Rusiya-Ukrayna müharibəsinə son qoyulurmu? - POLİTOLOQ DANIŞDI

"Dövlətlərarası münaqişələr müxtəlif vasitə və üsullarla həll olunur və ya aradan qaldırılır. Bu üsullara beynəlxalq təşkilatların vasitəçiliyi, aparıcı dövlətlərin müharibə aparan tərəfə təzyiqi, müharibənin başlanmasında səbəbkar olan tərəfə müxtəlif istiqamətli sanksiyaların tətbiqi və sair daxildir və dinc üsullar adlandırılır". Bu fikirləri SİA-ya açıqlamasında politoloq, professor Əlimusa İbrahimov bildirib.

Bütün bunlar nəticə vermədikdə və döyüşlər digər ölkələr üçün təhlükə törətmədikdə tərəflərin döyüşüb əldən düşməsini gözləmək lazımdır. Amma sülhə məcburetmə metodu da var ki, müxtəlif dövlətlər aressor dövlətə qarşı birgə müharibə elan edir. Rusiya - Ukrayna müharibəsi ilə bağlı artıq 10 ay arxada qalıb və qeyd etdiyim üsullardan tətbiq olunanlarının heç biri fayda vermir. Dünyada mövcud olan dövlətlərin az qala hamısı Rusiyanı yumşaq və sərt formada işğalı dayandırmağa çağırır. Rusiya isə Ukraynanı bir dövlət kimi aradan götürməkdə israrlıdır. Amma məqsədlərinə nail ola bilmir. Çünki Ukraynanın müttəfiqi olan ölkələr onun məğlub olmasının qarşısını almaq üçün lazım olan hər şeyi edirlər. Deməli, Ukrayna sona qədər davam gətirəcək. Belə olan halda Rusiyanın zəifləməsini gözləmək lazımdır. Rusiya koalisiya qüvvələrinə qarşı müharibədə zəifləyəcəyi təqdirdə müharibənin sonunun yaxınlaşması haqda danışmaq olar. İndi isə hələ bu proses nəzərə çarpmır. İndiki vəziyyətdə hər iki tərəf israrla döyüş əməliyyatlarını davam etdirirlər. Müharibənin uzanmasına səbəb olan ölkələrə gəlincə, bu, ilk növbədə Rusiya və Ukraynadır. Ondan sonra Ukraynanı dəstəkləyən ölkələr də Ukraynanın məğlub olmasının qarşısını almaqla dolayısı yolla müharibənin uzanmasına səbəb olurlar.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə