"Fransa Ermənistandakı mülki missiyanı daimi missiyaya çevirmək niyyəti güdür” - DEPUTAT ŞƏRH ETDİ

"Ermənistanın son davranışları onun Fransanın koloniyası olmağa hazır olduğunu təsdiqləyir. Belə ki, Fransanın xarici işlər naziri Katron Kolonna oktyabrın 20-dən Ermənistanda olan Avropa İttifaqın müşahidə missiyasının mandatının vaxtının artırılmasını vacib hesab edir". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Könül Nurullayeva bildirib.

Millət vəkili qeyd edib ki, bunu missiyanın sərhəddəki monitorinqinin “eskalasiya riskini azaltması” ilə izah edib: "Görünən budur ki, Fransa missiyanın mandatını uzatmaq və nəticədə onu daimi missiyaya çevirmək niyyəti güdür. Rəsmi açıqlamalardan aydın olur ki, bu, əvvəldən Fransa ilə Ermənistan arasında razılaşdırılıb. Əsas hədəf isə Rusiyanın Ermənistandan çıxarılması və onu Fransanın timsalında Avropa İttifaqının əvəzləməsinə yönəlib. Yəni, hər zaman Rusiyanın “quberniyası” olan Ermənistan məmnuniyyətlə Fransanın koloniyası olmaq niyyətindədir. Burada diqqət çəkən məqam

Rusiya tərəfinin prosesləri sükutla izləməsidir. Halbuki
Ermənistan Rusiyanın maraqlarına zidd olaraq öz ərazisinə Aİ və ATƏT missiyalarını dəvət etməklə Kremlə qarşı inamsızlığını və saymazlığını nümayiş etdirir. Rusiya hərbi bazalarının ölkədən çıxarılması üçün Ermənistanda əməli fəaliyyət həyata keçirilir və bu istiqamətdə tələblər artmaqdadır. Ermənistan açıq şəkildə Fransanın koloniyası olmağa can atır, Azərbaycan isə bütün ölkələrlə bərabərhüquqlu tərəfdaşlıq münasibətləri qurub. Heç bir ölkə və ya beynəlxalq təşkilat Azərbaycanla diktə dilində danışa bilməz. O cümlədən Azərbaycan-Aİ münasibətləri də uğurla inkişaf edir. Təşkilatla ikitərəfli kontekstdə xüsusilə enerji sahəsində əməkdaşlıq daha da dərinləşir. Bu isə elə Avropa İttifaqında bəlli dairələrin maraqlarına cavab vermir və Aİ-də bəzi qüvvələr bu münasibətləri pozmağa cəhd edir. Bu pozucu fəaliyyətin başında isə Fransa durur. Rəsmi Parisin bu siyasəti əslində Aİ-nin ümumi kursuna ziddir.

Ziddiyyətli məqam budur ki, Fransa öz ərazi bütövlüyünü toxunulmaz hesab edir, seperatçıların bütün tələblərini rədd edir. Amma Azərbaycanın ərazi bütövlüyünə açıq şəkildə hörmətsizlik edir, erməni seperatçılarına tam dəstək verir".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə