"KTMT-nin Yerevan sammiti Paşinyanın yaltaq və riyakar mahiyyətini ortaya qoydu" AÇIQLAMA

“Bu ilin sentyabr və oktyabr aylarında KTMT-nin onlayn formatda növbədənkənar iclaslarını çağıran və bu hərbi ittifaqı Azərbaycana qarşı qoymaq istəyən, heç olmasa onun müəyyən yardımını “qoparmaq” istəyən N.Paşinyan heç nəyə nail ola bilmədi. Bu istiqamətdə növbəti addım N.Paşinyanın KTMT-yə sədrliyinin son günündə Yerevanda-Təşkilatın növbəti iclasında atıldı və Putin-Paşinyan ittifaqı öz hədəfinə çata bilməyərək ağır şok yaşadı”. Bunu “Səs” qəzetinə açıqlamasında ANAP-ın sədri Abutalıb Səmədov bildirib.

Abutalıb Səmədov qeyd edib ki, hər şeydən əvvəl qonaqların qarşılanma mərasimində yol verilən ayrı-seçkilik Ermənistan hakimiyyətinin yaltaq və riyakar mahiyyətini ortaya qoydu: “Rusiya prezidentinin 2019-cu ildə baş tutan səfəri zamanı V.Putini hava limanında qarşılamayan N.Paşinyan bu davranışının nəticələrini tezliklə hiss etdi və həmin səfərdən keçən 3 il ərzində dəfələrlə Rusiya lideri tərəfindən aşağılandı. İkinci Qarabağ müharibəsində Ermənistanın Rusiyadan istədiyi köməyi ala bilməməsinin əsas səbəblərindən birinin baş nazirin bu addımının olduğu erməni siyasətçiləri tərəfindən dəfələrlə irəli sürüldü və kəskin şəkildə tənqid olundu. Görünür, bu dəfə məqsədinə nail olmaq üçün işini ehtiyatlı tutan N.Paşinyan V.Putini təyyarədən enən kimi şəxsən salamladı və sammitin keçirildiyi otelə Rusiya prezidentinin maşınında onunla birgə getdi. Digər dövlət başçıları üçün fərqli protokol tətbiq olundu və bu “qonaqpərvərliyin” onları hiddətləndirməməsi mümkün deyildi. Nəticədə, təşkilati məsələlərlə əlaqədar xeyli əhəmiyyətsiz sənəd imzalansa da, sammitin əsas sənədləri- Bəyannamə və Ermənistana yardım barədə birgə tədbirlər haqqında-imzalanmadı. Rusiya KTMT-nin nüfuzunu qorumaq üçün müttəfiqlərini nə qədər dilə tutsa da, heç nəyə nail ola bilmədi. Nəticəsiz yekunlaşan bu sammit Azərbaycanın nüfuzunun və gücünün hansı səviyyədə olduğunu bir daha hamıya nümayiş etdirdi”.

A.Səmədov onu da bildirib ki, Rusiya və Ermənistan Soçi görüşündən sonra daha bir diplomatik uğursuzluğu bu dəfə Ermənistan paytaxtında yaşadı: “Son dövrlər reallıq hissini itirən bu iki dövlət aldıqları növbəti “dərs”dən zəruri nəticə çıxaracaqlarmı? Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasında vasitəçiliyi nəyin bahasına olursa-olsun əldən vermək istəməyən Rusiya tutduğu yanlış yoldan çəkiləcəkmi? Rusiyanın vasitəçiliyini dəstəklədiyini açıq şəkildə bəyan edən, bu davranışı ilə ABŞ və müttəfiqlərini hiddətləndirən N.Paşinyan Ermənistanı növbəti fəlakətə sürüklədiyini anlayacaqmı? Nəhayət, sammit ərəfəsində onunla telefonla danışan və baş nazirə çox ciddi “qulaqburması” verən ABŞ Dövlət katibinin bu xəbərdarlığı öz nəticəsini verəcəkmi? Bütün bu sualların cavabı yaxın aylarda veriləcək. İlin sonuna qədər bizi diplomatiya cəbhəsində ciddi işlər, sınaqlar gözləyir. Bu ağır mübarizədən qalib çıxmaq üçün ölkəmizdə mövcud olan sabitliyi və birliyi qorumalı və ölkə rəhbərliyinin yanında olaraq ona hər cür dəstəyi verməliyik”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə