“Fransanın qəbul etdiyi qətnamə yalan və iftiralardan ibarətdir” - AÇIQLAMA

“Fransanın Milli Assambleyası gözlənildiyi kimi “Ermənistana dəstək haqqında” adlanan Azərbaycan əleyhinə növbəti qətnaməni qəbul etdi. Təəssüf ki, yuxarı palatanın bir qədər əvvəl qəbul etdiyi tələbləri təkrarlayan aşağı palatada bir nəfər də olsun ağıllı və ədalət hissini itirməmiş deputat tapılmadı və qətnamə yekdilliklə qəbul edildi. Bu ədalətsiz qətnamənin əvvəlcə Senatda, sonra isə Milli Assambleyada müzakirəsinə imkan verən “sülhsevər” Fransa hökuməti özünün riyakar mahiyyətini bir daha ortaya qoydu”. Bunu “Səs” qəzetinə açıqlamasında ANAP-ın sədri Abutalıb Səmədov bildirib.

Onun sözlərinə görə, qətnamədə “Ermənistanın hərbi potensialının artırılması”, "Azərbaycan və onun tərəfdaşlarının Ermənistanın suverenliyi və ərazi bütövlüyünə hörmət etməsini, həmçinin bütün erməni hərbi əsirlərin qeyd-şərtsiz qaytarılmasını”, “erməni dini və mədəni mirasının mühafizəsi üçün tədbir görülməsini", “Azərbaycan dövlətinə qarşı sanksiyalarla yanaşı həm də ayrı-ayrı şəxslərə fərdi sanksiyaların tətbiq olunmasını” tələb etməklə yanaşı deputatlar Fransa hökumətindən vasitəçilik “səylərini” bundan sonra da davam etdirməyi təklif ediblər: “Son dövrlər artıq adət etdiyimiz kimi yalan və iftiralarla dolu olan bu qətnamənin Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesinə, habelə bölgədə sülh və əmin-amanlığın bərqərar olması səylərinə xələl gətirilməsi məqsədi daşıdığı heç kimdə şübhə doğurmur. Gözlənildiyi kimi, Fransa hökuməti növbəti dəfə riyakarlıq nümayiş etdirdi və tələsik qətnamənin onun mövqeyini ifadə etmədiyini bəyan etdi. Bununla belə çox böyük təəssüf hissilə qeyd etmək lazımdır ki, Fransanın son addımları Brüsseldə kiçik də olsa müəyyən uğurlarla davam edən sülh danışıqlarına ciddi zərbə vurdu və “tərəfsiz vasitəçi”liyə iddia edən bu dövlət ilin sonuna qədər imzalanması gözlənilən “sülh sazişi”nin qarşısını almaq, danışıqlar prosesini pozmaq üçün əlindən gələni etdi”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə