Kəlbəcərin azad olunması güclü diplomatiyanın təntənəsidir ŞƏRH

Kəlbəcərin azad olunması güclü diplomatiyanın təntənəsidir ŞƏRH

Beynəlxalq hüquq normaları çərçivəsində Azərbaycan Respublikasının öz ərazi bütövlüyünü bərpa etməsi 2020-ci ilin noyabrın 10-dan etibarən hərbi əməliyyatlardan Ermənistanın kapitulyasiyası mərhələsinə keçmişdir. İmzalanmış üçtərəfli bəyannamə 30 ilə yaxın həll olunması açıq qalan Qarabağ probleminin Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həll edilməsi yolunda hərbi-diplomatik qələbədir. Azərbaycan Vətən müharibəsinin 44 günü ərzində 4 rayonu, Şuşa və Qarabağdakı digər torpaqlarımızın mühüm hissəsini hərbi yolla işğaldan azad etmişdisə, noyabrın 20-də Ağdamı, noyabrın 25-də isə Kəlbəcər rayonunu siyasi yolla nəzarəti altına keçirdi. Kəlbəcər də Müzəffər Ali Baş Komandan İlham Əliyevin İkinci Qarabağ müharibəsində yürütdüyü hərbi-siyasi yolun davamı olaraq bir güllə atılmadan azad edildi və düşmən rayondan çıxmağa məcbur edildi. Bu, Azərbaycan Respublikasının döyüş meydanında olduğu kimi diplomatik danışıqlarda da qalib olmasının göstəricisidir.Kəlbəcərin azad olunması ilə Azərbaycan Respublikasi BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsini, ümumilikdə isə, bütün qətnamələrini faktiki olaraq hərbi-siyasi yolla yerinə yetirdi.

Kəlbəcər 1993-cü ilin aprel ayının 3-dən Ermənistan ordusunun işğalı altında idi. 1993-cü il mart ayının 23-dən aprel ayının 3-dək gedən gərgin döyüşlərdən sonra 60 min Kəlbəcər sakini təxliyə edilmişdi. Günahsız insanlar öz dədə-baba torpağından vəhşicəsinə qovulmuş, Kəlbəcərin tarixi abidələrinə, təbiətinə böyük ziyan vurulmuşdur. Kəlbəcərin azad olunması münasibəti ilə xalqa müraciətində cənab İlham Əliyev demişdir: “Kəlbəcər rayonunun işğal altına düşməsi böyük faciə idi. Hər bir rayonun işğal altına düşməsi böyük faciə idi. 1992-ci ilin may ayında Şuşa və Laçın rayonlarının işğal altına düşməsindən sonra Kəlbəcərin də işğal altına düşməsi Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi əlaqə yaratdı. Hər kəs yaxşı bilir ki, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan Respublikası ilə sərhədi yox idi. Ermənistanı Dağlıq Qarabağdan Laçın rayonu ayırırdı, Laçın dəhlizi ayırırdı. Laçın, Şuşa və ondan sonra Kəlbəcər rayonlarının işğal altına düşməsi böyük ərazidə Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratdı və düşmənin məqsədi məhz bundan ibarət idi.” Kəlbəcərin işğal altına düşməsindən sonra Ermənistanla Dağlıq Qarabağ arasında bir çox yollar vasitəsilə əlaqə yaradıldı, silahlar, texnikalar, canlı qüvvə göndərildi. Təsadüfi deyil ki, Ermənistanın sonrakı işğalçılıq siyasətinə də bu, böyük üstünlüklər təmin etmişdir.

Kəlbəcər ilk insan məskənləri ilə zəngin, orta əsr tarixi-mədəni irsini özündə qoruyub saxlayan bir incidir. Kəlbəcərdə alban dövrünə aid xeyli tarixi abidələr var. Bunlardan ən məşhuru Xudavəng məbəd kompleksidir. "Xudadəng" də adlandırılan abidə kompleksi VI–VII əsrlərdə alban knyazı tərəfindən tikilib, XV əsrdə isə bu abidə alban knyazlığının dini məbədi olub. Bu və digər alban abidələrinə iddia irəli sürən ermənilər bu ərazilərə gəlmə olduqlarını qəbul etmir, hər vəchlə alban kilsələrini, monastrlarını qriqoryanlaşdırmağa çalışırlar. Azərbaycan ərazilərinin Ermənistanın işğalı altında olduğu dövrdə ermənilər saysız-hesabsız saxtalaşdırma cinayəti həyata keçiriblər. Özlərinin bu torpaqların “qədim sakinləri” olduqlarını dünyaya “sübut etmək” üçün müxtəlif cinayətkarlıq üsullarından istifadə ediblər. Kəlbəcərdə ermənilərin “tarix” istehsal edən emalatxanaları aşkarlanıb. Həmin emalatxanalarda ermənilər özlərinə tarix “yaratmaq” fəaliyyəti ilə məşğul olublar. Antiazərbaycan cinayətlərin hər növünü yaşayıb Kəlbəcər rayonu. Səfalı, bərəkətli Kəlbəcər torpaqlarını tərk etmək istəməyən vandal ermənilər noyabrın 15-dən 25-dək bölgədə Azərbaycana qarşı ekoloji terror fəaliyyətləri həyata keçirmişdir. Ərazini tərk edən ermənilər evləri ilə yanaşı meşələri də yandırmışdır. Məğlubiyyətlə barışa bilməyən erməni terrorçuları bölgəyə saysız-hesabsız mina döşəməklə çirkin xislətini bütün dünyaya göstərdi.

Bütün neqativlərə baxmayaraq, Kəlbəcərin siyasi yolla azad edilməsi misilsiz qələbədir. Bu, minlərlə igid əsgərimizin sağ qalmasıdır. Bu, müharibəsiz nəticə deməkdir. Bu, diplomatiyanın qələbəsi deməkdir. Bu, 50 milyonluq azərbaycanlıların sevincidir.

Leyla Hüseynova

YAP Yasamal rayon AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu üzrə

ərazi partiya təşkilatının sədr müavini

Bütün xəbərlər Facebook səhifəmizdə