2022-Cİ İL “ŞUŞA İLİ” - BÖYÜK QAYIDIŞIN TƏNTƏNƏSİ TƏHLİL

Ali Baş Komandan, Prezident İlham Əliyevin 2022-ci ili “Şuşa İli” elan etməsi uğurla başa çatmaqdadır. 11 ay öncə Prezident İlham Əliyev 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində 2022-ci ili “Şuşa İli” elan etdi. 5 yanvar 2022-ci ildə isə Prezidentin 2022-ci ilin “Şuşa İli” elan olunması haqqında Sərəncamı ilə bu qərar hüquqi qüvvəyə mindi.Dövlət başçısı xalqa müraciətində bildirdi: “Biz 2022-ci ildə Şuşa şəhərinin 270 illiyini qeyd edəcəyik. Pənahəli xan 1752-ci ildə Şuşanın təməlini qoyub və biz yeni ildə bu yubileyi böyük təntənə ilə qeyd edəcəyik. Bu şanlı tarixi nəzərə alaraq və Şuşanın bərpasının sürətləndirmək məqsədilə mən yeni ili “Şuşa İli” elan edirəm”. Bu qərar dünyanın hansı nöqtəsində yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının qəlbini fərəh, böyük qürur və iftixar hissi ilə doldurdu. Prezidentin 7 may 2021-ci il tarixli sərəncamı ilə zəngin və şanlı tarixi keçmişə malik Şuşa şəhəri mədəniyyət paytaxtı elan edildi. Bunun ardınca, 2022-ci ilin Şuşa İli elan edilməsi həm tarixi, həm də mədəni baxımdan mühüm əhəmiyyət kəsb edən qədim şəhərimizə verilən ən böyük dəyərin göstəricisidir. Bəli, qələbədən sonra dövlət başçısının məhz zəfər və quruculuq ili olan 2021-ci il, ardınca 2022-ci ilin «Şuşa İli» elan edilməsi haqqında Sərəncamları bir daha dövlət başçısının xalqa bəxş etdiyi Qarabağ Azərbaycan olmaqla, həm də hər bir azərbaycanlını qürurlandırır. Bu Sərəncam, əslində, Azərbaycanın tarixən mədəniyyət paytaxtı olan Şuşanın beynəlxalq aləmdə tanıdılması baxımından çox önəmlidir. Şuşa işğaldan azad olunandan sonra artıq düşmən dərk etdi ki, bundan sonra Azərbaycana qarşı müqavimət göstərmək heç bir əhəmiyyət kəsb etməyəcək. Şuşa işğaldan azad olunandan bir gün sonra qəhrəman Azərbaycan Ordusu daha 70-dən çox yaşayış məntəqəsini işğalçılardan azad edib və əslində, bu, düşmənə vurulan son zərbə idi. Təsadüfi deyil ki, noyabrın 10-da düşmən faktiki olaraq kapitulyasiya aktını imzaladı.Azərbaycan Prezidenti bildirmişdir ki, Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü göstərdi: «Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü göstərdi, ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi. Şuşanın götürülməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi. Əminəm ki, bu əməliyyat dünya hərb tarixində xüsusi yer tutacaqdır. Çünki bu əməliyyatı yalnız yüngül silahlarla silahlanmış bizim qəhrəman hərbçilərimiz dağlardan, meşələrdən, cığırlardan keçərək icra ediblər. Şuşanın işğaldan azad edilməsi bizim şanlı Qələbəmizdir”.

QAYIDIŞ ŞUŞADAN - ƏN YÜKSƏKLİKDƏN BAŞLAMALIDIR

Sözsüz ki, Qayıdış Şuşadan-ən yüksəklikdən başlamalıdır, çünki hazır olan, vacib, əsas olan Şuşadır! Elə buna görə də Şuşa zəfərindən dərhal sonra şəhərdə infrastrukturun qurulması ilə yanaşı, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılmış, quruculuq işlərinin təşkilində çevikliyin, səmərəliliyin təmin olunması üçün burada dövlət idarəetməsinə böyük diqqət yetirilməkdədir. Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada bu gün şəhərin əsl tarixi simasının bərpası yönündə nəhəng layihələr gerçəkləşdirilir. Qısa müddətdə Şuşanın Baş planının hazırlanması, qüdrətli şair Molla Pənah Vaqifin büstünün və muzey-məqbərə kompleksinin öz ilkin görkəminə qaytarılması, Bülbülün ev-muzeyinin və Üzeyir Hacıbəylinin heykəlinin açılışları, habelə buradakı tarixi, dini və memarlıq abidələrinin bərpası prosesi ölkəmizin mədəniyyət paytaxtındakı kompleks işlərin tərkib hissəsidir. Cıdır düzündə “Xarıbülbül” musiqi festivalının və Vaqifin möhtəşəm məqbərəsi önündə Vaqif Poeziya Günlərinin təşkili ənənəsinin bərpası da göstərir ki, Şuşa sürətlə dirçələrək əvvəlki dolğun mədəni həyatına qovuşmaq yolundadır.

DÜŞMƏNİN 28 İLLİK İŞĞAL DÖVRÜNDƏ BURADA QURA BİLMƏDİKLƏRİNİ AZƏRBAYCAN DÖVLƏTİ «ŞUŞA İLİ»NİN 11 AYINDA HƏYATA KEÇİRDİ VƏ BU PROSES BU GÜN DƏ DAVAM EDİR

Azərbaycanın milli və dövlətçilik maraqlarını daim üstün tutan Prezident, Ali Baş Komandan İlham Əliyev 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin azad olunması münasibətilə xalqa müraciətində deyib: “İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, Zəfərimizin günüdür!” Bəli, bu gün bütün bərpa işləri planlı şəkildə və yüksək səviyyədə görülür. Düşmənin 28 illik işğal dövründə burada qura bilmədiklərini Azərbaycan dövləti «Şuşa İli»nin 11 ayında həyata keçirdi və bu proses indi də davam edir.2021-ci ilin yanvarın 14- də isə Ali Baş Komandan İlham Əliyevin azad edilmiş Şuşaya ilk səfəri reallaşdı ki, bununla da azad Şuşanın dirçəliş dövrü başladı. O Şuşanın ki, hər zaman tariximizin, mədəniyyətimizin, ruhumuzun incisi hesab edilib, qəhrəmanlıq salnamələrimizin hünər, cəng meydanı olub. Prezident İlham Əliyev 2021-ci ilin yanvarın 14-də Şuşaya Zəfər yolu ilə səfər edərək illərdir didərgin həyatı yaşayan Natəvanın, Üzeyir bəyin, Bülbülün güllələnmiş büstlərini də öz doğma yerlərinə qovuşdurdu, onların da ruhları şad oldu. Dahi şəxsiyyətlərimizin büstlərinin Şuşaya - öz əzəli vətənlərinə qaytarılması Qələbəmizin daha bir sarsılmaz rəmzinə çevrildi. İki aydan sonra, yəni, martın 16-da dövlət başçısı yenidən Şuşaya gedərək Vaqifin məqbərəsində tezliklə yenidənqurma işlərinin, məscidlərin bərpasının başlayacağının, otuz il ərzində ermənilərin qurutduğu bütün bulaqlarımızın bərpa ediləcəyinin və digər möhtəşəm planların xoş xəbərini verdi. Daha sonra Ali Baş Komandan mayın 12-də ölkəmizin tarixində əlamətdar günlərdən olan və uzun fasilədən sonra Şuşada, Cıdır düzündə keçirilən «Xarıbülbül» festivalından dünyaya mesajlar verərək qürurla qeyd etdi ki, biz bu gözəl ənənəni bərpa etdik və bundan sonra «Xarıbülbül» musiqi festivalı Şuşada hər il keçiriləcək : “Bu tövsiyəni festivalın təşkilatçısı olan Heydər Əliyev Fonduna mən vermişdim, çünki Vətən müharibəsində Azərbaycanda yaşayan bütün xalqların böyük payı vardır. Vətən müharibəsi bir daha onu göstərdi ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır və bu 44 günlük müharibə bir daha onu göstərdi ki, ölkəmizdə milli birlik, milli həmrəylik vardır”.Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan edən Prezident İlham Əliyev «Xarıbülbül» festivalındakı çıxışında onu da bildirmişdi ki, gələn il Şuşanın 270 illiyi qeyd ediləcək. Pənahəli xan 1752-ci ildə Şuşanın təməlini qoyub və o vaxtdan işğal dövrünə qədər bu şəhərdə həmişə azərbaycanlılar yaşayıblar: «Ermənilər nə qədər çalışsalar da, Şuşadan Azərbaycan ruhunu silə bilmədilər. Bəli, mənfur düşmən tərəfindən binalar dağıdıldı, məscidlərimiz dağıdıldı, tarixi abidələrimiz dağıdıldı. Ancaq Şuşa Azərbaycan ruhunu qoruya bildi”.Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Şuşaya möhtəşəm və unudulmaz səfərlərindən biri də avqustun 29-da oldu. Dövlətimizin rəhbəri “Qarabağ” hotelinin, dahi Azərbaycan şairi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin bərpadan sonra açılışında, Molla Pənah Vaqifin büstünün açılışında, Bülbülün ev-muzeyinin bərpadan sonra açılışında, dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin heykəlinin açılışında iştirak etdi. Avqustun 30- da isə bərpa edilən Vaqifin möhtəşəm məqbərəsinin önündə Vaqif Poeziya Günlərinə start verildi. Poeziya Günlərinin açılışında iştirak edən Prezident İlham Əliyev bildirdi ki, şəhərdə artıq çox böyük işlər görülüb və Şuşaya ikinci-üçüncü dəfə gələnlər bunu görürlər. Ölkəmizin başçısı müharibədən sonra ilk dəfə Şuşaya yanvarın 14-də gəlməsinin də təsadüfi olmadığını qeyd edib. Belə ki, 39 il əvvəl burada Ulu Öndərin iştirakı ilə Vaqifin məqbərəsi açılmışdı və məhz yanvarın 14-də mənim buraya gəlməyimin çox böyük rəmzi mənası var idi: «Buraya ilk səfərimdə ilk göstərişlərdən biri də o oldu ki, Vaqifin məqbərəsi bərpa edilsin, çünki vandallar bu məqbərəni dağıtmışdılar, sökmüşdülər”.Dövlət başçısı bir daha vurğuladı ki, Şuşanın bərpası ilə bağlı qısa müddət ərzində böyük işlər görülüb. İlk növbədə, Zəfər yolu çəkilib. Magistral yol da çəkilir, Şuşanın elektrik təsərrüfatı bərpa edilib, yarımstansiya tikilib. Şuşaya suyun verilməsi bərpa edilib və indi iki mənbədən Şuşaya su gəlir. Şuşanın tarixi abidələrinin bərpasına start verilib. Vaqifin məqbərəsi artıq bərpa edilib. Ermənilər tərəfindən dağıdılan Vaqifin büstü bərpa edilib və ikinci açılışı həyata keçirilib. Üç məsciddə təmir-bərpa işləri gedir, Yuxarı Gövhər ağa məscidinin təmiri bitmək üzrədir. Saatlı və Aşağı Gövhər ağa məscidlərinin təmiri ilə bağlı göstərişlər verilib. Bu məscidlərin təmirini Heydər Əliyev Fondu öz üzərinə götürüb. Natəvan bulağı bərpa edilib...

QALİB LİDERİN QƏTİYYƏTİNİN VƏ UZAQGÖRƏNLİYİNİN, «ƏZİZ ŞUŞA, BİZ SƏNİ DİRÇƏLDƏCƏYİK!» SÖZÜ İLƏ ƏMƏLİNİN ÜST-ÜSTƏ DÜŞMƏSİNİN REALLIĞIDIR

Bəli, Müzəffər Ali Baş Komandan, Böyük Sərkərdə, Prezident İlham Əliyevin 19 illik gərgin əməyinin nəticəsində formalaşan güclü Ordumuz 30 il işğal altında qalan torpaqlarımızı 44 gün ərzində azad etdi, ölkəmiz öz ərazi bütövlüyünü təmin etdi, "Şuşasız Qarabağ, Qarabağsız Şuşa yoxdur" deyən Ulu Öndər Heydər Əliyevin arzusunu da bu gün Prezident İlham Əliyev "Şuşasız işimiz yarımçıq qalar" deyərək reallaşdırdı. Və İkinci Qarabağ savaşını “Dəmir yumruq”la qazanan Ali Baş Komandan İlham Əliyev “dəmir iradə” ilə işğaldan azad edilən şəhər və rayonları, qəsəbə və kəndləri bərpa edir, yenidən qurur və çox böyük layihələr reallaşdırır. Və bir sözlə, bu ilin Şuşa ünvanlı, Şuşa hədəfli olması ilə dövlət başçımız həm xalqımızın, həm də dünya ictimaiyyətinin diqqətini bir daha bu qədim Azərbaycan şəhərinə yönəltmişdir. Bununla Azərbaycan dövləti Qarabağın qədim Azərbaycan torpağı və Şuşanın da əsl Azəraycan şəhəri olduğunu bir daha dünyaya çatdırır. Bir sözlə, belə bir qısa vaxtda gerçəkləşdirilən və dünyada analoqu olmayan layihə Azərbaycan dövlətinin gücünü, onun malik olduğu potensialı və ən əsası Prezident İlham Əliyevin qətiyyətini bütün dünyaya göstərdi və bu gün Şuşa yenidən qurulur, özü də daha möhtəşəm, daha əzəmətli. Budur, «Şuşa İli»nin sevinci, qüruru. Bəli, düşmənin 28 illik işğal dövründə burada qura bilmədiklərini Azərbaycan dövləti «Şuşa İli»nin 11 ayında həyata keçirdi və bu proses bu gün də davam edir və ən əsası Prezident İlham Əliyevin qətiyyətini bütün dünyaya göstərdi və “Şuşa ili” Azərbaycanın tərcümeyi-halında hər zaman yaddaqalan olacaq.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə