, rahatlıq, rifah, məşğulluq və gələcək inkişaf". Belə də oldu. Xatırladaq ki, Birinci, İkinci, Üçüncü Ağalı kəndləri 2020-ci ilin oktyabrın 28-də işğalçılardan azad edildi. Altı aydan sonra Ağalıda yeni kəndin təməl daşı qoyuldu.
Bəli, Cənab Prezidentin bildirdiyi kimi, "Müharibə artıq tarixdə qaldı… Bu gün biz gələcəyi yaradırıq, öz əllərimizlə yaradırıq. Əminəm ki, bütün planlarımız, - bu günə qədər bəyan edilən bütün hədəflər necə təmin edilmişdisə, - növbəti dövr üçün nəzərdə tutulmuş hədəflər də təmin ediləcək. Biz bu hədəflərə çatacağıq, ölkəmizi gücləndirəcəyik, ordumuzu yenə də gücləndirəcəyik və Azərbaycan xalqının təhlükəsiz həyatını təmin edəcəyik. Əlbəttə ki, 30 il ərzində əziyyət içində, o cümlədən mənəvi əzab içində yaşamış köçkünləri maksimum qısa müddət ərzində öz doğma torpaqlarına qaytaracağıq".
Ağalı kəndinə əhalinin köçürülməsi Böyük Qayıdışın ilk sorağı oldu. Yaxın gələcəyimizdə karvanlarımız Ağdama, Kəlbəcərə, Şuşaya və digər ərazilərimizə yol alacaq, Qarşıdan gələcək illərimizdə daha möhtəşəm tarixlər yazacaq və işğaldan azad olunan ərzilərimizin əzəli sakinləri öz yurd torpaqlarında qurub-yaradacaqlar. Daha işıqlı sabahlar bizi gözləyir.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə