Regionların inkişafı Cənab Prezident İlham Əliyevin uğurlu fəaliyyəti ilə bağlıdır - MÜNASİBƏT BİLDİRİLDİ

Regionların inkişafı Cənab Prezident İlham Əliyevin uğurlu fəaliyyəti ilə bağlıdır - MÜNASİBƏT BİLDİRİLDİ

“Hər bir dövlətin uzunmüddətli inkişaf perspektivi onun sağlam və etibarlı təməl üzərində qurulmasından asılıdır. Bu gün ölkəmizin regionda əsas iqtisadi güc mərkəzinə çevrilməsi müasir Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyevin fəaliyyəti, xüsusilə də onun dövlət quruculuğu və iqtisadi islahatların həyata keçirilməsi sahəsində atdığı strateji addımların nəticəsində mümkün olmuşdur”. Bu sözləri SİA-ya açıqlamasında YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib.

Onun sözlərinə görə, Azərbaycanda müstəqil dövlətçiliyin qorunması ənənəsinin yaradılması Ulu Öndər Heydər Əliyevin, dövlətimizin modernləşməsi və daha da güclənməsi, milli iqtisadiyyatımızın sürətli inkişafı ümummilli liderimizin layiqli siyasi davamçısı Prezident İlham Əliyevin adı ilə bağlıdır: “Ümumiyyətlə, məqsəd və vəzifələri, orta və uzunmüddətli dövr üçün inkişaf istiqamətlərini dəqiq müəyyənləşdirmədən, müxtəlif sahələr üzrə fəaliyyət proqramlarını hazırlamadan ölkənin sosial-iqtisadi həyatında əsaslı dönüşə nail olmaq mümkün deyil. Ötən 19 il ərzində Cənab Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin qurduğu təməl üzərində Azərbaycanın bir dövlət kimi dayaqlarını möhkəmləndirdi. Dövlət başçısının məqsədyönlü, konkret hədəflərə istiqamətlənmiş fəaliyyəti ölkənin siyasi və sosial-iqtisadi həyatı ilə bağlı problemlərin həllinə sistemli və kompleks yanaşmanı təmin etmiş, qarşıya qoyulan vəzifələri yerinə yetirmək üçün ən səmərəli üsul və vasitələrin seçilməsinə imkan vermişdir.
​Son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə iqtisadi quruculuq prosesi geniş vüsət alıb. Azərbaycan regionun ən perspektivli ölkəsinə çevrilib. Hər bir Azərbaycan vətəndaşı ölkəmizin iqtisadi gücü və qüdrətinin ilbəil artmasının şahidi oldu, iqtisadi inkişafın nəticələrini özünün həyat səviyyəsinin yüksəlməsində hiss etdi. Heç şübhəsiz bu proses öz əksini çərçivəsində Cənab Prezident İlham Əliyevin fərmanı əsasında hazırlanmış “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”da tapır.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uzunmüddətli iqtisadi inkişaf strategiyası ölkənin regionlarının davamlı və tarazlı inkişafının təmin olunmasını, o cümlədən yerlərdə dayanıqlı inkişaf prinsiplərinə əsaslanan rəqabətqabiliyyətli iqtisadiyyat, yüksək standartlara cavab verən sosial rifah, təbii resursların səmərəli istifadəsini və ətraf mühitin etibarlı mühafizəsini təmin edən ekoloji təhlükəsizlik sisteminin formalaşdırılmasına imkan verən əlverişli mühit yaratmaq məqsədini daşıyır. Bu strategiyanın həyata keçirilməsində, o cümlədən ölkənin regionlarının sosial-iqtisadi inkişafının yeni keyfiyyət mərhələsinə yüksəlməsində regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramları (2004-2008, 2009-2013 və 2014—2018-ci illər üzrə) böyük əhəmiyyət kəsb edir. 2004-cü ildən uğurla icra olunan bu proqramlar regionlarda şəhər, qəsəbə və kəndlərin simasını köklü şəkildə dəyişmiş, regionların potensialının artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin, biznes və investisiya mühitinin yaxşılaşmasına və əhalinin rifahının yüksəlməsinə geniş imkanlar açmışdır. Hazırda bu imkanlardan çıxış edərək ölkənin sosial-iqtisadi həyatında, xüsusilə regionlarda, o cümlədən kənd yerlərində iqtisadi inkişafın sürətləndirilməsi, əhalinin layiqli məşğulluğu və sosial rifah halının daha da yüksəldilməsi və ekoloji təhlükəsizliyin gücləndirilməsi istiqamətlərində işlərin yeni keyfiyyət mərhələsinə keçməsi inkişaf gündəliyində ön plana çıxmışdır. Bu məsələlərin uğurlu həlli ölkənin regionlarında mövcud olan potensialdan daha səmərəli istifadə etməklə bölgələrdə, o cümlədən kənd yerlərində sosial-iqtisadi inkişafın sürətləndirilməsi və bu inkişafın davamlılığının möhkəmləndirilməsini zəruri edir. Bu isə öz növbəsində ölkənin regionlarının sosial-iqtisadi inkişafı ilə əlaqədar siyasət tədbirlərinin, o cümlədən kompleks proqramlar hazırlanıb icra olunmasının davam etdirilməsini nəzərdə tutur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bölgələrə mütəmadi səfərləri Dövlət Proqramlarının icrasını sürətləndirməklə, regionların tarazlı inkişafının təmin edilməsi, yeni iş yerlərinin yaradılması və əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi sahəsində görülən işlərə təkan vermişdir. Proqramların icra olunduğu dövr ərzində dövlət başçısı bir çox infrastruktur obyektlərinin açılış və təməlqoyma mərasimlərində iştirak etmiş, istehsal təyinatlı müəssisələrin fəaliyyəti ilə tanış olmuş, yerlərdə ictimaiyyətin nümayəndələri ilə, o cümlədən sahibkarlarla görüşlər keçirmiş, qaldırılan məsələlərlə yaxından maraqlanmış, eyni zamanda müxtəlif rayon və şəhərlərin sosial-iqtisadi inkişafının sürətləndirilməsi istiqamətində sərəncamlar imzalamışdır.
Cari ilin dekabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın Şəki və Oğuz rayonlarına səfərləri də rayonlarda gedən kompleks işlərlə yaxından tanış olmaqdır. Beləki, səfər çərçivəsində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz-Şəki hissəsinin yenidənqurmadan sonra açılışda iştirak, Şəkinin Orta Zəyzid kəndində “Green Factory” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) quru meyvə istehsalı müəssisəsində və Şəki Şəhər İcra Hakimiyyətinin yeni inzibati binasında yaradılan şəraitlə yaradılan şəraitlə tanış olmaq, Heydər Əliyev Fondu tərəfindən Şəki Xan məscidi kompleksində aparılmış bərpa işləri ilə tanışlıq, Şəki şəhərindəki “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu ərazisində aparılan təmir-bərpa işləri ilə tanışlıq ölkə rəhbərliyinin regionlarda gedən müsbət dinamikalı inkişafa xüsusi diqqət və qayğısının təcəssümüdür.
Bundan əlavə səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Oğuz rayonuna da səfər edib. Səfər çərçivəsində Daşağıl çayı üzərində “Oğuz-1”, “Oğuz-2”, “Oğuz-3” kiçik su elektrik stansiyaları silsiləsinin, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Oğuz şəhərində inşa edilmiş 100 yerlik körpələr evi-uşaq bağçasının açılışında iştirak etmələri, Aqroinkişaf 2017” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) “Şəki-Oğuz” Aqroparkında yaradılan şəraitlə tanışlıq və “Şəki-Oğuz” Aqroparkının qoz məhsulunun qərzəkdən təmizlənməsi, yuyulması və qurudulması zavodunun təməl qoyulması da öz növbəsində regionların inkişafının tam surətlə getməsini və Cənab Prezident ilham Əliyevin uğurlu fəaliyyətini bir daha sübut edir.
Beləliklə, Cənab Prezident İlham Əliyevin regionların davamlı və tarazlı inkişafının təmin olunması, o cümlədən yerlərdə dayanıqlı inkişaf prinsiplərinə əsaslanan rəqabət qabiliyyətli iqtisadiyyat, yüksək standartlara cavab verən sosial rifah, təbii resursların səmərəli istifadəsi və ətraf mühitin etibarlı mühafizəsini təmin edən ekoloji təhlükəsizlik sisteminin formalaşdırılmasına imkan verən əlverişli mühit yaradılması istiqamətindəki uğurlu fəaliyyəti Azərbaycanın hər sahədə günü-gündən daha da inkişafına təkan verir. Qüruruverici haldır ki, bütün bu proseslər xalqımız tərəfindən fəxrlə təqdir edilir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə