"Rusiya dövləti dərhal bu məsələlərə reaksiya verməlidir" - SİYASİ EKSPERT ŞƏRH ETDİ

"Rusiya sülhməramlı kontingentinin rəsmi məlumatlarında Azərbaycanın yaşayış məntəqələrinin uydurma erməni adları ilə təqdim edilməsi böyük təəssüf doğurur". Bu fikirləri SİA-ya açıqlamasında Trend BİA-nın Baş direktor müavini, siyasi ekspert Sahil Kərimli bildirib.

Onun sözlərinə görə, Rusiya Azərbaycanın müttəfiqi kimi ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə hörmətlə yanaşmalıdr: "Xüsusilə də, Rusiya tərəfinə məlumdur ki, artıq Azərbaycanda Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur. Qarabağ və Şərqi Zəngəzur İqtisadi rayonları var.
Azərbaycan MN son günlər bir neçə dəfə buna etiraz bildirsə də, Rusiyanın Qarabağda müvəqqəti yerləşən sülhməramlı kontingenti bu açıqlamara etinasız yanaşır. Təəssüf ki, Rusiyanın aidiyyəti dövlət qurumları – Müdafiə və Xarici İşlər Nazirlikləri Azərbaycan tərəfinin iradlarına reaksiya vermir. Şühbəsiz ki, bütün bunlar Azərbaycan dövlətinin maraqlarına zidd olan məsələdir. Eyni zamanda Rusiyanın bu mövqeyi Azərbaycan ictimaiyyəti tərəfindən də hiddətlə qarşılanır. Rusiya Azərbaycanla müttəfiqlik bəyannaməsinə imza atarkən üzərinə öhdəliklər götürüb. Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütüvlüyünə hörmətlə yanaşılmalı, dövlət maraqları qarşılıqlı şəkildə qorunmalıdır. Qarabağda fəaliyyət göstərən qanunsuz erməni silahlı dəstələrinə durmadan silah-sursat daşınmasına şərait yaratmaq, terrorçu qruplara yardım etmək, ən yaxşı halda isə bu prosesə göz yummaq sülhməramlıların təyinatına zidd hərəkətlərdir. Hesab edirəm ki, Rusiya dövləti dərhal bu məsələlərə reaksiya verməli, proses ciddi nəzarətə götürülməlidir. Əks halda Azərbaycan dövləti öz suveren hüquqlarından istifadə edə, ciddi və sərt tədbirlər görmək məcburiyyətində qala bilər. Hazırda bölgədə yeni müharibənin başlaması, sabitliyin və sülhün qorunması üçün Rusiya tərəfinin üzərinə bu baxımdan böyük məsuliyyət düşür.

Azərbaycan dövləti təhlükəsizlik tədbirlərini gücləndirmək üçün Laçın yolunda öz postunu yaratmalıdır və bu post vasitəsilə Qarabağa Ermənistandan gələn yüklərə ciddi nəzarət olmalıdır. Çünki bu silah-sursatın daşınmasının qarşısını almaq lazımdır. Azərbaycan öz ərazilərinə nəzarət etmək üçün post qurmalıdır".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə