YAP-ın gələcəkdə Zəfərlərimizdə də mühüm rolu, imzası olacaq ŞƏRH

YAP-ın gələcəkdə Zəfərlərimizdə də mühüm rolu, imzası olacaq ŞƏRH

21 noyabr 2020-ci ildə nəinki Azərbaycanın, Cənubi Qafqaz regionunun ən güclü siyasi təşkilatına çevrilən Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 ili tamam oldu. Yeni Azərbaycan Partiyası 30 il ərzində olduqca mürəkkəb, çətin, eyni zamanda, şərəfli, uğurlu yol qət etmişdir. Məlum olduğu kimi, noyabrın 21-də Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə tədbir keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tədbirdə çıxış etmişdir. Yeni Azərbaycan Partiyasının yaranmasının 30-cu ildönümünü qeyd edirik deyən Partiyamızın sədri ,bu münasibətlə Yeni Azərbaycan Partiyasının bütün üzvlərini ürəkdən təbrik etmişdir. Partiyamızın yaranma tarixindən bəhs edərkən bildirdi ki, müstəqilliyin ilk illərində ölkənin və xalqın çətin günlər yaşadığı bir vaxtda Yeni Azərbaycan Partiyasının yaradılması tarixi hadisə idi. Azərbaycan xalqının xilaskarı Ulu Öndər Heydər Əliyev Azərbaycanı qısa zaman ərzində o dövrdə yaranan bütün problemlərdən xilas etmiş və ölkədə sabitliyi təmin etmişdir. Ümummilli liderimiz Heydər Əliyev həyata keçirdiyi düşünülmüş siyasəti ilə müstəqil Azərbaycanı davamlı inkişaf edən ölkəyə çevirmişdir.Partiyamızın sədri cənab İlham Əliyev çıxışında qeyd etdi: "Biz Ulu Öndərin rəhbərliyi ilə çox ciddi iqtisadi islahatlara start verdik. Bizim xarici siyasətimizlə milli maraqlar üzərində apardığımız işlər məhz o illərdə xalqa təqdim edilmiş və xalq tərəfindən dəstəklənmişdir. Bir çox başqa sahələrdə, o cümlədən ordu quruculuğu sahəsində atılan addımlar bir neçə ildən sonra imkan verdi ki, biz doğrudan da güclü və nizami ordu yaradaq. Bu gün bütün Azərbaycan xalqı Ordumuzla fəxr edir. Yəni, bu tarixi addımlar ölkəmizin uzunmüddətli strateji inkişaf modelini özündə ehtiva edirdi. Əlbəttə ki, bütün planlarımızı həyata keçirmək üçün bizim güclü maliyyə imkanlarımız olmalı idi. Yaxşı başa düşürdük ki, xarici sərmayələr gəlmədən buna nail olmaq mümkün deyil. Xarici sərmayələrin ölkəyə qoyulması üçün də ilk növbədə sabitlik olmalı idi və bu sabitlik yaradıldı”. Bu gün isə Azərbaycan prezident cənab İlham Əliyevin sayəsində heç zaman olmadığı qədər güclü və qüdrətlidir. Ölkəmizin beynəlxalq aləmdəki nüfuzu durmadan yüksəlməkdədir. Ölkə başçısı cənab İlham Əliyev öz çıxışında onu da bildirdi ki, Azərbaycanın beynəlxalq mövqeləri böyük dərəcədə möhkəmlənib. Ölkəmiz yüksək nüfuza malik beynəlxalq təşkilatlarda uğurla təmsil olunur. Şübhəsiz ki, partiyamızın sədrinin də çıxışında söylədiyi kimi, Yeni Azərbaycan Partiyasının yubileyini qeyd edərkən hər birimiz Ulu Öndərin xatirəsinə ehtiramımızı ifadə edirik. Ulu Öndərin həyatı, fəaliyyəti bir həqiqətən də fədakarlıq nümunəsi idi. İllər keçdikcə və dünya dəyişdikcə hər birimiz çox gözəl bilirik ki, əgər o vaxt Azərbaycan xalqı Heydər Əliyevə müraciət edib onu hakimiyyətə dəvət etməsəydi, ölkəmiz daha böyük fəlakətlə üzləşə bilərdi. Heç kimə sirr deyildi ki, Ulu öndərimiz Heydər Əliyev xalqın istəyi, arzusu ilə hakimiyyətə gəlməsilə ölkəmizin üzərindəki qara buludlar dağılmağa başladı, xalqımız işıqlı günə çıxdı. Tarixi Zəfərimizdən bəhs edən Müzəffər Ali Baş Komandan bildirdi ki, Xalqımız Ordumuzla tam birləşdi. Ona görə də bu, ümumxalq Qələbəsidir. Çünki xalq-iqtidar bir yumruq kimi birləşdi və cəmi 44 gün ərzində biz istədiyimizə nail olduq, tarixi ədaləti bərpa etdik, düşməni torpaqlarımızdan qovduq. 8 noyabr 2020-ci il hamımızın yaddaşında əbədi qalacaq. Ulu öndərimiz, Partiyamızın yaradıcısı Heydər Əliyevin qeyd etdiyi kimi, həqiqətən də Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin Partiyasıdır. Reallıq odur ki, müasir müstəqil Azərbaycan dövlətinin bütün uğurlarında Partiyamızın imzası var. Əminliklə deyə bilərik ki, Prezidentimiz, partiyamızın sədri cənab İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının Azərbaycanın gələcəkdəki Zəfərlərində də mühüm rolu, imzası olacaqdır.

Çingiz İbrahimov

YAP Göyçay rayon təşkilatının əməkdaşı

Bütün xəbərlər Facebook səhifəmizdə