Qanun layihəsi xalqın iradəsini ifadə edir – KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

“Azərbaycanın ictimai-siyasi həyatında baş verən köklü dəyişikliklər bütün sahələrdə olduğu kimi, 30 il bundan əvvəl qəbul olunmuş “Siyasi partiyalar haqqında” Qanunda dəyişikliklərin edilməsini də zərurətə çevirmişdir. Bu, həm ölkədə siyasi sistemin formalaşması, siyasi partiyaların mühüm problemlərin həllində fəal iştirak etməsi, öz mövqeyinə və gücünə arxalanması baxımından əhəmiyyətlidir. Çünki indiki bir vaxtda siyasi sistemin möhkəmləndirilməsi üçün güclü, xalqın mənafeyini düşünən, mövqeyini müdafiə edən siyasi təşkilatlara, partiyalara ehtiyac duyulur. Onlar dövlətin idarə olunmasında və hakimiyyətin formalaşmasında institutlardan sayılır.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədri qeyd edib ki, partiyaların milli mövqelərdən çıxış etməsi və dövlətin mənafeləri uğrunda birləşməsi xalqın istəyi olmaqla bərabər, həm də onların ümumxalq etimadı qazanılması üçün önəmlidir.

“Azərbaycan dövləti siyasi partiyaların milli maraqlar uğrunda həmrəyliyinə, demokratik prinsiplərə əməl edilməsinə və şəffaflığın təmin olunmasına böyük önəm verir. 44 günlük müharibə dövründə bu həmrəyliyin nümayiş etdirilməsi, siyasi partiyalarla dialoqların qurulması və YAP təsis edilməsinin 30 illik yubileyi münasibəti ilə keçirilən tədbirə bütün siyasi partiyaların dəvət olunması bunun əyani nümunəsidir.

Qeyd etmək lazımdır ki, siyasi partiyaların ümumxalq mənafeyi naminə eyni mövqedən çıxış etmək, çətin anda birləşmək və birgə mübarizə aparmaq amalı yeni qanun layihəsində öz əksini tapmışdır və yaxşı haldır ki, bu, hamılıqla müdafiə edilir. Qanun layihəsinin “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələblərinə uyğun hazırlanması, onun geniş müzakirə edilməsi, bəzi müddəaların layihədən çıxarılması göstərir ki, o xalqın siyasi iradəsini ifadə edir, demokratik norma və prinsiplərə əsaslanır. Qanun layihəsi ölkədə siyasi mühitin canlanmasına və çoxpartiyalılıq üçün əsasların genişləndirilməsinə, siyasi partiyalar arasında səmərəli, sağlam əməkdaşlığa, faydalı dialoqa xidmət edir və gələcəkdə ölkədə siyasi mühitin daha da sağlamlaşacağına inam yaradır”, deyə Tahir Rzayev bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə