30 ildə böyük inkişaf yolu keçilib

Yeni Azərbaycan Partiyası ötən 30 ildə böyük inkişaf yolu keçib. Partiyamızın Sədri, Azərbaycan Prezidenti İlham Əliyev YAP-ın yaranmasının 30 illiyinə həsr olunmuş mərasimdə keçilən tarixi yola nəzər saldı, ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyası və müstəqil dövlətimizin inkişafı haqqında ətraflı fikirlərini bildirdi. Cənab Prezidentin qeyd etdiyi kimi, “partiyamızın yaranması tarixi hadisə idi. O vaxt gənc Azərbaycan Respublikası çətin günlər yaşayırdı. Müstəqilliyimizin cəmi bir yaşı var idi və müstəqilliyimizin birinci ili çox ağır keçmişdir, bəzi hallarda xalqımız böyük faciələrlə üzləşmişdir”. Otuz ildə böyük inkişaf yolu keçən Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət, o dövrdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. YAP, nəinki Azərbaycanın, həmçinin Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir.

1990-cı illərin əvvəlində cəmiyyətimizn sağlam qüvvələri, xüsusilə ziyalılar Azərbaycanı üzləşdiyi dərin böhrandan xilas yolu kimi ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə siyasi partiyanın yaradılması və seçkilər yolu ilə hakimiyyətə gəlməsində görürdü. 21 noyabr 1992-ci ildə Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının yaradılması ilə bu niyyət reallığa çevrildi. Ümummilli lider Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasını tarixi zərurət kimi qiymətləndirərək söyləyirdi: "Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içindən çıxmış zərurətdir. Azərbaycanda yaranan partiyaların bir çoxu ayrı-ayrı şəxslərin, siyasi fəaliyyətə başlayan şəxslərin şəxsi təşəbbüskarlığı ilə yaranan partiyalardır. Ancaq Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq istəyən, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan, hərənin öz tərəfindən hərəkət etməsi nəticəsində, ağır şəraitdə, böyük təqiblər şəraitində yaranmışdır”.

Prezident İlham Əliyev mərasimdəki çıxışında bütün bunlar haqqında fikirlərini ətraflı şəkildə ifadə etdi. partiyamızın Sədri məhz Ulu Öndərin hakimiyyət qayıdışı ilə ölkəmizin bütün çətinliklərdən xilas olduğunu diqqətə çatdırdı: “Ölkə qarşısında çox ciddi, böyük problemlər var idi. Məhz Heydər Əliyevin cəsarəti, zəkası, təcrübəsi, xalqın ona olan inamı və əlbəttə, Yeni Azərbaycan Partiyasının üzvlərinin fəaliyyəti, ictimai fəalların fəaliyyəti birlikdə bizə imkan verdi ki, bu çətin vəziyyətdən şərəflə çıxaq. Məhz Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizin strateji xəttini müəyyən edən əsas addımlar atılmışdır. İlk növbədə, Konstitusiya qəbul edilmişdir. Təsəvvür edin ki, Heydər Əliyev hakimiyyətə gələnə qədər Azərbaycan artıq müstəqil dövlət idi, amma bizim Konstitusiyamız yox idi. Konstitusiyanın qəbul edilməsi çox önəmli tarixi hadisədir. Dövlətçiliyin əsasları qoyulmuşdur, dövlət təsisatları düzgün zəmində formalaşmışdır. Biz beynəlxalq aləmdə bizə qarşı olan əsassız mövqeyə düzəlişlər edə bildik, tam aradan qaldırmadıq, çünki beynəlxalq müstəvidə bizə qarşı çox ciddi qüvvələr fəaliyyət göstərirdi. Amma hər halda biz beynəlxalq təcridi, o cümlədən informasiya blokadasını yara bildik, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdıra bildik”.

Ən vacib məqamlardan biri də iqtisadi müstəqilliyə nail olmaq idi ki, Ümummilli Liderimiz Heydər Əliyev və onun layiqli davamçısı Prezident İlham Əliyev buna nail oldu. Davamılı olaraq iqtisadi islahatlar keçirilidi, əlverişli biznes mühütü yaradıldı, sahibkarlar üçün geniş imkanlar açıldı, sosial-iqtisadi inkişafa dair uğurlu dövlət proqramları icra edildi. Bu və digər amillər sayəsində ölkənin iqtisadi qüdrəti artmağa başladı, bütün bu illər ərzində iqtisadiyyatımız yalnız inkişaf etdi, ildən-ilə gücləndi.

30 illik dövrün ən yüksək zirvəsi 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın işğaldan azad edilməsidir. Azərbaycan xalqı vahid birlik və həmrəylik nümayiş etdirdi. Eyni zamanda, ölkəmizdə formalaşan yeni siyasi konfiqurasiya nəticəsində siyasi münasibətlər və dialoq mühiti inkişaf edib. Vətən müharibəsində də siaysi partiyaların vahid mövqedən çıxış etməsi bunun nümunəsi oldu. Bu birlik sayəsində möhtəşəm qələbə qazandıq, qalib xalq və qalib dövlət kimi dünyada tanındıq. Partiyamız bundan sonra da qələbələr partiyası öz statusunu qoruyacaq!

Abbas Əliyev

Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə