"Müstəqil Azərbaycan Heydər Əliyev ideyalarının təcəssümüdür" - PARTİYA SƏDRİ DANIŞDI

"Fəaliyyətinin hər bir məqamı ilə xalqına, dövlətinə xidmət edən, dövlətinin, xalqının bütövlüyü uğrunda fədakarlıqla çalışan xalqımızın Ümumilli Lideri Heydər Əliyev müasir Azərbaycanın banisidir. Hələ Sovet dövründə keçmiş ittifaqda yalnız aqrar respublika kimi xarakterizə olunan Azərbaycanın sənayeləşdirilməsinə nail olan Ulu Öndərimizin fenomenal fəaliyyəti XX əsrin sonunda müstəqillik qazanmış Azərbaycanımızın dünya miqyasında tanınmasına, şöhrət qazanmasına yol açdı. Nəinki tək sənayeləşdirmədə, həm də ölkədə milli kadrların yetişdirilməsi, ana dilimizə olan münasibətin dəyişməsi, milli mədəniyyətimizin inkişafı, Azərbaycanın dünya miqyasında tanınması istiqamətində aparılan işlər Ulu Öndər Heydər Əliyevin yorulmaz fəaliyyətinin bəhrəsidir. Bu gün birmənalı şəkildə deyə bilərik ki, Ulu Öndər Heydər Əliyev öz genişspektrili fəaliyyətini xalqına və dövlətinə həsr edib".

Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib. Partiya sədrinin sözlərinə görə, 1990-cı illərin əvvəllərində yenicə müstəqillik əldə edən Azərbaycan ən çətin dövrlərini yaşayırdı. Bir tərəfdən, Ermənistanın ölkəmizə qarşı apardığı işğalçılıq müharibəsi, digər tərəfdən, ölkədəki hakimiyyətdaxili çəkişmələr, siyasi, iqtisadi böhran nəticəsində dövlətin mövcudluğu təhlükə altına düşmüşdü. "Lakin xoşbəxtlikdən Azərbaycan xalqı Ümummilli lideri, Onun ölkə üçün gördüyü işləri unutmamışdı. Belə bir çətin məqamda Azərbaycanı xilas edə biləcək yeganə şəxsin məhz Heydər Əliyev olduğunu xalq yaxşı bilirdi. Qəlbi Azərbaycanla bir döyünən Ulu öndər də bu məqamda üzərinə olduqca ağır və məsuliyyətli işi götürməyin vacibliyini anlayırdı. Beləliklə, xalqın təkidli çağırışı sayəsində Ulu öndər 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıtdı. Elə həmin dövrdən ölkənin müstəqil inkişaf yolunda yeni mərhələyə qədəm qoyuldu", -deyən Ə.Kazımova vurğulayıb ki, 1993-cü ildə xalqımız böyük səs çoxluğu ilə öz seçimini etdi və Ulu Öndər Heydər Əliyevi Prezident seçdi. Həmin seçimlə bugünkü qüdrətli Azərbaycan dövlətinin təməli qoyuldu. Xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ümummilli Lider andiçmə mərasimindəki nitqində deyib: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm".

Ə.Kazımova onu da qeyd edib ki, Ulu Öndər rəhbərlik etdiyi dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bildi, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atdı. Ulu Öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətləndirildi: "Ümummilli Lider ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş apardı, ölkədəki qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirildi, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edildi. Xalqın milli tarixi yaddaşının özünə qaytarılması isə Azərbaycanın surətli inkişafında hərəkətverici qüvvəyə çevrildi. Ulu Öndər hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olarkən – 1990-cı il noyabrın 17-də Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağını Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq etdi, Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırd. Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycan dövlətinin rəhbərliyinə qayıtması, onu məhv olmaqdan və dövlətçiliyin itirilməsindən xilas etməsi, güclü, dinamik inkişaf edən və milli varlığımızı yaşadan ölkəyə çevirməsi, təkcə bugünkü deyil, ümumən gələcək nəsillər, Azərbaycan amalını qəlbində yaşadan bütün insanlar üçün epoxal əhəmiyyət kəsb edən dövlətçilik təcrübəsi oldu. Beləliklə, Azərbaycan bir əsrdə ikinci dəfə müstəqillik əldə etdiyi bir məqamda tarixin təkrarlanmasına - müstəqilliyin itirilməsinə yol vermədi. Məhz Ümummilli Liderimiz Heydər Əliyev müasir Azərbaycan dövlətinin varlığını qorudu. Bir çağırışla xalqının xilaskarına çevrilən Heydər Əliyev Azərbaycan qarşısında tarixi bir missiyaya imza atdı".
Milli ideologiyanın yaradılması Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət quruculuğu siyasətinin mühüm tərkib hissəsidir. Partiya sədrinin sözlərinə görə, Heydər Əliyevin formalaşdırdığı və inkişaf etdirdiyi azərbaycançılıq fəlsəfəsi Azərbaycanın müasir dünyada yerini müəyyən etmiş, milli dövlətçiliyimizin ideya əsasını təşkil edərək dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaratmışdır. Azərbaycan ziyalısını son yüzilliklərdə ən ciddi bir şəkildə düşündürən milli dirçəliş problemləri bütöv şəkildə Heydər Əliyevin həmin illərdəki fəaliyyəti ilə strateji dövlət siyasətinə, elmdən, sosiologiyadan və fəlsəfədən əməli siyasət müstəvisinə keçmişdir. Ə.Kazımovanın fikrincə, Azərbaycançılıq ideologiyası təkcə bu dövlətin ərazisində yaşayan şəxsləri yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edən, dünya azərbaycanlılarını vahid ideologiya ətrafında birləşdirən milli məfkurəyə çevrildi. “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” – Ulu Öndər Heydər Əliyevin bu kəlamları hər bir həmvətənimiz üçün milli qürur rəmzinə çevrilib: "2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan qələbə Azərbaycanın müasir tarixinin ən şanlı səhifəsidir desək, yanılmarıq. Təbii ki, bu qələbəni şərtləndirən amilləri sadaladığımız zaman bir mühüm məqama – əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulan milli birliyimizə, milli həmrəyliyimzə də toxunmaq lazımdır. 1991-ci ildə Ulu Öndərimizin rəsmi status qazandırdığı Azərbaycanın Milli Həmrəyliyi 20 ilə yaxın müddətdən sonra işğal altındakı torpaqlarımızın azadlığında əsaslı rol oynadı. 2020-ci ilin sentyabrın 27-də Ali Baş Komandanımızın əmri ilə erməni təxribatlarına qarşı aparılan əks-həmlə əməliyyatları başlanan kimi xalqımız bir yumruğa çevrilməyi bacardı. Siyasi mənsubiyyətindən, dini, milli fərqlərindən, dünyanın hansı nöqtəsində yaşamasından asılı olmayaraq hər bir AZƏRBAYCANLI qələbə uğrunda mübarizəyə qoşuldu. Azərbaycanda yaşayan bütün dini konfessiyalar, icmalar, etnik azlıqlar, siyasi partiyalar, qeyri-hökumət təşkilatları dövlətin, ölkə Prezidentinin ətrafında sıx birləşdiyini, Qarabağın azadlığı uğrunda ortaya qoyulan bu iradəni dəstəklədiyini bəyan etdi. Bu, bəlkə də bəşər tarixində görünməmiş bir hadisə idi. Bir xalqın, bir millətin öz haqq savaşı uğrunda "dəmir yumruq" kimi düşmənə qarşı birləşməsi qələbəmizin təminində əhəmiyyətli rol oynadı. Hər zaman qürurla səsləndirdiyimiz çoxmillətli ölkə olmağımız, dini azadlıqlara malik ölkə olmağımız bir daha əyani şəkildə öz üstünlüyünü ortaya qoydu. Bu milli birliyin əsas komponentlərindən sayılan siyasi həmrəyliyimiz də dünya üçün yeni bir nümunəyə çevrildi. Vətən müharibəsinin ilk günündə isə 50 siyasi partiyanın siyasi həmrəylik nümayiş etdirərək birgə bəyanat imzalaması Azərbaycanda yaşanan siyasi birliyin təcəssümü oldu. Siyasi partiyaların rəhbərləri möhtərəm Prezidentimizin apardığı siyasəti dəstəklədiklərini və status-kvonun dəyişməz qalmasının mümkünsüz olduğunu bildirərək yekdilliklə Prezidentin yanında olduqlarını xüsusi olaraq vurğuladılar. Bu bəyanat məhz Ulu Öndərimizin bizə miras qoyduğu milli birlik yolunun təntənəsinə çevrildi".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə