İsrail-Azərbaycan münasibətləri - strateji tərəfdaşlıq TƏHLİL

Müasir dünyamızda dövlətlər arasında münasibətlərin yaranması, əməkdaşlığın möhkəmlənməsi, dünya birliyinin inkişafı sahəsində məqsədlərə birgə nail olması əsas məsələlərdən biri olaraq diqqətdədir. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkəmizlə dünya dövlətləri arasında münasibətlər daha da sıxlaşır, iqtisadi, mədəni, siyasi münasibətlər müstəvisində uğurlar əldə olunur. Dünyanın bir çox ölkələri ilə yanaşı, Azərbaycanla İsrail arasında əlaqələr də yüksələn bir xətlə inkişafdadır. İki ölkə arasında münasibətlərin inkişafına dövlət başçılarının görüşləri təkan verib. Azərbaycan Cənubi Qafqazda İsrailin strateji tərəfdaşıdır. İsrail Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub. Ölkələrimiz arasında sıx, etibarlı və hər iki tərəf üçün faydalı əməkdaşlıq mövcuddur. İsrail-Azərbaycan münasibətləri strateji xarakter daşıyır, dövlətlərarası, siyasi və hərbi-texniki tərəfdaşlıq isə ən yüksək səviyyədədir. Xalqlarımız ümumi tarixlə, dini əlaqələrlə, mədəniyyət və musiqi ilə, tolerantlıqla və qonaqpərvərliyə sevgi ilə bir-birinə bağlıdırlar. İsrail Azərbaycanla kənd təsərrüfatı, innovasiyalar, kiber-texnologiyalar, "ağıllı" şəhərlər sahəsində daim güclənən əməkdaşlığımını davam etdirmək niyyətindədir.

"YƏHUDİLƏR AZƏRBAYCANLILARLA BİRLİKDƏ AZƏRBAYCANDA ƏSRLƏR BOYU DOSTLUQ, MEHRİBANLIQ ŞƏRAİTİNDƏ YAŞAYIBLAR"

Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizin İsrail Dövlətində (Təl-Əviv şəhərində) səfirliyinin təsis edilməsi ilə bağlı Sərəncam imzalayıb. Prezident İlham Əliyevin digər Sərəncamı ilə səfirliyin fəaliyyətinin təmin edilməsi ilə bağlı görüləcək tədbirlər müəyyənləşib. Sərəncama əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycanın İsraildə (Təl-Əviv şəhərində) səfirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini və Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.
Vurğulamaq yerinə düşər ki, 1993-cü ilin avqustundan İsrailin Azərbaycanda səfirliyi fəaliyyət göstərir. Mövcud əlaqələrin inkişafında təbii ki, Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri var. Azərbaycanın sülhsevər və çoxmillətli ölkə olduğunu çıxışların birində qeyd edən Ulu Öndər Heydər Əliyev yəhudilərin əsrlər boyu burda azərbaycanlılarla dost və mehribancasına yaşadığını bildirib: "Yəhudilər azərbaycanlılarla birlikdə Azərbaycanda əsrlər boyu dostluq, mehribanlıq şəraitində yaşayıblar. …yəhudilər Azərbaycanın tam bərabər hüquqlara malik vətəndaşlarıdır və Azərbaycan onlar üçün doğma vətəndir. Bunların hamısı bizim əməkdaşlığımız üçün yaxşı imkan yaradır".
Ölkələrimiz arasında əlaqələrin inkişafında və möhkəmlənməsində siyasi və iqtisadi maraqlar mühüm rol oynayır. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi xarici siyasət nəticəsində Azərbaycan ilə İsrail arasında enerji, müdafiə, milli təhlükəsizlik, səhiyyə, kənd təsərrüfatı, informasiya texnologiyaları, turizm və s. sahədə sıx əməkdaşlıq var. Azərbaycanda çoxsayda İsrail şirkətləri fəaliyyət göstərir. Təbii ki, bu əlaqələr - iki ölkə arasındakı münasibətlər qarşılıqlı hörmətə və razılığa əsaslanır.

AZƏRBAYCANDA ANTİSEMİTİZM YOXDUR VƏ YƏHUDİLƏRƏ DOST MÜNASİBƏTİ GÖSTƏRİLİR

İsrail və Azərbaycan arasında hərbi-texniki əməkdaşlıq daim inkişaf edir və möhkəmlənir. Stokholm Beynəlxalq Sülh Tədqiqatları İnstitutunun məlumatına görə, 2017-ci ildə Azərbaycan İsraildən daha çox silah alan üçüncü ölkə olub (137 milyon dollar dəyərində). İsrail-Azərbaycan münasibətləri təkcə təhlükəsizlik sahəsində tərəfdaşlıqdan ibarət deyil. Azərbaycanlılarla bu ölkədə yaşayan yəhudi icması arasında qədim dostluq və qardaşlıq əlaqələri mövcuddur. Müxtəlif ölkələrdən olan yəhudi mənşəli qonaqlar, həmçinin İsraildən Azərbaycana gələn müsafirlər və diplomatlar qeyd edirlər ki, bu diyarda antisemitizm yoxdur və yəhudilərə dost münasibəti göstərilir. 2600 ildən çoxdur ölkədə yaşayan Azərbaycanın Yəhudi icması heç bir zülmə, qırğına və ya yerli əhali tərəfindən digər nifrət təzahürlərinə məruz qalmayıb. Azərbaycanla İsrail arasındakı münasibətlərdə ən vacib aspektlərdən biri təbii ki, ölkəmizdə yaşayan yəhudi icmasıdır. Azərbaycan Prezidenti İlham Əliyev iki ölkə arasında qarşılıqlı münasibətlərin inkişafında yəhudi icmasının rolunu dəfələrlə qeyd edib. Azərbaycan dövlətinin başçısının vurğuladığı kimi, Azərbaycan və yəhudi xalqları əsrlər boyu sülh və qarşılıqlı anlaşma şəraitində yaşayıb, ölkələrimiz arasında bu dostluq və qardaşlıq münasibətləri bu gün də davam edir. Azərbaycanın yəhudi icması ikitərəfli münasibətlərimizin möhkəmlənməsinə fəal kömək edir. Azərbaycan 2 min ildir yəhudi icması üçün təhlükəsiz sığınacaq və vətəndir. Yəhudi icması antisemitizmin olmadığı bu ölkədə o vaxtdan yaşayıb və yaşayır. Hazırda Azərbaycanda 7 sinaqoq, 2 yəhudi ibtidai məktəbi, 3 bağça və 1 "Yeşiva" fəaliyyət göstərir.
Azərbaycanın əsl qürur yeri olan Qırmızı Qəsəbə bütün dünyada İsraildən sonra dağ yəhudilərinin yığcam şəkildə yaşadığı yeganə unikal məkandır. Azərbaycanda yaşayan yəhudilərin Şabat bayramının Qırmızı Qəsəbədə keçirməsi həqiqətən də buranın onlara doğma diyar olmasından xəbər verir. Burada ayrı-seçkilik kimi hallardan əsər-əlamət yoxdur. Onlar burada sülh şəraitində xoşbəxt yaşayırlar. Odlar diyarında yəhudilər və müsəlmanlar əsrlər boyu dinc yanaşı və harmonik həyat sürürlər. Azərbaycan özünün tolerantlıq nümunəsi ilə dünyada mövcud olan bütün stereotipləri məhv edir. Azərbaycan nümunəsi göstərir ki, əsas dinlərin - iudaizm, xristianlıq və islam dinlərinin nümayəndələrinin qarşılıqlı hörmət əsasında harmonik inkişaf etmələri üçün bu cür dinc yanaşı yaşamaq mümkündür.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə