Heydər Əliyev kimi dühası olan ölkə xoşbəxt ölkədir - DEPUTAT DANIŞDI

Heydər Əliyev kimi dühası olan ölkə xoşbəxt ölkədir - DEPUTAT DANIŞDI

“Heydər Əliyev o dövlət xadimlərindəndir ki, unudulmur və min illər keçsə belə unudulmayacaq. Özündən sonra böyük siyasətçi adını, zəngin bir siyasət məktəbini miras qoyub gedən Ulu Öndərin qüdrəti, insani xüsusiyyətləri, təəssübkeşliyi, Azərbaycan xalqı və Vətəni qarşısındakı xidmətləri yaddan çıxmayacaq, nəsillərdən-nəsillərə ötürüləcəkdir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Jalə Əhmədova bildirib. Onun sözlərinə görə, dünya miqyaslı ictimai-siyasi xadim, müstəqil Azərbaycanın memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan üçün gördüyü işləri saymaqla bitməz. Müstəqilliyimizin xilaskarı, Azərbaycanın bütün sahələr üzrə inkişafında müstəsna xidmətləri olan Ulu Öndər Heydər Əliyev xalqının Böyük Oğlu olaraq dünya siyasi arenasında Azərbaycanın haqq səsi olub:

“Azərbaycan dövlətçiliyi, millətinin gələcəyi uğrunda mübarizəsi əvəzsiz olan Ümummilli Liderimizin uzaqgörən siyasi gedişləri nəticəsində Azərbaycan müstəqilliyini qoruyub saxlaya bilib və parçalanmaq təhlükəsindən xilas olub. Bu fakt, Azərbaycan xalqının şahidi olduğu tarixi bir həqiqətdir. Tarixi isə nə danmaq, nə də pozmaq mümkün deyil!

Beləliklə, öz xilaskarlıq missiyası ilə Azərbaycanın müstəqilliyini qoruyan Ulu Öndər, Azərbaycanın bütün sahələr üzrə inkişafına nail olmaq üçün gecəni-gündüzünə qatıb, ölkənin iqtisadi, siyasi, mədəni tərəqqisinə nail olub. Mükəmməl ensiklopedik biliklərə sahib olan Ümummilli Lider Heydər Əliyevin Böyük Siyasəti, dəmir məntiqi, zəngin siyasi təcrübəsi hər bir addımda özünü göstərib. Dünya siyasi arenasında söz sahibi olmasına nail olub, hegemon dünya dövlətləri ilə Azərbaycan arasındakı əlaqələrin və dövlətlərarası qarşılıqlı münasibətlərin təməlini qoyub.

Bu gün, Azərbaycan xalqı Heydər Əliyev dühasının işığında gələcəyə doğru xoşbəxt hisslərlə, inamla addımlayır. Bu inamı, bu xoşbəxtliyi xalqa bəxş edən isə hər zaman vətəndaşının yanında olan, Ulu Öndərin layiqli davamçısı cənab Prezident İlham Əliyevdir.

Heydər Əliyev kimi dühası, İlham Əliyev kimi Prezidenti və Ali Baş Komandanı olan ölkə xoşbəxt ölkədir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə