Körpələr evi-uşaq bağçası: təlim-tərbiyənin və sağlam mühitin ünvanı

Mehriban xanım Əliyeva: "Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrin real nəticələri göz qabağındadır"

Heydər Əliyev Fondu ölkəmizdə aparılan quruculuq işlərinə töhfə verməklə məqsədini reallaşdırır. Müxtəlif sahələrə eyni diqqəti ayırmaq və verilən vədləri vaxtında və yüksək keyfiyyətlə başa vurmaq çətin və məsuliyyətlidir. Həyatda özünü əməli fəaliyyətlə doğrultmaq, yüksək imic sahibi olmaq, ölkənin ictimai-siyasi, mədəni həyatında sözünü demək güclü iradə, böyük istedad və yaradıcılıq tələb etdiyi kimi, vətənə olan ülvi sevginin də olması vacib şərtdir. Məhz Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın gördüyü işlər bu dəyərlərə söykənir. "Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrin real nəticələri göz qabağındadır. Bu, yüz mindən çox şagirdin təhsil şəraitinin yaxşılaşmasına xidmət edən yüzlərlə yeni məktəb binasının istifadəyə verilməsi, valideyn himayəsindən məhrum olmuş uşaqlara diqqət və qayğının göstərilməsi, müasir avadanlıqla təchiz edilmiş yeni tibb mərkəzlərinin inşası, gənc istedadların dəstəklənməsi, tarixi abidələrin bərpası, qədim mədəniyyət və incəsənətimizin təbliği və nəhayət, Azərbaycanın əsrlər boyu formalaşmış tolerantlıq ənənələrinin qorunub saxlanıldığı dünyəvi bir ölkə kimi dünyaya tanıdılmasıdır", - deyə Fondun Prezidenti Mehriban Əliyeva müsahibələrinin birində bildirmişdir.

GƏLƏCƏYİMİZ OLAN KÖRPƏLƏR VƏ UŞAQLAR VƏTƏNİMİZƏ LAYİQLİ VƏTƏNDAŞ OLARAQ FORMALAŞIR

Dinamik inkişaf edən Azərbaycanda gələcək nəslin sağlam böyüməsi, hərtərəfli inkişafı ölkə rəhbərliyinin diqqət mərkəzindədir. Bu istiqamətdə görülən mühüm tədbirlərin tərkib hissələrindən biri də məktəbəqədər təhsil müəssisələrindən olan uşaq bağçalarının və körpələr evləri şəbəkələrinin genişləndirilməsi, onların təlim-tərbiyə prosesində fəal iştirakının təmin olunmasıdır. Son illərdə respublikamızda onlarla uşaq bağçasının, körpələr evinin inşa olunması göstərir ki, Azərbaycan dövləti gələcəyimiz olan körpələrin və uşaqların vətənimizə layiqli vətəndaş kimi formalaşmalarını prioritet vəzifələrdən biri elan edir. Heydər Əliyev Fondunun "Uşaq evləri və internat məktəblərinin inkişafı" Proqramı çərçivəsində respublika üzrə onlarla uşaq müəssisəsi əsaslı şəkildə təmir edilmiş, yeni avadanlıqla təchiz olunmuş, əlavə yardımçı binalar inşa edilmiş və kommunal şərait yaxşılaşdırılmışdır. Müəssisələrdə kitabxanalar yaradılmış, onlar müvafiq tədris vəsaiti və bədii ədəbiyyatla təmin olunmuş, əksər uşaq evləri və internat məktəblərində kompyuter avadanlığı quraşdırılmışdır. Uşaqların hərtərəfli inkişafı üçün müvafiq şəraitin yaradılması məqsədi ilə müəssisələrdə mütəmadi olaraq treninqlər keçirilir. Uşaq evləri və internat məktəblərində tərbiyə alan yeniyetmələrə vətənpərvərlik hissinin aşılanması, onların istirahətinin və asudə vaxtlarının səmərəli təşkili məqsədi ilə Heydər Əliyev Fondu ardıcıl olaraq kütləvi tədbirlər, festivallar, müsabiqələr keçirir, müəssisələrdəki özfəaliyyət kollektivlərinə, musiqi, rəqs, xalçaçılıq, rəssamlıq dərnəklərinə lazım olan köməyi əsirgəmir.

UŞAQLARIN TƏLİM-TƏRBİYƏSİ FONDUN FƏALİYYƏT İSTİQAMƏTLƏRİNDƏNDİR

Fondun təşəbbüsü və dəstəyi ilə tikilə və ya təmir bərpa olunan körpələr evi-uşaq bağçalarını sayı artmaqdadır. Şamaxının Şəhriyar qəsəbəsində yerləşən 4 saylı körpələr evi-uşaq bağçası, Zərdab şəhər 2 nömrəli körpələr evi-uşaq bağçası, Saatlıda inşa edilmiş 100 yerlik körpələr evi-uşaq bağçası və s. Heydər Əliyev Fondunun "Məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramı" çərçivəsində inşa olunub. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Oğuz şəhərində inşa edilmiş 100 yerlik körpələr evi-uşaq bağçası da görülən işlərin davamıdır. Ərazisi 0,4 hektar, ümumi sahəsi 3013 kvadratmetr olan bağçada 32 otaq vardır. Binada 5 qrup otağı, həkim bölməsi, musiqi zalı, yeməkxana, mətbəx, gimnastika, kompüter, metodist və yardımçı otaqlar yaradılıb. Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın Oğuz rayonuna səfəri çərçivəsində körpələr evi-uşaq bağçasında görülən işlərlə tanış olublar. Məlumat verilib ki, bina müasir avadanlıqlar, inventar və mebel dəstləri, videomüşahidə, yanğın əleyhinə təhlükəsizlik, eyni zamanda, mərkəzləşdirilmiş istilik sistemləri ilə təchiz olunub. Həyətyanı sahədə abadlıq və yaşıllaşdırma işləri görülüb, müasir işıqlandırma sistemi yaradılıb və uşaqlar üçün 5 ədəd söhbətgah quraşdırılıb.
Göründüyü kimi, Azərbaycanda bütün sahələrdə olduğu kimi, uşaqların sosial müdafiəsinin gücləndirilməsinə, onların sağlam və xoşbəxt böyümələrinə yüksək diqqət və qayğı göstərilir. Müasir körpələr evi-uşaq bağçalarının istifadəyə verilməsi bunun əyani təsdiqidir. Yeni uşaq tərbiyə müəssisələrinin inşasına, eləcə də mövcud olanların ən müasir tələblər səviyyəsində yenidən qurulmasına Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu xüsusi töhfələr verir. Fondun məktəbəqədər tərbiyə müəssisələrinin yenidən qurulması ilə bağlı həyata keçirdiyi layihələr bu baxımdan çox mühüm rol oynayır. Müasir standartlara uyğun qurulan bağçalarda azyaşlıların təlim-tərbiyəsi və onların sağlam vətəndaş kimi yetişmələri üçün hər cür şərait var. Uşaqların günün əsas hissəsini burada keçirmələri məktəbəqədər təhsil müəssisəsində təlim-tərbiyənin keyfiyyətinə, sağlam ab-havanın yaradılmasına xüsusi diqqət yetirilməsini tələb edir. Əlbətət ki, "Məktəbəqədər təhsil müəssisələrinin inkişafı" proqramı Azərbaycanın uğurlu gələcəyinə hesablanıb. Görülən işlər ölkəmizdə uşaqların sağlam və intellektli böyümələrini təmin edir.Heydər Əliyev Fondunun "Məktəbəqədər təhsil müəssisələrinin inkişafı" proqramı bir daha sübut edir ki, uşaqların təlim-tərbiyəsi Fondun fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir. Fondun təhsillə bağlı fəaliyyət dairəsində məktəbəqədər təhsil müəssisələrinin yenidən qurulmasına, bu sahədə ciddi keyfiyyət dəyişikliyinə nail olunmasına geniş yer ayrılıb. Həyata keçirilən bütün bu mühüm layihələr uşaqların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində Azərbaycanda aparılan siyasətin uğurlu və məntiqi nəticəsidir.
Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə